• Sal. Eyl 27th, 2022

Akademik Arif Həşimov: “Azərbaycan alimləri Böyük Qayıdış və Böyük Dirçəlişə öz töhfələrini verməkdədirlər”

Bydendrologiya.az

Eyl 23, 2022

Bu fikirləri AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov Akademiyada keçirilən “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı səsləndirib.

Akademik Arif Həşimov müstəqil dövlətçiliyimizin, ərazi bütövlüyümüzün, milli mənliyimizin xilası olan 44 günlük müharibənin Azərbaycan dövlətinin və xalqının əbədi qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldığını bildirib.

AMEA rəhbəri öz revanşist xəyallarından bu gün də əl çəkməyən məkrli düşmənin hər zaman öz layiqli cavabını aldığını, Ulu Öndərin siyasi, iqtisadi və hərbi siyasətini uğurla davam və inkişaf etdirən Azərbaycan dövlətinin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqımızın vahid amal uğrunda dəmir yumruq kimi birləşməsi sayəsində düşmənə bütün cəbhələrdə sarsıdıcı zərbələr endirildiyini diqqətə çatdırıb.

Alimin sözlərinə görə, bu gün Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri nəhəng tikinti meydanını xatırladır. Bu ərazilərin bərpası, kommunikasiya xətlərinin çəkilişi, ağıllı kənd və şəhərlərin tikintisi, “yaşıl” iqtisadiyyat prinsipləri ilə müxtəlif təsərrüfat sahələrinin təşəkkülü sürətlə davam və inkişaf edir: “Sevindirici haldır ki, Azərbaycan alimləri, elmi kollektivlər də Böyük Qayıdış və Böyük Dirçəlişə öz töhfələrini verməkdədirlər. Bu gün 30 illik fasilədən sonra Qarabağın yeraltı və yerüstü, canlı və cansız, təbii və mədəni sərvətləri, mövcud bioloji və ekoloji durumu, gələcək inkişaf perspektivləri ciddi multidissiplinar tədqiqatların mövzusudur”.

Akademik Arif Həşimov bildirib ki, artıq region üzrə bioloji, ekoloji və radioloji monitorinqlər ardıcıl xarakter daşıyır, Ermənistanın Qarabağda törətdiyi ekoloji terrorun miqyası qiymətləndirilir, regionun aqroiqlim şəraitinə uyğun bitki sortları yaradılır və onların toxumçuluğu təşkil olunur. O, Akademiyada Qarabağda tədqiqatların bərpası və gücləndirilməsi ilə bağlı bir sıra qərarların qəbul edildiyini və bir neə mühüm elmi tədbirlərin keçirildiyini xatırladıb. Alim bunların sırasında Biologiya və Tibb Elmləri Bölməsinin səyləri ilə 20-21 may 2021-ci il tarixlərində reallaşdırılmış “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda konfransı, Bakıda və regionda keçirilmiş bir neçə seminarı, tədqiqatlardan alınan nəticələr əsasında AMEA-nın “Həyat elmləri və biotibb” jurnalının xüsusi nömrəsinin nəşrini qeyd edib.

“Hazırda ölkəmizdə elmi fəaliyyətin səmərəliliyini artırmağa imkan verən böyük islahatlar və yenidəntəşkil işləri aparılır və dərinləşdirilir”, – deyən AMEA rəhbəri bununla əlaqədar ölkə Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərman sayəsində bütövlükdə Azərbaycanın elm və təhsilinin yeni inkişaf yoluna qədəm qoyduğunu vurğulayıb. O, aparılan islahatların Qarabağın tədqiqi sahəsində də ən qısa zamanda ciddi uğurlara nail olmağa imkan verəcəyinə əminliyini ifadə edib.

Akademik Arif Həşimov çıxışının sonunda konfransın Rəyasət Heyətinin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsinə dair AMEA-nın tədbirlər planı haqqında” 2 fevral 2022-ci il tarixli qərarı əsasında keçirildiyini xatırladıb, tədbirin elmi ictimaiyyətdə böyük maraq doğuracağına, yeni dövr üçün məqsədlərin seçilməsinə, planların həyata keçirilməsinə kömək edəcəyinə inamını bildirib.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir