• Pts. May 29th, 2023

Caragana decorticans Hemsl. növünün Azərbaycan şəraitində introduksiyası və yaşıllaşdırmada istifadəsi

Bydendrologiya.az

Eyl 21, 2022

Dendrologiya İnstitunun elmi əməkdaşları tərəfindən Caragana decorticans Hemsl. növünün Azərbaycan şəraitində introduksiyası və yaşıllaşdırmada istifadəsinin tədqiqatı aparılıb.
Caragana decorticans Hemsl. növünün Azərbaycanda Abşeron yarımadasında yerləşən Dendrologiya İnstitutunda introduksiyası sahəsində aparılan tədqiqatlar analiz edilmişdir. Həmin növün introduksiyasının effektiv yolları, onların nəticələrinin tətbiqinin praktik istiqamətləri göstərilmişdir. Müəyyən edilmişdir ki, Caragana decorticans Hemsl. növünün toxumu Abşeronun quru subtropik iqlim şəraitində yaxşı çıxış verməklə 85%-ə qədər cücərmə qabiliyyətinə malik olur. Bu da bizə belə fikir irəli sürməyə əsas verir ki, Caragana decorticans Hemsl bitki növünün introduksiyası Abşeronun quru subtropik iqlim şəraitinə uyğundur. Bu bitkilərin yaşıllaşdırmada istifadəsi məqsədəuyğundur.
Son illərdə Abşeronun bağ və parklarında aborigen (yerli) növlər üzərində dominantlıq edən çoxlu ağac kol bitkilərinin müxtəlif növləri introduksiya edilmişdir. Bu onunla izah olunur ki, indiki urbanizasiya mühitində introduksiya olunmuş növlər bir çox aborigen növlərə nisbətən daha davamlı, uzunömürlü olurlar. Onu da qeyd etmək lazımdır ki, introduksiya olunmuş bitkilərin növ tərkibi çox müxtəlif olmaqla yanaşı, onlar ayrı-ayrı botaniki fəsilələrə, cinslərə daxildir, bəziləri isə nadir bitkilərdir və onların bioekoloji xüsusiyyətləri zəif öyrənilmişdir.
Tədqiqatın məqsədi: AMEA-nın Dendrologiya İnstitutunda perspektivli bəzək bitikilərinin davamlı bazasının yaradılması üçün Caragana decorticans Hemsl. növünün Azərbaycan şəraitində ilkin introduksiyası sahəsində tədqiqat işi aparılmışdır. Həmçinin həmin öyrənilmiş növün toxumla çoxadılmasının perspektivliliyi, yaşıllaşdırmada istifadəsi haqqında bir sıra praktik tövsiyələr verilmişdir.
Tədqiqat materialının toxumları 2021-ci ildə mübadilə yolu ilə İspaniyadan gətirilmişdir. Bu toxumlar AMEA-nın Dendrologiya İnstitutunun “Ağac-kolların introduksiyası və iqlimləşdirilməsi” laboratoriyasının istixanasında yaz mövsümündə əkilmişdir. Tədqiqat sahəsi olaraq, Xəzər dənizinin qərb hissəsində Abşeron yarımadasında yerləşən Dendrologiya İnstitutu seçilmişdir. Abşeron yarımadası üçün yarımsəhra və quru bozqırların mülayim isti iqlimi səciyyəvidir. Havanın orta temperaturu qışda 13,5-13,7⁰C ,iyul ayının orta temperaturu 24,6-25,8⁰C olaraq,bəzən maksimal temperatur 40-42⁰C-yə çatır.
Yanvar ayının orta temperaturu 2⁰C dən 3-3,5⁰C -dək olur. İllik yağıntıların miqdarı 150-310 mm arasında dəyişir. Abşeron yarımadasında il ərzində güclü küləklərin sayı əsasən 139 -142-yə çatır. Abşeron yarımadasının şərqində qrunt suları çox vaxt torpaq səthinə yaxın yerləşir və onun minerallaşma dərəcəsi müxtəlifdir. Abşeronun iqlim şəraiti quru subtropikdir.
Tədqiqat zamanı Caragana decorticans Hemsl. növünün qapalı şəraitdə toxumla çoxaldılması V.İ.Nekrasov, toxumun keyfiyyəti İ.K.Firsov, cücərtilərin morfologiyasının öyrənilməsi İ.T.Vasilçenko metoduna əsasən aparılmışdır.
Caragana decorticans Hemsl. Fabaseae fəsiləsinə aid olub Caragana L. cinsinə daxildir. Caragana L. cinsinə 70 -ə yaxın növ daxildir. Onlar Sibirdə, Orta Asiyada ,Uzaq Şərqdə, Qazaxıstanda ,Monqolustanda yayılmışdır.
Caragana L. cinsinə daxil olan bitkilər kol və ya ağacdır. Caragana decorticans Hemsl. hündürlüyü 7- m-ə qədər olan kol bitkisidir, onun gövdəsinin qabığı hamar yaşılımtıl bozdur. Yarpağın uzunluğu 10 sm-ə qədər olub 4-7 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqlar cüt lələkvaridir, bəzən tikana çevrimiş yarpaqatlığına malikdir.
Çiçəklər sarı rəngdə olub,süpürgə çiçək qrupuna yığılmışdır, ətirlidir. Mayın sonunda çiçəkləmə fazası başlayır və iki həftəyə qədər davam edir.
Meyvələri qonur silindrik formalı paxladır. Tərəfimizdən toxumların cücərməsinə toxumun saxlanılma şəraitinin təsiri elmi əsaslarla öyrənilmişdir. Toxumlar kağız paketlərə yığılaraq aşağı temperaturda 3-5 ⁰C- saxlanılmışdır. Toxumlar 1-2 gün suda saxlanıldıqdan sonra xüsusi hazırlanmış substrata (meşə torpağı, perlit,adi torpaq 1:1:1 nisbətində) əkilmişdir. Toxumların cücərmə qabiliyyəti təyin edilmişdir.
Caragana decorticans Hemsl. növünün toxumları səpildikdən 7-8 gündən sonra ilk cücərtilər müşahidə olundu. İlk cücərtilər 0,3 mm ölçüsündə olmuşdur. Cücərmə zamanı rüşeym qabığı torpaq səthinə qalxır və ləpəyarpaqları çıxır. Ləpəyarpaqları kiçik, uzunsov tünd yaşıldır. Cücərtilər mil kökcüyü, iki ləpəyarpaqları, hipoktil,epikotil hissələrdən ibarətdir. Ləpəyarpaqlarının uzunluğu 2 sm, eni 1,6 sm-dir. 13 gündən sonra həqiqi yarpaqları görünməyə başlayır. Caragana decorticans Hemsl. növünün ilk cücərtilərinin inkişaf dinamikası təyin edilmişdir.
Məlum oldu ki, tədqiq olunan Caragana decorticans Hemsl. növünün toxumları yaxşı çıxış verməklə yüksək cücərmə qabiliyyəti göstərmişdir. Tədqiq olunana növün introduksiyası Abşeronun quru subtropik iqlim şəraitinə uyğundur və Caragana decorticans Hemsl. növünün yaşıllaşdırmada geniş istifadəsi məqsədə uyğundur.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir