• Sal. Eyl 27th, 2022

Adi mərsinin (Myrtus communis L) Abşeronda introduksiyasi, bioloji xüsusiyyətləri,kök sisteminin öyrənilməsi və efiryağlılığı

Bydendrologiya.az

Eyl 20, 2022
İnstitutun kolleksiya sahəsində Mərsinkimilər fəsiləsinə, Mərsin cinsinə (Myrtus L.) daxil olan Adi mərsin(Myrtus communis L.)1960-cı ildə introduksiya edilmişdir,300 növü özündə birləşdirir. Mərsin bir çox bitkilərin üstünluk təşkil etdiyi Aralıq dənizi ölkələrində mədəni surətdə becərilir. Roma legionerləri, İngiltərəyə qədər bütün fəth edilən ölkələrdə, vətəni xatırlatmaq üçün, mərsini tanıtmağa çalışdılar. İngiltərəyə XVI əsrin ikinci yarısında apelsin ağacı ilə birlikdə gətirilmlşdir.Mərsin agacı müqəddəs kitab Bibliyada dəfələrlə xatırlanır. Qədim yəhudilərdə mərsin sülh və ədalət rəmzi idi. Bu günə qədər də yəhudilərin bayramlarda (Sukkot) istifadə etdiyi dörd müqəddəs bitkidən biridir. Xristianlarda mərsin Məryəm adı ilə əlaqəlidir. Bütün dinlərdə sevgi, gözəllik, sülh, saflıq və ümid rəmzi kimi ifadə edilir.Təbii halda Avstraliyada, Cənubi Amerikada, Avropanın cənub hissəsində və Asiyada yayılmışdır.
Azərbaycanın flora biomüxtəlifliyində və Abşeronda introduksiya olunmuş
növlərin botaniki təhlili, bioekoloji xüsusiyyətləri, müqayisəli şəkildə öyrənilməsi, yeni tədqiq sahələrinin müəyyən edilməsi məqsədyönlüdür. Bu sahədə AMEA-nın Dendrologiya İnstitutunda Aralıq dənizi sahillərindən, Avstraliya florasından gətirilmiş ağac və kol bitkiləri üzərində elmi-tədqiqat işləri aparılır. Onu da qeyd etmək lazimdir ki, Avstraliyanın bitki aləmi çox müxtəlif olub, on iki min ali bitki növündən formalaşmışdır. Onların 9 mini endemik olub, ancaq Avstaliya kontinentinə mənsubdur
Azərbaycanın zəngin və rəngarəng bitki örtüyündə 800 –dən çox efiryağlı dərman bitkiləri formalaşmışdır. Onların əksəriyyəti faydalı və xalq təsərrüfatının
müxtəlif sahələrində geniş istifadə olunan bitkilərdir. Azərbaycan florasına dər-man, efiryağlı, ümumiyyətlə bioloji maddələrlə zəngin bitkilər mənbəyi kimi baxmaq olar.Xaricdən gətirilən dərman preparatlarının yerli fitopreparatlarla əvəz edilməsi xalq təsərrüfatının müxtəlif sahələrində efir yaglı dərman bitkilərindən daha çox istifadə olunması-bu qrup bitkilərin introduksiya edilərək öyrənilməsini tələb edir.
Abşeronun ekoloji vəziyyətinin introduksiya üçün münasibliyi – hamıya məlumdur. Digər tərəfdən təbii şəraitdə bitən ağac- kol bitkilərinin kifayət qədər öyrənilməməsi və burada efiryağlı, dərman əhəmiyyətli bitkilərin introduksiyası,
onlardan alınan bioloji fəal maddələri əldə etməklə xalq təsərrüfatının müxtəlif sahələrində istifadə olunması istiqamətində tədqiqatların aparılması respublika üçün böyük əhəmiyyət kəsb edir.
Myrtus communis L. (Myrtaceae R. Br.)-Hündürlüyü 3 m-ə qədər, sıx və kürə formalı tacı olan həmişəyaşıl koldur. Yarpaqları yumurtavari, uzunsov, uclu, hamar, 4,5sm uzunluğunda, 2sm enində tünd yaşıl rənglidir. Çiçəklər ətirli, ağ, qısa çiçək saplağında tək-tək düzülmüşdür. Meyvəsi çox saylı tünd göy və ağ rəngdədir, 0,9mm enində, 1,1sm uzunluğunda, tünd-göy və açıq-yaşıl(ağ meyvəli) giləmeyvədir, oktyabr ayında yetişir. Təbii halda Aralıq dənizi ölkələrində yayılmışdır. Mayın ikinci yarısından iyunun sonuna qədər bol çiçək açır. Meyvələr oktyabr ayında yetişir Adi mərsin gözəl dekorativ bitkidir. Onun özünəməxsus gözəl ətri və böyük fitonsid aktivliyi vardır.
Şəhərin yaşıllaşdırılmasında istifadə edilən bitkilər içərisində bu növ xüsusi yer tutur. Bu növün geniş istifadəsi üçün kök sisteminin inkişaf xüsusiyyətlərini öyrənmək vacib məsələlərdən biridir. Buna gorə də tədqiqat dövründə adi mərsinin toxumunun yığılması, səpilməsi, səpin vaxtının müəyyən edilməsi, cücərməsi və cücərtinin bir,iki və üçillik yaş dövrü ərzində kök sisteminin inkişaf xüsusiyyətləri tədqiq edilmişdir.
Mərsin toxumları payızda(noyabr) və yazda (mart) səpilmişdir. Birinci variantdakı toxumlardan, martın əvvəllərində ilk, aprelin ortalarında kütləvi cucərti alınmışdır.İkinci variantda səpilən toxumlardan aprelin əvvəllərində ilk,birinci ongünlüyündə isə kütləvi cücərti alınmışdır.Toxumların cücərməsi uyğun olaraq qırx gün davam etmişdir.Buna görə də mərsin toxumlarının yazda səpilməsi və qısa müddət ərzində kütləvi cücərti alınması məqsədə uyğundur. Toxumların cücərməsi 52-65% təşkil etmişdir.Müəyyən edilmişdir ki, toxumların cücərməsi üçün ən əlverişli temperatur 20-25°C olmalıdır, rütubətin azlığı və ya həddindən artıq çox olması cücərtilərin məhvinə səbəb olur.Toxumların cücərməsi üçün həddindən çox günəş şüasının olması da vacib deyildir.
Mərsin toxumla və qələmlə çoxaldılır. Yaz əkini yaxşı nəticə verir (mart-aprel). Fidanlar 20-23 gündə görünür. Cücərmə 70-74% təşkil edir. İlk vegetasiya mövsümünün sonunda bitkinin hündürlüyü 35-42 sm-ə çatır. Mərsinin qələmlə çoxaldılması isə fevral-mart aylarında aparılır.
Qələmlə çoxaldılmada isə birillik zoğlardan hazırlanmış çilinglərlə çoxaldılır. Çiliklər zoğun aşağı yarpaqlarının yerləşdiyi tumurcuqdan aşağı olmaqla kəsilir. Çilik üzərindəki yarpaqlar (yuxarıdakılardan başqa) əsasından kəsilir. Yuxarıdakı yarpaqlar isə yarıdan kəsilib qısaldılır. Çilik hazırlamağın və əkməyin ən yaxşı vaxtı iyulun axırı, avqustun əvvəli budaqların yay böyüməsinin başa çatdığı vaxt hesab olunur. Çilikləri vegetasiyanın sonunda da (noyabrın axırında) hazırlamaq olar. Çilikləri istixanaya və ya parnikə 7-8 sm dərinlikdə 10 x 5 sm qida sahəsi verməklə basdırılır.Torpağın hazırlanması 60-70 sm dərinlikdə plantaj şumunun aparılmasından başlayır. Plantaj şumu altına 40-50 ton peyin, 500- 600 kq superfosfat, 200-300 kq kalium gübrələri verilir.
Mərsinin yarpaqlarında, meyvələrində və cavan budaqlarında spesifik ətir və yüksək antibakterial aktivliyə malik olan efir yağları vardır. Təzə mərsin yarpaqlarından Qinzberq üsulu ilə 0,35% məhsuldarlıqla aşağıdakı fiziki-kimyəvi sabitlərə malik efir yağı alınmışdır: D20 0,8962; (nD) 1.4650, c.h. 1.48. Mərsindən alınan efir yağı rəngsiz və ya yaşılımtıl-sarı rəngli maye olub, xoşagələn təravətli iyə və yandırıcı dada malikdir. QZX üsulu ilə müəyyən etdik ki, tərkibi əsasən monoterpen karbohidrogenlərdən ibarətdir. Aşağıdakı komponentlər müəyyən edilmişdir: α-pinen (27,2%), kamfen (0,6), β-pinen (1,7), limonen (6,4%), 1,8-cineole (26,4%), qeraniol, nerol, kamfora, aldehidlər və c. Vardır. Eyni zamanda yarpaqlarında qətranlar, aşı maddələri, zülallar, acı maddələr vardır.
Xalq təbabətində meyvələri, yarpaqları və cavan budaqları istifadə olunur. Yarpaqlarından hazırlanmış məlhəm (maz), toz (ovuntu), həlim, yaralarda, çibanlarda, yanıqlarda, gözdəki və qulaqdakı irinli yaralarda, vərəmdə, xroniki bronxitdə, qanlı ishalda (dizenteriya), qanazlığı və bir çox başqa xəstəliklərdə istifadə edilir. Yarpaqdan alınmış şirə (cövhər) sümük qırıqlarında bitişməni sürətləndirmək üçün, meyvəsində alınan cövhər isə kəpək əleyhinə vasitə kimi tətbiq edilir.
Dendrologiya İnstitutu “Ağac və kolların introduksiyası və iqlimləşdirilməsi” laboratoriyasının böyük elmi işçisi İradə Məmmədova

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir