Sən sağ olasan, Vətən! Qoynunda boy atan gənclər sənin müqəddəsliyin uğrunda gözünü qırpmadan canını fəda edir. Müharibədə döyüş də var, şəhidlik də var. Savaşda xüsusi təyinatlıların zərbəsi də var, şəhidliyin behiştə gedən yolunu ehtiva edən xüsusi təyinatı da var. Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adı ölüm deyil, VƏTƏN, TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik – verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Şəhidlik müqəddəs məqsəd üçün həyatını verməkdir. Bizim üçün din, vətən, torpaq, şərəf kimi anlayışlar müqəddəsdir və bu müqəddəs dəyərlərimizə hər hansı səbəblə zərər verəcək , dil uzadacaq kimsələrə heç çəkinmədən müharibə edər, lazım gələrsə canımızı verərik.
Bax, şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır.,
…Azərbaycanlıyam. Necə də qürurlu səslənir bu söz. Bu hissi yaşayan hər kəs xoşbəxtdir. Xoşbəxtdir ki, doğma yurdu, müstəqil dövləti var. Bizə oğul deyən Vətənimiz, uğrunda canımızı sevə-sevə qurban verəcəyimiz müqəddəs torpaqlarımız var. Daim fəxr ediləcək keçmişimiz, çiçəklənən bu günümüz, parlaq gələcəyimiz var. Vətənimiz də xoşbəxtdir ki, ona ürəkdən bağlı xalqı var. Onu yağılardan qoruyan güclü ordusu var.
Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid verməyən xalqın mənliyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır.
Onların ömür yolu gənclərimizə nümunədir. Uşaqdan-qocaya hər bir vətəndaşımız şəhidlərimizi daim böyük ehtiramla anır, onların qəhrəmanlığını örnək bilir.
Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar.
Müasir dövrdə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz zəngin maddi-texniki bazaya, ən yeni silahlara malikdir. Lakin ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin sənin qorxmaz, mərd, cəsur əsgərlərin yoxdursa, məğlub olarsan. “Öncə Vətəndir!” deyən oğullardır bizi yenilməz edən. Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidi!..
Elə bu sevgi yolunda torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçərək hər birimizə sonsuz qürur və fərəh hissləri yaşadan qəhrəman övladlarımızın əziz və unudulmaz xatirəsi qədirbilən millətimiz tərəfindən hər zaman dərin ehtiramla yad edirik.
Allah Şəhidlərimizə rəhmət eləsin !
AMEA Dendrologiya İnstitutu
İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri,
HİK-sədri Tünzalə Zeyvəliyeva