• Sal. Eyl 27th, 2022

“Qırmızı kitab”ın III nəşri ilə bağlı Şuşa və Füzulinin ətraf ərazilərində tədqiqatlar aparılıb

Bydendrologiya.az

Eyl 16, 2022

Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva, Etnobotanika laboratoriyasının aparıcı elmi işçiləri – b.ü.f.d., dosent Elman Yusifov və b.ü.f.d. Nuri Mövsümovanın iştirakı ilə Şuşa və Füzuli rayonunun ətraf ərazilərində ilkin botaniki ekspedisiya həyata keçirilib.

Ekspedisiyanın məqsədi 30 ilə yaxın müddətdə erməni işğalı altında qalmış Şuşa və ətraf ərazilərin bioloji müxtəlifliyi, o cümlədən bitki örtüyünə işğalçılar tərəfindən vurulan zərərin qiymətləndirilməsi, mövcud floristik vəziyyətin monitorinqi, həmçinin Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinə salınması nəzərdə tutulmuş növlərin axtarışı, arealının və limit faktorlarının müəyyənləşdirilməsi, populyasiyalar daxili fərdlərin inkişaf tendensiyalarının izlənilməsi olub.

Ekspedisiya müddətində Şuşa şəhəri ətrafı, Cıdır düzü, Daşalatı və Topxana meşə əraziləri ANAMA əməkdaşlarının iştirakı ilə təftiş olunub. Ərazidə meşə bitkiliyi, meşə ətrafı çəmən bitkiliyi, qaya bitkiliyi tədqiq edilib. Regionun alçaq dağlıq və dağətəyi sahələrində vaxtı ilə işğalçılar tərəfindən dağıdılan meşələrin yerində çəmənlərin və kserofit kolluqların inkişafı müşahidə edilib. Tədqiq olunan ərazilərdən toplanılmış bitki nümunələrinin GPS məlumatları qeydə alınıb və yerindəcə herbariləşdirilib. Ərazidən vaxtı ilə toplanmış və indiyədək Botanika İnstitutunun herbari fondunda saxlanılan geofit bitkilərin (Daşaltı, İsa bulağı ətrafı – Ophrys caucasica Woronow ex Grossh, Gagea glacialis C.Koch., Tulipa karabachensis Grossh.; Limodorum abortivum (L.) Sw, Galanthus caucasica (Baker) Grossh., Quruçay, Horadiz-Tulipa schmidtii Fomin., Crocus adami J.Gay., Scilla caucasica Miscz.) yerləşdiyi yerlər müəyyənləşdirilib.

Qeyd edək ki, hazırda işğaldan azad edilmiş torpaqlarda aqrar sahənin inkişafı ilə bağlı dövlət tərəfindən mühüm tədbirlər görülür.  Qısa müddət ərzində Şuşa rayonu və ətraf ərazilərdə kənd təsərrüfatının aparıcı sahələrindən olan taxıl sahələrinin, həmçinin meşə təsərrüfatının yenidən bərpası məqsədilə fındıq plantasiyalarının salınması təqdirə layiqdir

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir