• Cum. Mar 29th, 2024

Caraqana aurantiaca Koehno., Caraqana microphуlla Pall-Lam növlərinin introduksiyası,yaşıllaşdırmada istifadəsi

Bydendrologiya.az

Ağu 9, 2022

 Dendrologiya İnstitutunda introduksiyası sahəsində aparılan tədqiqatlar Caraqana aurantiaca Koehno.,Caraqana microphуlla Pall-Lam növləri analiz edilmişdir.

Həmin növlərin introduksiyasının effektiv yolları, onların nəticələrinin tətbiqinin praktik istiqamətləri göstərilmişdir.Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Caraqana aurantiaca Koehno., Caraqana microphуlla Pall-Lam növlərinin skarifikasiya edilmiş toxumlarının cücərmə faizi skarifikasiya edilməmiş  toxumlara nisbətən yüksəkdir və 56.02 -69,09 % təşkil edir. Tədqiq edilən  bitki növlərinin toxumları Abşeronun quru subtropik iqlim şəraitində yaxşı çıxış verir. Bu da bizə belə fikir irəli sürməyə əsas verir ki, tədqiq olunan bitki növlərinin introduksiyası  Abşeronun quru subtropik iqlim şəraitinə uyğundur. Bu bitkilərin  yaşıllaşdırmada istifadəsi məqsədyönlüdür.

Dünya bitkiçiliyi ilk öncə yerli və introduksiya olunmuş növlərin birgə becərilməsi nəticəsində yaranmışdır. Daha çox  perspektiv kəsb edən növlərin introduksiyası hesabına dekorativ bağçilıq da meydana  gəlmişdir. Bunun nəticəsidə az vaxt ərzində yerli florada əsaslı dəyişikliklər baş vermişdir.Son  on ildə iri sənaye obyektləri, yaşayış binalarının tikilməsi ilə əlaqədar atmosfer havasının çirklənməsinin qarşısının alınması üçün yaşıllaşdırılmanın genişləndirilməsi daha çox aktuallıq kəsb edir. Həmçinin dekorativ, təsərrüfat əhəmiyyətli bitkilərin bioekoloji xüsusiyyətlərinin öyrənilməsi və təsərrüfata tədbiqinin müəyyənləşdirilməsi üçün onların çoxaldırılması üsullarının təyini vacib şərtlərdən biridir.

Bildiyimiz kimi ali bitkilərdə, o cümlədən ağac və kol bitkilərində ontogenez əsasən iki mərhələdən ibarətdir: 1-ci mərhələ kök sisteminin,gövdənin,yarpaqların, bütün digər veqetativ orqanların formalaşmasıdır. Bu zaman bitki bütün həyati funksiyaların- qidalanma, tənəffüs, fotosintezin  yerinə yetirilməsi üçün lazım olan prosesləri həyata keçirir. 2-ci mərhələ isə  generativ orqanların yaranması və nəticədə toxumun meydana gəlməsidir.Toxum bitkilərin həyatında mühüm əhəmiyyətə malik bir orqandır.Toxum bitkilərin təbiətdə genefondunun qorunub saxlanılması və həmin bitkilərin areallarının daha da genişləndirilməsi üçün bir vasitədir.

Tədqiqat işində tədqiq olunan bitkilərin  toxum yolu ilə çoxaldılması qarşıya qoyulan əsas bir məqsəddir.

Tədqiqat  materialının toxumları   2021-ci  ildə mübadilə yolu ilə Qırğızıstan Respublikasından  gətirilmişdir.  Bu toxumlar AMEA-nın Dendrologiya  İnstitutunun “Ağac-kolların introduksiyası və iqlimləşdirilməsi” laboratoriyasının tərcübə sahəsində açıq və qapalı şəraitdə, yaz və payız mövsümlərində əkilmişdir.

Tədqiqat sahəsi olaraq, Xəzər dənizinin qərb hissəsində Abşeron yarımadasında yerləşən Dendrologiya İnstitutu seçilmişdir.Tədqiqat dövründə məlum olmuşdur ki. Abşeron yarımadası üçün yarımsəhra və quru bozqırların mülayim isti iqlimi səciyyəvidir.Havanın orta temperaturu qışda 13,5-13,7⁰C ,iyul ayının orta temperaturu 24,6-25,8⁰C olaraq,bəzən maksimal temperatur 40-42⁰C-yə çatır.

Yanvar ayının orta  temperaturu 2⁰C dən 3-3,5⁰C -dək olur. İllik yağıntıların miqdarı 150-310 mm arasında dəyişir. Abşeron yarımadasında il ərzində güclü küləklərin sayı əsasən 139 -142-yə çatır. Abşeron yarımadasının şərqində qrunt suları çox vaxt torpaq səthinə yaxın yerləşir və onun  minerallaşma dərəcəsi müxtəlifdir. Abşeronnn iqlim şəraiti  quru subtropikdir.

Caraqana aurantiaca Koehno., Caraqana microphуlla Pall-Lam. Fabaceae fəsiləsinə, Caraqana  L.cinsinə daxildir.

Caraqana aurantiaca Koehno.2-7 m hündürlüyə malik olan ağac və ya koldur.Onun kök sistemi çoxlu miqdarda uzun və şaxələnmiş köklərdən ibarət olaraq torpağın dərin qatlarinda yerləşir.Yan köklərin üzərindəki yumrucuqlarda kökyumrucuq bakteriyaları yaşayır. Caraqana aurantiaca Koehno. növünün yarpaqları cüt lələkvari olub 5-8 cüt suprotiv yarpaqcıqlardan ibarətdir. Parlaq yaşıl yarpaqcıqların uzunluğu 5 sm olub, uzunsov tərs yumurtavaridir,yarpaq ayaları tam kənarlı və sıx tüklüdür. Çiçəkləri ikicinslidir,çiçək tacı sarı olub  salxım çiçək qrupuna yığılmışdır. Meyvəsi  paxladır,iyul-avqust aylarında yetişir. Bu bitki 3-5 yaşında çiçəkləyib meyvə verir.

Bitkinin təbii arealı Cənubi Ural, Sibir, Zaqafqaziya olub cayboyu  meşəliklərdə, qumsal-gillicə torpaqlarda təsadüf olunur. Adətən Caraqana aurantiaca Koehno. işıqsevən,quraqlığa davamlı, torpağa az tələbkardır.

Tərəfimizdən toxumların cücərməsinə müxtəlif əkin vaxtlarının və toxumların saxlanılması şəraitinin təsiri elmi əsaslarla öyrənilmişdir. Toxumlar kağız paketlərə yığılaraq aşağı temperaturda 3-5⁰C-də saxlanılmışdır.

Caraqana aurantiaca Koehno., Caraqana microphуlla Pall-Lam. növlərinin ilk cücərtilərinin inkişaf dinamikası təyin edilmişdir.

Caraqana aurantiaca Koehno., Caraqana microphуlla Pall-Lam.növlərinin toxumları ilin müxtəlif vaxtlarında səpilmişdir. Bir sıra ağac və kolların toxumları  növündən asılı olaraq  sükunət dövründən  sonra birinci ildə, bəzi növlər isə ikinci ildə cücərti verir.

Bunu nəzərə alaraq  toxumlar əvvəlcədən skarifikasiya edilərək, payız və yaz aylarında torpağa səpilir. Caraqana aurantiaca Koehno., Caraqana microphуlla Pall-Lam.növlərinin toxumlarının qabığı qalın olduğuna görə cücərmə prosesi ləng gedə bilər.

Skarifikasiya prossesinin toxumların cücərməsinə təsirini aşkar etmək məqsədilə bu bitkilərin toxumları müqayisəli şəkildə müxtəlif şəraitdə əkilmişdir. Belə ki, birinci variantda Caraqana aurantiaca Koehno., Caraqana microphуlla Pall-Lam.növlərinin toxumları skarifikasiya edilmədən  açıq və qapalı şəraitdə xüsusi substratda (torpaq,torf,qum qarışığı 1:1:1: nisbətində) əkilmişdir.

İkinci variantda isə bu bitkilərin toxumları skarifikasiya olunmuşdur. Bu məqsədlə su 80⁰C- yə qədər qızdırılır,tədqiq olunan toxumlar suyun içinə salınaraq, soyuyana qədər suda saxlanılır.Suyun səthində qalan toxumların cücərmə qabiliyyəti zəif olur.Qeyd etmək lazımdır ki, suyun səthində qalan toxumların yenidən skarifikasiya olunmasına ehtiyacı var. Suyun dibinə çökmüş,yəni cücərmə qabiliyyətinə malik olan toxumlar qabaqcadan içinə isladılmış ağac yonqarı tökülmüş petri fincanında yerləşdirilərək, digər petri fincanı ilə örtürülür və sonradan stolüstü lampanın altinda qoyularaq fasiləsiz işıqlandırılır.

Cücərtilər mil kökcükdən, iki ləpəyarpaqlarından, hipokotil, epikotil hissələrdən ibarətdir. Hipokotil hissə yaşılımtıldır, silindrikdir, 9-10 sm uzunluqdadır. Ləpəyarpaqları parlaq yaşıldır, oval olub uzunluğu  8-10 sm, eni isə 4-5 sm-ə  malikdir. 25 gündən sonra  həqiqi yarpaqlar görünməyə başlayır.

Cücərmə zamanı rüşeym qabığı torpaq səthinə qalxır və ilk assimilyasiya orqanı olan ləpəyarpaqları çıxır. Ləpəyarpaqları oval, kiçik, tünd yaşıldır. Üzərində tədqiqat aparılan bitkilərdə toxum səpiləndən 14-15 gün sonra ilk cücərtilər müşahidə olundu. Cücərtilərin boyu 0,2-0,3 sm olmuşdur.Cücərtilər əmələ gəldikdən sonra xüsusi hazırlanmış substrata (qum,adi torpaq,torf 1:1:1 nisbətində) əkildi.

Belə nəticəyə gəlmək olar ki, yüksək temperaturun təsiri altında skarifikasiya olunmuş toxumların qabığı zədələnir, asanlıqla rüşeymdən qoparaq cücərmə prosesinə mane olmur və toxumun cücərmə müddətini tezləşdirir.

Tədqiq olunan  Caraqana aurantiaca Koehno., Caraqana microphуlla Pall-Lam növlərinin.  introduksiyası üçün daha əlverişli prespektiv yaradan  toxumun skrifikasiya  edilməsi prosesi irəli sürülür. İki əsas məsələ nəzərdən keçirilmişdir:  Tədqiq olunan  növlərinin introduksiyası , Azərbaycanda Abşeronun quru subtropik  iqlim şəraitinə uyğundur. Bu növlərin yaşıllaşdırmada istifadəsi məqsədyönlüdür.

 

“Ağac-kolların introduksiyası və iqlimləşdirilməsi” laboratoriyasının laboratoriya müdiri Qafarova Mehriban