Dendrologiya İnstitutunun təcrübə sahəsində Lavanda bitkisinin çiçəkləri toplanmış, laboratoriya şəraitində standartlara uyğun şəkildə qurudulmuşdur. Tədqiq olunan Lavanda bitkisinin çiçəklərindən yağlar alınmışdır. Növün biomorfoloji xüsusiyyətləri araşdırılmışdır.
Lavandula Officinalis Chaux – Adi Lavandanın tərkibində efir yağı, aşı maddəsi, qətran və digər maddələr mövcuddur. Lavandadan alınan efir yağı bekterisid xassəyə malikdir. Ətriyyat, kosmetika sənayesində geniş istifadə olunur. Lavanda orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır, iltihab əleyhinə təsirinə görə sistit, uretritin müalicəsində istifadə edilir. Bolqarıstanda bitkinin çiçəklərindən sinir və həzm sistemi xəstəliklərində, Polşada isə dəmlənməsindən orta qulağın iltihabı (otit) zamanı istifadə edilir.
Revmatizm xəstəliyinin, taxikardiya və miqren tutmaları zamanı lavanda yağı spirtdə həll olunaraq qəbul edilir. Lavanda qrip xəstəliyi zamanı müsbət təsir göstərir, oyanıqlığı azaldır. İstənilən dəriyə müsbət təsir göstərir.
Lavanda növünün tərkibindəki bioloji aktiv maddələri aşkar etmək üçün yarpaq və gövdəsinin ekstraktı hazırlanmış, eyni zamanda alınan efir yağın komponent tərkibi “Kristal” M markalı qaz xromatoqrafiyasında öyrənilmişdir.
Lavanda (Lavandula) fəsiləsinə, Lavanda (Lavandula) cinsinə daxil olan çoxillik bitkidir. Bu bitkinin vətəni Aralıq dənizi sahilləri hesab olunur. Kök sistemi saçaqlı və odunlaşmışdır. Lavanda güclü kök sisteminə malik olub yerüstü hissəsi qollu-budaqlıdır. Hündürlüyü 40-60 sm olan əsas gövdədən çoxlu budaqlar ayrılır. Gövdə və ya zoğlar aşağı hissədən odunlaşmışdır. Aşağı budaqları yerə sərilir. Cavan zoğlardan yuxarıya doğru çiçək zoğları inkişaf edir. Onların təpə hissəsində sünbül çiçək qrupu yerləşir. Çiçəkləri ikicinslidir. Kasacığı boruşəkilli, çiçək tacı mavi, açıq bənövşəyi rəngli gözəl ətirlidir.
Sağlamlıq üçün lavandanın böyük əhəmiyyəti var. Bitkidən alınan efir yağları tibbdə bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Lavanda orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır. Lavanda yağını ekzema, yanıq, sədəf kimi dəri xəstəliklərində istifadəsi faydalıdır. Bundan başqa qaraciyərə çox faydalıdır. Qaraciyərin nizamlı işini təmin edir. Hepatit B və C viruslarının müalicəsində və qaraciyərin toksinlərdən təmizlənməsində də geniş istifadə olunur. Lavandanın efir yağı böyük bakterisid əhəmiyyətə malikdir. Qoxusuyla insana dinclik və rahatlıq verən lavanda çayı və yağı olduqca faydalıdır.
Lavandanın efir yağı təkcə tibb sahəsində deyil, kosmetologiya, aromaterapiya və ətriyyat sahəsində istifadə edilir. Bunlardan əlavə lavanda ətriyyat bitkisi kimi italyan, fransız və ispan kulinariyasında, xüsusilə ətli yeməklərin hazırlanmasında geniş tətbiq edilir.
Apardığımız elmi-tədqiqatlar nəticəsində Adi lavanda növünə Abşeron şəraitində aqrotexniki qulluq göstərildiyi zaman inkişafını normal keçirdiyi, becərilməsində xüsusi qayğıya ehtiyac olmadığı müəyyən olunmuşdur. Növün əsasən çiçəklərindən alınan efir yağının komponent tərkibi “Kristal” M markalı qaz xromotoqrafiyasında öyrənilmişdir. Araşdırmalar göstərir ki, Adi lavanda növündən alınan efir yağı tibbdə, kosmetologiya sahəsində, aromaterapiyada istifadə olunması böyük əhəmiyyət kəsb edir.
Dendrologiya İnstitutunun elmi əməkdaşı Cavid Abbasov