• Cum. Eyl 22nd, 2023

Həyat mənbəyi və oksigenlə bol meşələri qorunmalıyıq

Bydendrologiya.az

Ağu 5, 2022
Həyat üçün ən vacib amillərdən biri sayılan meşələr yer kürəsinin “ağ ciyəri” və oksigen mənbəyi hesab olunur. Meşələr havadakı karbon qazını və zəhərli maddələri udur, nəfəs aldığımız havanı oksigenlə zənginləşdirir, tozdan, zərərli maddələrdən təmizləyir.
Bir sözlə, bir növ süzgəc rolu oynayır. Meşələr həmçinin, torpaqda su balansını nizamlayır, kəskin iqlim dəyişikliyinin, sellərin və torpaq sürüşməsinin qarşısını alır, güclü küləklərin təsirini zəiflədir, sovrulan qum kütlələrinin hərəkətini saxlayır.
Meşələr planetin torpaq səthinin üçdə bir hissəsini təşkil edir. Azərbaycanda isə meşələrin ümumi sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini əhatə edir. Meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da ölkə ərazisinin 11,8 faizi deməkdir.
Ölkənin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür. Ekoloji mühitin əsas tərkib hissələrindən hesab olunan meşələr qlobal ekoloji problemlərdən hesab olunan iqlim dəyişmələrinin, səhralaşma proseslərinin genişlənməsinin, bioloji müxtəlifliyinin azalmasının, atmosferdə qaz balansının pozulmasının qarşısının alınmasında əvəzsiz əhəmiyyət kəsb edir.
Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan florası və faunası ilə bütün dünyada şöhrət qazanıb. Burada 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılıb. Bunlardan 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağac və kollar ölkənin meşələrində bitir. Bu isə ölkə florasındakı bitki növlərinin 11-ni təşkil edir. Azərbaycan dendroflorasının tərkibində 70 regional endemik növə təsadüf edilir. Bu da ümumi ağac və kol bitki növlərinin 16 faizi deməkdir.
Azərbaycan dendroflorasının belə zəngin tərkibə malik olmasına baxmayaraq, əsas meşə əmələ gətirən növlər azdır.
Azərbaycan meşələri əsasən enliyarpaqlı cinslərdən ibarətdir. İynəyarpaqlı meşələrdə əsas Qarmaqvari şam Kiçik Qafqazda, Goy-Göldə, Tovuz rayonu ərazisində Şamlıq və Böyük Qışlaq kəndləri ətrafı meşələrdə, Böyük Qafqazda isə Qusar rayonu meşələrində təsadüf edilir.
İynəyarpaqlı meşələrdən Eldar oyuğu adlanan 400 ha-a yaxın sahədə kserofit şəraitdə Eldar şamı, rütubətli fıstıq meşələrində Qaraçöhrədən ibarət enliyarpaqlı cinslərə qarışıq halda və ya kiçik meşəliklər şəklində təsadüf edilir. Belə meşəliklərə Böyük Qafqazda -Qəbələ rayonunda Həmzəli qəbiristanlığında, Pirqulu və Oğuz rayonu meşələrində, Xızı, Dahardibi adlanan meşələrdə, Kiçik Qafqazda – Göy-Göl, Gədəbəy meşələrində, Talış dağlarında – Lerik rayonu Hamazat kəndi ətrafı meşələrdə rast gəlinir.
İynəyarpaqlı cinslərdən ən geniş ərazidə yayılan ardıc meşələridir. Azərbaycan meşələrində – Qazax ardıcı, Uzunsov ardıc, Cırtdan ardıc, Alçaqboy ardıc, Qırmızı ardıc və s. növləri bitir. Ardıc meşələrinin ən geniş sahəsi Bozdağda, Naxçıvan meşələrindədir. Ardıcın çox da geniş olmayan sahələrdə seyrək meşələri də var.
Meşələrin yaş siniflərinə görə də paylanması müxtəlifdir. Belə ki, cavan meşələr meşə ilə örtülü sahənin 11,2 faizini, orta yaşlı ağaclar 63,3 faizini, yetişməkdə olan ağaclar 13,4 faizini, yetişmiş və yaşı ötmüş meşələr 12,1 faizini təşkil edir. Azərbaycanın əksər meşələri yüksək dağ yamaclarında yerləşməklə torpaqqoruyucu, susaxlayıcı və iqlim təmizləyici, sanitar estetik və s. əhəmiyyətə malikdir. Qalan faiz düzən meşələrin payına düşür.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir