• Sal. Ağu 9th, 2022

Geranium – ətirşah cinsinə daxil olan növlərin biomorfoloji xüsusiyyətləri, fitokimyəvi tərkibi və tibbi əhəmiyyəti

Bydendrologiya.az

Tem 25, 2022

Tədqiqatın məqsədi: Təqdim olunan məqalənin əsas məqsədi Abşeron şəraitində introduksiya olunub, mədəni şəraitdə əkilib-becərilən Geranium cinsinə aid bəzi növlərin morfoloji xüsusiyyətləri, efir yağlılığı, fitokimyəvi tərkibi və tibbi əhəmiyyətini öyrənməkdir.

Geranium L. (ətirşah) cinsinə daxil olan bitki növləri birillik, ikiillik və çoxillik olmaqla 422 növdən ibarətdir. Onlar əsasən mülayim qurşaqlar, tropik zonaların dağlıq hissələri və Aralıq dənizi regionunun şərqində yayılmışdır. Azərbaycanda 23 növünə təsadüf olunur və əsasən bəzək bitkisi kimi becərilir. Avropaya XVII əsrdə gətirilib. Vətəni Cənubi Afrikadır. Ətirşah cinsinə daxil olan bitkilərin yarpaqları dairəvi, dar, ox şəkilli uca malik, plamatus (bitkinin yarpaqları bir nöqtədən çıxır) – palma formasında olmaqla, kəsiklər yarpağın orta damarına qədər uzana bilər. Yarpaqlar palma şəklində dar, uclu seqmentlərə bölünür.

Ətişah fəsiləsinin çiçəkləri iki cinslidir. Kasacıq yarpaqları 5, ləçəkləri 5 və sərbəstdir. Çiçəkləri ağ, çəhrayı, bənövşəyi və ya mavi rəngdədir və üzərində çox vaxt fərqli damarlar olur. Meyvələri çoxunda toxumcuqlara parçalanan qutucuqdur. Toxum yetişən zaman 5 toxumcaya bölünür. Yarpaqları barmaqşəkilli bəsitdir, üzəri az – çox ətirli yağ ifraz edən tükcüklərlə örtülü olur. Geranium cinsinə aid növlər istənilən torpaqda böyüyə bilər, amma torpaqda sululuq (bataqlıq) olmamalıdır, çünki belə halda bitkinin kökləri kifayət qədər oksigen qəbul edə bilmirlər. Çoxalma yayda yarımyetişmiş şlamlar, toxumla payızda, yazda isə bölməklə aparılır.

Meyvə kapsulu mərkəzindən əmələ gələn sütuna birləşmiş beş hüceyrədən ibarətdir. Hüceyrələr hər birində bir toxumadan ibarət olan loblar əmələ gətirir və bu loblar tədricən ayrılır. Meyvə yetişəndə dimdiyə bənzər damğa bulaqları açılır və toxumları bir qədər məsafəyə ataraq ətrafa səpələyir.

Yuxarıda göstərilən bütün növlər çoxillik və ümumiyyətlə qışa davamlı bitkilərdir və adətən cəlbedici çiçəkləri və yarpaqları üçün yetişdirilir. Onlar uzun ömürlüdürlər və əksəriyyətinin palmatus şəklində yarpaqları var. Onların böyüməsi həm şaquli, həm də üfüqi istiqamətdə olur. Bəzi növlərdə şaquli istiqamətdə böyüyən və yayılan rizamlar var. Onlar adətən qismən kölgədən tam günəşə qədər, suyu yaxşı keçirən, lakin nəmliyi saxlaya bilən, bitki və heyvan qalıqlarından yaranan çürüntü ilə zəngin torpaqlarda əkilir. Çiçəkləri və yarpaqları üçün yetişdirilən digər çoxillik növlərə aşağıdakılar daxildir: Geranium argenteum, Geranium eriostemon, Geranium farreri, Geranium nodosum, Geranium procurrens, Geranium plyzowianum, Geranium renardii, Geranium traversii, Geranium tuberosum, Geranium versicolor, Geranium wallichianum, Geranium wlassovianum. Bunların bəziləri soyuq ərazilərdə qışa davamlı deyil və qaya bağları kimi xüsusi bağlarda yetişdirilir. Qaya bağlarındakı torpaq sahəsi çınqıl, daş və qayaların çoxluğu ilə seçilir.

Tədqiqat obyekti kimi Geranium L. – ətirşah növləri götürülmüşdür, bu növlərdən əkin üçün qələmlər hazırlanmışdır. Dendrologiya İnistutunun istixanasında və açıq sahədə xüsusi ləklərə əkindən əvvəl qum, torpaq və torf 1:1:1 nisbətində qarışdırılaraq yanvar – fevral aylarında istixanada, mart – aprel aylarında isə təcrübə sahəsində xüsusi ləklərə əkilmişdir. Bitkilərə hər cür aqrotexniki qulluq qaydaları göstərilmiş və tədqiqat üçün bitki nümunələri toplanmışdır. Qələmlərin köklərinin əmələ gəlməsi istixana ilə açıq sahədə müqayisə olunmuşdur. Toplanılmış bitki nümunələri standart metodlara istinad edilməklə qurudulmuş, laboratoriya şəraitində tədqiqat üçün hazırlanmışdır. Analizin nəticələri cədvəl 1-də verilmişdir. Elmi – tədqiqat işinin aparılmasında müxtəlif metodikalardan istifadə olunmuşdur.

Ətirşah bəzi Lepidoptera növlərinin sürfələri tərəfindən yeyilir. Ətirşah Azərbaycanda əsasən bəzək bitkisi kimi becərilir. Təbabətdə ancaq bir növündən – təpəyəbənzər ətirşahdan (Geranium collinum) istifadə edilir. Ətirşah çoxillik, sıx tüklərlə örtülü, ətli kökümsovlu ot bitkisidir. Gövdəsinin aşağı hissəsində 5 – 7 bölümlü, dərin barmaqvari yarpaqları, çəhrayı – qırmızı çiçəkləri, 5 toxumlu meyvəcikdən ibarət meyvəsi vardır. Bitki iyun – iyul aylarında çiçəkləyir, meyvələri avqustda yetişir.

Azərbaycanda Böyük və Kiçik Qafqazın orta və yuxarı dağ hissələrində – çəmənliklərdə, bağlarda meşə kənarlarında bitir.

Azərbaycanda bitən təpəyəbənzər ətirşah elmi cəhətdən hələ öyrənilməmişdir. Lakin Özbəkistanda yayılan təpəyəbənzər ətirşah Daşkənd Əczaçılıq İnistutunda kimyəvi analizdən keçirilmiş və onun bütün hissələrində aşı maddələrinin olduğu aşkar edilmişdir.  Bundan əlavə yarpaqlarında elloq, qall və 3-metoksiqall turşuları, eləcə də flavonoidilərdən: kversetin, kempferol, 3, 7, 8, 4-tetrahidrooksiflavon, rutin, izokversitrin və antosianidlərin törəmələri vardır. Çiçəklərində pelarqonin – xlorid tapılmışdır.

Ağrıkəsici və sakitləşdirici xüsusiyyətlərə malik olduğundan, ətirşah yağı nevrologiyada radikulyar sindrom, revmatizm, artrit zamanı da istifadə olunur.

Xarici və daxili qanaxmalarda (xüsusən mədə qanaxması) təyin edilir. Mayeli ekstraktı sinir sistemində oyandırıcı təsir göstərir. İbn Sina bu bitkinin ilan zəhərinə qarşı antitoksik xassəsi haqqında məlumat vermişdir.

Ətirşahın növlərinin köklərində aşı maddələri vardır. G. dissectum növünün köklərindən bir tərəvəz kimi istifadə edilir. G. berikum növünün kök və yarpaqlarından qara rəng, G. silvaticum növünün çiçəklərindən göy rəng alınır. G. dissectum növünün yarpağında 251.1 mq% – dən 457.7 mq% – ə qədər, G. Tuberosum növündə isə 288.4 mq% “C” vitamin vardır. Ətirşahın növləri dağ ətəklərində Alp çəmənliklərinə qədər yayılmışdır. Əkinlərin arasında, meşələrdə və kolluqlarda bitir. Həmçinin dekorativ, təsərrüfat əhəmiyyətli bitkilərin bioekoloji xüsusiyyətlərini öyrənilməsi və təsərrüfata tədbiqini müəyyənləşdirilməsi üçün onların çoxaldırılması üsullarının təyini vacib şərtlərdən biridir.

Efir yağı buraxdığına görə otaq şəraitində saxlanılması xoş aura yaradır. Otağın havasını tənzimləyir, oksigen və efir yağı istehsal edir. Onun çiçəyindən alınan yağ ağardıcı və tonuslandırıcı təsirə malikdir. Bütün dəri növlərinə çox yaxşı təsir göstərir, üz dərisində qan dövranını yaxşılaşdırır və ona sağlam rəng verir. Yerləşdiyi mühitin havasını mikroblardan təmizləmək xüsusiyyətinə malikdir. Ətirşah efir yağlı bitkidir. Efir yağı bitkinin çiçək və yaşıl hissələrinin buxarla distilləsi yolu ilə əldə olunur.

Xalq təbabətində ishal, dizinteriya, böyrək, revmatizm, podaqra xəstəliklərində işlədilir. Bitki döyənəklərin üstünə qoyularaq onların müalicəsində istifadə edilir. Xalq təbabətində təpəyəbənzər ətirşahın qurudulmuş yerüstü hissəsindən çay dəmləyib, mədə – bağırsaq xəstəliklərində ishal və dizenteriyaya qarşı, büzüşdürücü və antiseptik dərman kimi işlədirlər. Bundan əlavə ağciyər xəstəliyində sinədən gələn qanlı bəlğəmin qarşısını almaq üçün qəbul edilir. Vətəni Cənubi Afrika olan ətirşah Avropaya dekorativ bitki kimi gətirilib. Yarpaqlarında çoxlu miqdarda efir yağları var. Gülü, yarpaqları və kökü çox xeyirlidir. Ətirşahın yarpaqlarını ovxaladıqca əldə qəribə və xoşagələn ətir qalır, limon, alma və nanənin birgə ətrini xatırladır. Ondan alınan efir yağları aromaterapiyada geniş istifadə edilir. Onu da qeyd etmək lazımdır ki, ətirşah olan evdə güvə, gənə, bit, birə və s. həşəratlar olmur.  Ətirşah qulaq iltihabı, loringit, qan dövranının stimullaşdırılması, ürək ritmi və ürək əzələlərinin işinin tənzimlənməsi, başağrısı zamanı çox faydalıdır. Ürəyin üzərinə ətirşah yarpağı qoymaqla arterial təzyiqi normallaşdırmaq mümkündür. Yarpaqlarından hazırlanan məlhəm zökəm, öskürək, angina və soyuqdəymənin müalicəsində gözəl vasitə sayılır.

Bizim apardığımız elmi tədqiqat işi nəticəsində istixana şəraitində yetişdirilərək laboratoriya şəraitində analiz olunmuş ətirşahın 500 qr yaş yarpağından 2,5 mq ətirşah yağı alınmışdır. Alınmış yağların tərkibi xramatoqrafiya aparatında yoxlanmış və cədvəldə verilmişdir. Aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlirik ki, alınmış efir yağlarından ətir alınmasında, krem hazırlanmasında, müxtəlif müalicəvi sabunların bişirilməsində istifadəyə təklif edirik.

Aparılan elmi-tədqiqat işi nəticəsində məlum olmuşdur ki, Ətirşah (Geranium L.) növü yerli şəraitə yaxşı uyğunlaşır. Ətirşah çox məhsuldar efir yağlı bitkidir. Ətirşah bitkisinin yarpaqlarından yağ alınaraq Kristal M markalı qaz xromatoqrafiyasında analiz edilmişdir. Analizin nəticələrinə əsasən tərkibində efir yağı olan alfa-Pinen – 1.144%, beta-Pinen – 0.044%, Carene-3 – 0.303%, alfa-Terpinen – 0.4391%, 8-Cineol (Evkaliptol) – 4.557%, qamma – Terpinen – 0.237%, Tetrahydro-2-H-Pyran    – 0.019%, Terpinolen – 0.303%, Cyclohexanone-5-m-2(1-m e), -cis         – 6.174%, linaool – 8.154%, Cariophyliene – 2.995 %, Terpinen-4-ol – 7.684%,Citronellol – 3.181%, Estragole – 2.833%, mirtenol – 0.769%, Nerol – 0.206%, geraniol – 40.769%, Mirtenilacetate – 0.502%, Citronelly butyrate – 0.970%, Geranyl Oleate – 0.609%, nerilacetat – 0.306%, citronellyt tiglate –     0.212%, geranilacetat – 0.047%, Geranyl tigrate – 0.722%, Cedrol – 0.093%, 2-phenylethyl tiglate – 0.735% maddələri aşkar edilmişdir. İstifadəyə gəlincə qeyd etmək lazımdır ki, ətirşah efir yağı Ətriyyat sənayesində ətirlərin, sabunların və üz məlhəmlərinin əsas tərkib hissəsi kimi tətbiq edilir. Yeyinti sənayesində isə spirtli və spirtsiz içkilərin, eləcə də qənnadı məmulatlarının ətirləndirilməsi üçün istifadə olunur. Həmçinin bir sıra dərmanların hazırlanmasında da ətirşah yağı tətbiq edilir.

AMEA Dendrologiya İnstitutunun  

aparıcı elmi işçisi, a.e.ü.f.d. Sadiqov Tofiq

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir