• Sal. Ağu 9th, 2022

Biologiyada dendroxronoloji tədqiqatlardan son minilliklərdə bioloji dəyişikliklərin öyrənilməsi üçün istifadə olunur.

Bydendrologiya.az

Tem 22, 2022
Son illərdə ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair qəbul olunmuş qanunvericilik aktları Azərbaycan Respublikasının dövlət siyasətində ekologiyanın mühüm əhəmiyyətini bir daha sübut edir.
Azərbaycanın bitki örtüyünə antropogen təsirin öyrənilməsi, xüsusi mühafizə olunan ərazilərin bitkiliyinin monitorinqi, texnogen landşaftın rekultivasiyası, populyasiyaların fenogenetik differensiyasiyasının öyrənilməsi günümüzün ən aktual məsələlərindən biridir. Belə ki, respublikamızda biomüxtəlifliyin qorunması həm milli və regional, həm də qlobal əhəmiyyət daşıyır.
Bioloji müxtəlifliyin qorunub saxlanılması istiqamətində mühüm strateji əhəmiyyətə malik olan, botaniki tədqiqatların praktiki təcrübi bazası sayılan Dendrologiya İnstitutunda da bu istiqamətdə geniş elmi əsaslarla tədqiqat işləri aparılır. Belə ki, xüsusi mühafizə olunan ərazilərdə qorunma statusuna malik olan bitki aləminin bərpası üçün müvafiq tədbirlərin həyata kecirilməsi, nadir və nəsli kəsilməkdə olan bitki növlərinin genofondunun qorunmasının təmin edilməsi və İnstitutun kolleksiya sahələrində onların sayının artırılması, biomüxtəliflik üçün təhlükənin və bu təhlükə nəticəsində ilk növbədə təsir altına düşə bilən təbii bitki növlərinin proqnozlaşdırılması, ekoloji tarazlığın saxlanılması istiqamətində işlər Dendrologiya İnstitutu tərəfindən atılan mühüm addımlardandır. 2011-ci ildə müasir standartlara cavab verən, tədqiqatlarını müasir metodlarla həyata keçirən Dendroxronologiya laboratoriyasının yaradılması İnstitutun bu istiqamətdə işlərin aparılmasına təkan verdi. Dendroxronologiya laboratoriyasının əsas fəaliyyət istiqamətləri təbii və mədəni florada olan nadir növlərin populyasiyalarında baş verən proseslərin biometrik analizinin aparılması, dendroxronoloji məlumatların toplanılması, geofiziki məlumatların alınması, bitkilərin ekoloji vəziyyətinin öyrənilməsi, oduncaqlı bitki növlərinin arealların kiçilməsinə səbəb olan amillərin aşkarlanması, biometrik analizlərin, təbii və mədəni florada olan növlər müqayisəli təhlilinin və digər təbii hadisələrin baş verməsi haqda əvvəlcədən məlumat almaqdır.
Əsası 1900 illərdə qoyulan DENDROCHRONOLOGİYA ağacların illik halqalarını müşahidə etməklə vaxt intervallarını qiymətləndirmək üsuludur. Bu sahədə dünyanın inkişaf etmiş ölkələrində geniş Dendroxronoloji tədqiqatlar aparılır. Biologiyada dendroxronoloji tədqiqatlardan son minilliklərdə bioloji dəyişikliklərin öyrənilməsi üçün istifadə olunur.
Əsaslı olaraq ağacları təbii hadisələri qeydə ala bilən cihaz adandıra bilərik. Belə ki, ağacların oducağında olan illik halqalar keçmişdə baş verən hadisələri qeydə almaq qabiliyyətinə malikdir. Xronoloji tədqiqatlar 7000 ildən çox müddət ərzində məlumat əldə etməyə imkan verir. Dendroxronologiyaya əsasən ağacın böyüdüyü yerin hidrologiyasını, keçmişdə iqlim dəyişkənliyinin növlərə təsirini də qiymətləndirmək mümkündür. Biz də, bütün bunları nəzərə alaraq, müasir üsullardan istifadə etməklə ağacın oduncağından oduncaq-halqa nümunələri götürərək, ağacların yaşını hesablayır və dendroxronoloji avadanlıqların köməyi ilə oduncaq halqalarının qeydə aldığı təbii hadisələri izah etməyə çalışırıq.
Keçmiş geoloji dövrlərdə iqlim amillərinin ağac növlərinin illik halqalarına təsirinin qanunauyğunluqlarını öyrənən digər dendroxronoloji istiqamət – dendroklimatologiyadır. Dendroxronoloji və dendroklimatik tədqiqatların əsas məqsədi -iqlim amilləri ilə meşəəmələgətirən növlərin illik radial artımı arasında korelyativ əlaqələrin müəyyənləşdirilməsi; uzun tarixi dövr ərzində ağac-halqa xronologiyalarına əsasən iqlim dəyişikliyinin bitkilərə təsirini öyrənmək; gələcəkdə iqlim dəyişikliyinin qısa müddətli proqnozunu verməkdir. Təbiət və tarixi abidələrin yaşının təyini müasir dövrün ekoloji problemlərinin həlli istiqamətində, meşələrin bərpasında qəbul olunan əsas amillərdəndir.
Tədqiqatlar müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş laboratoriyada aparılır. Tədqiqatlar zamanı metodiki təlimatlara uyğun fenoloji müşahidələr, keyfiyyət analizləri, qeydiyyatlar, hesabat qiymətləndirilmələri fərdi iş planlarına uyğun olaraq AMEA Dendrologiya İnstitutunun “Dendroxronolo-giya“ laboratoriyasında və Azərbaycan Respublikasının müxtəlif meşə fitosenozlarında, ekosistemlərdə həyata kecirilir.
Dendroxronoloji təhlilin aparılmasında əsas məqsəd ağac gövdəsinin xarici mühitlə əlaqələrini, oduncağın illər üzrə dəyişkənliyini, ekoloji amillərdən asılı olaraq baş vermiş hadisələrin onlara təsirini və yaşının elmi əsaslarla öyrənilməsidir. Bu məqsədlə tədqiq olunan növlərin gövdələrindən nümunələr götürülərək (hər növdən 4-6 nümunə olmaqla) onların yaşı təyin edilir, bioloji inkişafa təsir edən amillərin illər üzrə mütləq və nisbi göstərici qrafikləri qurulur. Bu da bitkinin illər üzrə ardıcıl inkişaf dinamikasını, davamlılıq kriteriyalarını təyin etməyə imkan verir.
Tədqiqat zamanı LİNTAB6 və RESISTOGRAPH dendroxronoloji avadanlıqlarından istifadə edilir. LİNTAB6-nın tətbiqi ağacın illik halqalarının dəyişkənliyi haqqında məlumat əldə etməyə və dendroxronoloji analiz üçün istifadə etməyə imkan verir. LINTAB6 avadanlığı TSAPwin proqramı ilə birlikdə dendroxronoloji məlumatları statistik və qrafik analiz etmək üçün istifadə edilir. Bu zaman ağacların böyümə dinamikasını öyrənmək; radial artımın formalaşmasına ətraf mühit amillərinin (məsələn, iqlim, astrofiziki) təsirinin retrospektiv tədqiqinin aparılması; oduncağın vəziyyətinin diaqnozu və proqnozu; mənfi amillərin (məsələn, rekreasiya, həşərat hücumunun) ağacın böyüməsinə təsirini qiymətləndirmək; meşəçilik fəaliyyətinin səmərəliliyini qiymətləndirmək; ağacın quruma səbəblərini araşdırmaq (məsələn, uzun müddətli rəqabət nəticəsində zəifləyərək quruyan və ya patoloji xarakterli amillərin təsirindən məhv olan ağacları müəyyən etmək); oduncaqda kambi qatının fəaliyyətinin inkişafdan dayandığı dövrü (qurudulma və ya kəsilmənin təqvim müddəti) yəni kəsilmiş ağacın yaranma tarixini müəyyənləşdirmək; müxtəlif böyümə dövrlərində ağacın texniki xüsusiyyətlərini qiymətləndirmək; meşə fitosenozu tarixinin müəyyənləşdirmək; irsi və ətraf mühit xüsusiyyətləri ilə intrapopulyasiya dəyişkənliyini öyrənmək; ağacların dəqiq yaşını təyin etmək mümkündür. Bundan əlavə dendroxronoloji üsllarla ənənəvi olaraq taxta konstruksiyaların və digər ağac nümunələrinin inşası vaxtını təyin etmək mümkündür. Ağaclardan götürülmüş nümunələrdə dendroxronoloji şkalanın tərtibatında növün tarixən ekoloji təsirə məruz qalmasını müəyyənləşdirmək üçün «çarpaz qeydiyyat» üsulundan istifadə edilir. Bu üsulla növlərin inkişaf etdiyi şərait əsas götürülərək ərazidə antropogen amillərin təsirini də müəyyən etməklə illər üzrə qrafiklər tərtib olunur.
Dendroxronologiyada əməliyyatlar diaqnostik proses zamanı RESISTOGRAPH avadanlığı ilə diametri 1,5 mm və uzunluğu 50 sm olan nazik bir qazma iynəsi ilə aparılır. Cihazın sıxlıq müqavimətinin sürətli, elektron ölçülməsi və fiksasiyası ilə ağacın keyfiyyəti yoxlanılır, çürük yerlər müəyyənləşdirilərək, böyümə xüsusiyyətləri ideal formada əsaslandırılır. Bu zaman aşağı müqavimət çürümüş və zədələnmiş zonada, yüksək müqavimət isə sağlam oduncaq hissələrində nəzərə carpır və statistik elektron proqramalar əsasında sağlam və zədəli hissələr faiz göstəricisi ilə qrafikləşdirilərək sinxron görüntü əldə edilir.
RESISTOGRAPH avadanlığı ağacların daxili vəziyyəti haqqında məlumatları qısa vaxt ərzində əldə etməklə gizli çürükləri, çürümə zonalarını, daxili çatlaqlarının yerini və həcmini tez bir zamanda müəyyənləşdirməyə imkan verir. Cihazdan istifadə etməklə təsadüfi təhlükə yaradan (yıxılmadan) qeyri-sabit ağacları aşkar etmək mümkündür. Ağacın sağlamlığının qiymətləndirilməsi, bitkinin inkişafının müxtəlif dövrlərində torpağın meliorasiyasına olan tələbatın diaqnostikası, meşə fitosenozlarının tarixinin yenidən qurulması, ağacların nisbi və ya mütləq sıxlığı müəyyənləşdirilir, çürük və çatlaq yerləri aşkar edilir.
RESISTOGRAPH dendroxronoloji avadanlığı ilə dendroxronoloji metodlardan istifadə etməklə taxta tikinti materiallarının keyfiyyətini qiymətləndirmək – təmir işləri zamanı taxta binaların vəziyyətini diaqnoz etmək, tarixi binaların taxta döşəmələrinin təhlükəsizliyini qiymətləndirmək, taxta körpü konstruksiyalarının, elektrik dirəklərinin vəziyyətini və təhlükəsizliyini yoxlamaq, rütubətli bir mühitdə ağacın vəziyyətini mütəmadi izləmək mümkündür. Bu zaman nümunə götürülən obyekt praktiki olaraq zərər görmür – diaqnoz 1,5 mm diametrli nazik iynədən istifadə etməklə daxili zərər olmadan aparılır.
RESİSTOGRAF avadanlığı ilə mebel sənayesi üçün yararlı oduncaq istehsal etmək məqsədilə müvafiq keyfiyyətə malik olan və tez böyüyən ağacların becərilməsi və istismarı zamanı hüquqi müstəvidə ekspertiza rəyi əsasında qanunsuz ağac kəsmə və ya ağac tədarükünün qanuniliyinə standart nəzarət aparıla bilər.
Dendroxronoloji tədqiqatlarımız Zaqatala Dövlət Təbiət Qoruğunda, Eldar Şamı Dövlət Təbiət Qoruğunda, Qızılağac Dövlət Təbiət Qoruğunda, Göy-göl Milli Parkında, Balakən bölgəsində, Yevlax rayonunda, Lənkəran, Astara zonasında, Böyük Qafqazın sərhədyanı ərazilərində, Mərdəkan və Pirallahı qəsəbələrində və s. ərazilərdə aparılmışdır. Tədqiqat zamanı Quercus L., Juglans L., Corylus L., Ulmus L., Caprinus L., Alnus Mill , Acacia Mill, Morus L. , Olea L., Melia L., Populus L., Eucalyptus L.Herit, Gleditsia J.Clayton, Castanea Mill, Platanus L., Pterocary Nutt.və s. cinslərə aid növlərindən nümunələr götürülmüş, meşə ekosistemləri qiymətləndirilmiş növlərin yaş strukturuna əsasən dendroxronoloji tədqiqi həyata keçirilmişdir.
İlk uzunmüddətli xronologiya Şəkidə, Naxçıvan MR-da, Cənub bölgəsində, Hirkan florasında, Zaqatala – Balakən ərazisində rast gəlinmişdir. Burada tarixi təbiət abidələrinin yaşı 120-350 arasında dəyişilmişdir.
Nəticə olaraq illər üzrə iqlim amillərinin bitkilərə ümumi təsiri araşdırılmış, quraqlıq, temperatur və s. kimi stress amillərinin təsirindən növlərdə inkişaf dinamikası açıqlanmışdır. Dendroxronoloji tarixi-tətbiqləndirmə əsasında illik halqaların sayına görə növlərin yaşı təyin edilmişdir. Zaqatala, Balakən bölgəsində xüsusi mühafizə statusu olmayan nadir və azsaylı flora növlərindən götürülən nümunələrdə ən yaşlı növ 392 sm diametrli İsmayıllı rayonundan götürülmüş, 1920-ci ildə əkilmiş və yaşı 99 olan Şabalıdyarpaq palıd – Quercus castaneifolia C.A.Mey, Hirkan Milli parkında götürülmüş ən yaşlı növ isə gövdəsinin diametri 250 sm olan 58 yaşlı Şabalıdyarpaq palıd – Quercus castaneifolia C.A.Mey növü olduğu məlum olmuşdur.
Tədqiqatlar zamanı ontogenezin müxtəlif mərhələlərində ağacların böyüməsinin eyni ətraf mühit amillərinə reaksiyasındakı fərqlər, iqlim və torpaq şəraitinin sürətli və kəskin dəyişməsi növlərin inkişafına da öz təsirini göstərmişdir. Növlərdə yetkinlik dövründə radial artımın daha sürətli getdiyi, yaş artdıqca isə radial artımın zəiflədiyi müşahidə edilmişdir. İqlim amillərindən asılı olaraq tədqiq olunan növlər yayda və qışda qeyri-bərabər böyüyür və boy artımı əsasən yayda, qışa nisbətən daha çox müşahidə edilir.
Laboratoriya əməkdaşları tərəfindən mütəmadi olaraq Respublikamızın regionlarına ekspedisiyalar təşkil olunaraq senopopulyasiyaların monitorinqi, Azərbaycanın təbii və mədəni florasında cinslərin taksonomiyası, məhv olmaq təhlükəsində olan və nadir növlərin populyasiyalarında baş verən proseslər; mübahisəli taksonların taksonomik ranqının biometrik analizi; taksonların təbii diapazonlarında coğrafi variasiyaları, ayrıca regionların dendroflorasının xronoloji təsviri geniş tədqiqatlara əsaslanaraq aparılır. Sərhədyanı ərazilərinin nadir növlərinin populyasiyalarında baş verən proseslərin biometrik analizinin, meşələrdə dominantlıq təşkil edən edifikator növlərin yaş strukturuna əsasən dendroxronoloji təhlilinin həyata keçirilməsi də nəzərdə tutulmuşdur.
Tədqiqatlarımızın nəticəsi göstərdi ki, qlobal iqlim dəyişkənliyi biomüxtəlifliyin azalmasına, səhralaşma prosesinin sürətlənməsinə nəticədə meşə sahələrinin, doluluğunun və meşə ehtiyatlarının azalmasına səbəb olmuşdur.
Turizm infrastrukturunun inkşafı ilə ətraf mühitə maksimum təzyiqinin müəyyənləşdirilməsi, ekoloji turizmin və o cümlədən, turizmin digər yeni formalarının inkişaf etdirilməsi ilə meşələrə artan rekreasiyanın mənfi təsirinin qarşısının alınması ilə daha ciddi məşğul olunmalıdır.
Təbii bərpanın gedişi zəif olduğundan, ərazilərdə meşələrin rayonlaşdırılmış növlər hesabına bərpa etdirilməsi, keyfiyyətinin və məhsuldarlığının artırılması, əlavə torpaq sahələri hesabına yeni meşəliklər və yaşıllıqların salınması ilə ölkənin yaşıl örtüyünün artırılması prioritet məsələ kimi qarşıya qoyulmalıdır…

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir