• Sal. Mar 19th, 2024

AMEA -nın müxbir üzvü Dendrologiya İnstitutunun baş direktoru Tofiq Məmmədovun 40 mərasimi keçirilir.

Bydendrologiya.az

Haz 25, 2022
25 iyun 2022-ci il tarixdə AMEA -nın müxbir üzvü Dendrologiya İnstitutunun baş direktoru Tofiq Məmmədovun Heydər məscidində 40 mərasimi keçirilir.
AMEA Dendrologiya İnstitutunun kollektivi və ailə üzvüləri alimin məzarını ziyarət edib məzarı üzərinə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Qey edək ki, Tofiq Məmmədov 1957-ci il fevralın 10-da Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1974-cü ildə Dırnıs kənd orta məktəbini, 1982-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunu (Memarlıq və İnşaat Universiteti) bitirmişdir.
1986-cı ilə qədər müxtəlif vəzifələrdə çalışmış, elmə və təbiətə olan böyük marağı onu Azərbaycan Elmlər Akademiyası Botanika İnstitutuna gətirmişdir. T.Məmmədov ilk olaraq Botanika İnstitutunda baş mühəndis, 1990-1996-cı illərdə Azərbaycan Elmlər Akademiyası Botanika İnstitutunun şöbəsi olan Mərdəkan Dendrarisində direktor müavini vəzifələrində çalışmış, 1996-cı ildən isə bu müəssisənin direktorudur.
Alim 2000-ci ildə “Mərdəkan Dendrarisində qiymətli ağac-kol bitkilərinin bioekoloji xüsusiyyətləri və onların Abşeronun yaşıllaşdırılmasında istifadəsi” mövzusunda namizədlik, 2004-cü ildə isə “Abşeronda yaşıllaşdırmada perspektivli ağac-kol bitkilərinin bioekoloji xüsusiyyətlərinin, aqrotexnikasının və xalq təsərrüfatında səmərəli istifadəsinin elmi əsasları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
Bu dövrlərdə apardığı geniş elmi-tədqiqat işləri nəticəsində o, Abşeronun quru subtropik iqlim şəraitində introduksiya olunmuş ağac-kol bitkilərinin bioekoloji xüsusiyyəylərini, ekoloji mühit amillərinə davamlılığını öyrənmiş, morfoloji əlamətlərinə görə seçərək qruplaşdırmış və yaşıllaşdırmada istifadəsi üçün bir sıra təkliflər vermişdir.
Görkəmli alim 2007-ci ildə “Botanika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir. 2014-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən bioloji və ekoloji fənnlər üzrə “professor” elmi adına layiq görülmüşdür.
T.Məmmədov yerli və xarici mətbuatda dərc edilmiş 22 kitabın, 200-dən çox elmi məqalənin və 8 patentin müəllifidir. Alimin rəhbərliyi ilə 1 elmlər doktoru və 9 fəlsəfə doktoru hazırlanmışdır.
2000-ci ildən onun redaktorluğu ilə “Bitkilərin introduksiyası və iqlimləşdirilməsi” elmi məqalələr toplusu dərc edilir. Alimin “Qazon-bəzək memarlığı”, “Bonsay bitkiləri”, “Bitkilərin təyinində morfoloji terminlər” və digər kitabları yaşıllaşdırma mütəxəssisləri üçün təcrübi işlərin həyata keçirilməsində əsas vəsait kimi istifadə edilir.
T.Məmmədovun rəhbərliyi ilə 2006-cı ildə “Gülçülük ensiklopediyası”, 2007-ci ildə ”Otaq bitkiləri ensiklopediyası” kitabları yazılmışdır. Onun uzun illər apardığı tədqiqatların nəticəsi olaraq 2010-cu ildə Azərbaycanda ilk dəfə “Abşeronun ağac və kolları” monoqrafik əsəri çapdan çıxmışdır. Ardıcıl həyata keçirilən ekspedisiyaların və Azərbaycan dendroflorasının müasir vəziyyətinin monitorinqindən bəhs edən “Azərbaycan dendroflorası” fundamental əsəri dərc edilmişdir.
Botanik alim tərəfindən respublikanın florasında 42 fəsilə, 71 cinsə aid 189 növ nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkiləri öyrənilmiş, “Azərbaycanın nadir ağac və kol bitkiləri” kitabı çapdan çıxmışdır. Bu istiqamətdə tədqiqatlar davam etdirilir.
Onun elmi tədqiqatları nəticəsində dünya florasından tropik və subtropik mənşəli yeni növ ağac-kol bitkiləri introduksiya edilir, onların yerli torpaq-iqlim şəraitinə uyğunlaşdırılması, bioekoloji xüsusiyyətləri elmi əsaslarla öyrənilir. Bu bitkilər morfoloji, bioloji, ekoloji və dekorativ əlamətlərinə görə seçilir, qruplaşdırılır, bəzilərinin landşaft memarlığı əsasında tətbiqi üçün təklif və tövsiyələr verilir. Professor flora biomüxtəlifliyinin artırılması məqsədilə dünyanın müxtəlif ölkələrindən 100-dən artıq ağac-kol bitkisinin toxumlarını gətirmiş, onların yerli şəraitədə introduksiyası ilə məşğul olmuşdur.
Dəyərli alim, gözəl insan, AMEA Dendrologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun xatirəsi onun sevənlərin qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!