• Sal. Mar 19th, 2024

“Bir peşənin sirri” festivalı keçiriləcək

Bydendrologiya.az

Haz 23, 2022
İyulun 2-də Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı ilə İçərişəhər Qoşa Qala meydanında “Bir peşənin sirri” festivalı təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin, o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb olunmasını təmin etməkdir.
Festivalda qonaqları Bakı və müxtəlif regionları təmsil edən peşə məktəblərinin turizm, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər gözləyir. Bununla yanaşı, tədbir iştirakçıları üçün “WorldSkills Azerbaijan” platforması çərçivəsində əyləncəli oyunlar, viktorinaların keçirilməsi nəzərdə tutulub.
Festivala Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılması” layihəsi dəstək verir. Tədbirin tərəfdaşı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsidir.