• Sal. May 17th, 2022

Akademik Arif Həşimov: “Tarixi Zəfərdən sonra dünyada və regionda nüfuzu olduqca güclənmiş Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub”

Bydendrologiya.az

Nis 27, 2022

Aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.

Tədbirdə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun giriş nitqi dinlənilib. Ümumi yığıncağın ölkəmizdə fundamental və tətbiqi tədqiqatların əsas mərkəzi olan Milli Elmlər Akademiyasının 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabata həsr olunduğunu deyən akademik ötən ilin respublikamızın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında bir sıra uğurlarla yadda qaldığını söyləyib.

Onlardan bir neçə mühüm hadisəni qeyd edən akademik Arif Həşimov Nizami Gəncəvinin 880 illiyi ilə bağlı silsilə tədbirlərin, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində tarixi Zəfərin bir illiyinin təntənəli şəkildə qeyd edilməsinin, ölkənin ictimai-siyasi və mədəni həyatında xüsusi hadisələrə çevrilən cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə çoxsaylı səfərləri və bu səfərlərdəki dərin məzmunlu çıxışlarının, Şuşada möhtəşəm “Xarıbülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsinin bu qəbildən olduğunu bildirib. Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin, xüsusən Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsinin, Zəfərin möhkəmlənməsinin, Azərbaycanın regionda və dünyada nüfuzunun gücləndirilməsi istiqamətində həyata keçirilən çoxsaylı siyasi və diplomatik təşəbbüslərin, dost, qardaş Türkiyə ilə “Şuşa Bəyannaməsi”nin imzalanmasının, cənab Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsinin mühüm tarixi anlar olduğunu vurğulayıb.

“Bütün bunlar ötən ilin ümumi mənzərəsini yaradan və Azərbaycanın strateji inkişaf xəttinin əsas istiqamətlərinə nişan verən hadisələrin az bir qismidir. Beləliklə, tarixi Zəfərdən sonra dünyada və regionda nüfuzu olduqca güclənmiş Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur”, – deyə akademik Arif Həşimov söyləyib.

Natiq ölkədə baş verən ümumi inkişaf proseslərinə adekvat olaraq 2021-ci ilin elm sahəsində də bir sıra hadisələrlə yadda qaldığını, respublikanın elmi müəssisələrində çalışan alimlərin fundamental və tətbiqi tədqiqatlarını davam etdirdiyini, elmi və elmi-təşkilati fəaliyyət sahələrində bir sıra mühüm nəticələr, uğurlar əldə etdiklərini diqqətə çatdırıb. Bildirib ki, bu il Ümumi yığıncağın formatına müəyyən dəyişiklik edilib, əvvəlki illərdən fərqli olaraq, hesabatlar Akademiyanın akademik-katibi tərəfindən deyil, bölmələrə rəhbərlik edən vitse-prezidentlər tərəfindən təqdim olunacaq. O, dəyişikliyin əsas məqsədinin Akademiyanın əsas aparıcı strukturu olan bölmələrin müxtəlif elmi istiqamətlər üzrə həyata keçirdikləri elmi-tədqiqatları və təşkilati işləri daha müfəssəl təqdim etmək, daha səmərəli müzakirələr keçirmək olduğunu deyib.

Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Elmlər Akademiyasının təsis edildiyi 27 mart tarixinin respublikada “Elm günü” olaraq müəyyən edildiyini xatırladan AMEA rəhbəri son illər koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlərə görə, “Elm günü”nün lazımi səviyyədə qeyd edilməsinin mümkün olmadığını söyləyib: “Bu il pandemiya ilə bağlı karantin rejimi şərtləri yumşaldığı üçün AMEA-nın elmi bölmələri, müəssisə və təşkilatları tərəfindən  təqdim  olunan təkliflər  əsasında  “Elm  günü”nə  həsr olunmuş Tədbirlər planı hazırlanıb. Bu tədbirlər elmi fəaliyyətin cəmiyyətdə nüfuzunun gücləndirilməsi, elmin populyarlaşdırılması, alimlərin əməyinin qiymətləndirilməsi, onların yeni elmi nailiyyət və uğurlara təşviq edilməsi və s. istiqamətləri əhatə edir”.

Akademik Arif Həşimov “Elm günü” ilə bağlı tədbirlərin zirvə toplantısının Ümumi yığıncaqla bir gündə qeyd edilməsinin qərara alındığını, yığıncaq çərçivəsində bir sıra tədbirlərin, o cümlədən aprelin 29-dək fəaliyyət göstərəcək Akademiyanın nailiyyətləri sərgisinin təşkil olunduğunu diqqətə çatdırıb.

Akademik Arif Həşimovun giriş nitqindən sonra AMEA-nın elmi bölmələrinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabatları dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir