İnstitutun dendroxronologiya laboratoriyası müasir avadanlıqlarla təchiz olunub. Burada ağacların oduncağında dendroxronoloji təhlil aparılır, iqlim amillərinin təsirindən illik halqaların qalınlığında baş verən dəyişikliklər araşdırılır. Əsas məqsəd təbii və mədəni florada olan nadir növlərin populyasiyalarında baş verən proseslərin dendroxronologiyasını öyrənməkdir. Bunun üçün müasir avadanlıq vasitəsilə ağacların gövdəsindən nümunələr götürülür, laboratoriyada onların analizi aparılır. Ağacların gövdəsindəki halqalara əsasən bitkiyə təsir edən daxili amillər, eləcə də ekzogen amillər illərə əsasən araşdırılır.
Laboratoriyanın əməkdaşları dendrofloranın öyrənilməsi məqsədilə regionlarda monitorinqlər keçirib. Monitorinqlər zamanı yaşlı ağac növləri təyin edilib, hətta 300–dən çox yaşı olan ağaclardan nümunələr götürülərək araşdırılıb. Məlum olub ki, respublikamızın Lənkəran zonasında daha yaşlı ağaclara rast gəlinir. Laboratoriyada ağacların halqalarına əsasən onların hansı illərdə yaxşı inkişaf etdiyi, yaxud inkişafının ləngidiyi öyrənilir. Təyin olunan yaşlı ağacların qeydiyyatı aparılır və sertifikatlaşdırılır. Tədqiqatları davam etdirilir ki, bu da ölkəmizdə ekoturizmin inkişafına böyük töhfə verəcək.