• Per. Mar 28th, 2024

Tarix xəyanət və faciələri unutmur, daim yaddaşında saxlayır.

Bydendrologiya.az

Oca 18, 2022
20 Yanvar Azərbaycan tarixinin həm də şərəfli günüdür.Bu faciə həm də öz azadlığı uğrunda mübarizəyə qalxmış xalqın mənəvi qələbəsi idi, milli qürur hissinin təntənəsi günüdür.
20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
20 Yanvar neçə-neçə günahsız millətin azadlıq arzularını boğub, onları öz müti köləsinə döndərən sovet imperiyasının maska arxasındakı simasını və çirkin niyyətlərini həm onun sərhədləri daxilindəki bütün xalqlara, həm də beynəlxalq aləmə tam çılpaqlığı ilə açıb göstərdi. Bu da, söz yox ki, sovet imperiyasında mərkəzdənqaçma meyillərinin günbəgün artmasına güclü təkan verdi və İttifaq daxilindəki digər xalqların milli azadlıq hərəkatının sürətlənməsində müstəsna rol oynadı. Əliqanlı imperiyanın Azərbaycanda törətdiyi faciələr bununla tükəndimi? Əsla! Sonralar 20 Yanvaradək olan faciələr sırasına dünyanın ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Qarabağın bəzi ərazilərində baş verən qanlı səhifələr də əlavə olundu.
Ərazilərimizin 20 faizi işğal olundu, 1 milyondan artıq yurddaşımız öz doğma ata-baba torpağından didərgin düşdü. Lakin vahid əqidə bayrağı altında birləşib öz müstəqilliyinə qovuşan xalqımız sarsılmadı, işıqli gələcəyə olan böyük inamını itirmədi. 30 ildən sonrakı qələbə bir xalq kimi bizim gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bunu düşmən də, onun havadarları da gördü. Gördülər ki, ötən 30 ildə Azərbaycan öz haqlı davasından bir addım da geri çəkilməyib və Azərbaycan Prezidenti döyüş meydanında tarixi ədaləti bərpa etməkdə qərarlıdır.
1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik səlnaməsi kimi pafoslu münasibətlə bərabər, bir qədər də soyuqqanlı olub,o hadisələrin gerçək mahiyyətini dünya birliyinin, beynəlxalq təşkilatların önünə qoymaq 20 Yanvara beynəlxalq-hüquqi qiymətin verilməsinə çalışmalıyıq.
Həmin gecə SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı.Mətbuat susduruldu.Azərbaycan dünyadan təcrid edildi.Məhz bu faciəli anlarda uzaqlardan “Azadlıq radiosu”nun, Mirzə Xəzərin səsi Mixail Qorbaçovun informasiya blokadasını dağıtdı. Radiodan ilk Mirzə Xəzərin səsini eşidəndə, “ah, nalədən” boğulan millət– Mirzə Xəzərin səsi ilə hıçqırırdı! Mirzə Xəzər – 20 yanvarda ölməkdə olan Azərbaycan xalqına Allahın bəxş etdiyi ilahi səsi ilə ümid verdi. O səs milləti məzardan çıxartdı. Dirilərə şəhid oğulları dəfn etmək üçün güc verdi. “Azadlıq”ın 20 yanvardakı ilk verilişi həm Azərbaycanda, həm də dünyanın hər yerində azərbaycanlıları və ictimaiyyəti oyatdı. Dünya azərbaycanlıları ayağa qalxdı. Bu cinayət Azərbaycan xalqına və insanlığa qarşı ağır cinayəti kimi qiymətləndirildi.
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi…
Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
Bu il xalqımız 20 Yanvar hadisələrinin 32-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır !
Tünzalə Zeyvəliyeva AMEA Dendrologiya İnstitutu “İctimaiyyətlə Əlaqələr” Şöbəsinin müdiri