• Cum. Mar 29th, 2024

Akademik Aleksandr Sergeyev: “Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzi iki ölkə arasında elmi və mədəni əlaqələrin möhkəmləndirilməsində böyük rola malikdir”

Bydendrologiya.az

Kas 27, 2021

Azərbaycanda üç günlük səfərdə olan Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Sergey Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

Azərbaycan-Rusiya Ədəbi Əlaqələri Mərkəzinin ekspozisiyası ilə tanışlıq zamanı REA-nın prezidenti, akademik Aleksandr Sergeyev və REA-nın vitse-prezidenti, akademik Yuriy Baleqa, prezidentin müşaviri, hüquq elmləri doktoru Rəşad Qurbanov, prezidentin Katibliyinin rəisi Valeriya Belyanina və REA-nın Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Olqa Qluxovtsevanın daxil olduğu nümayəndə heyətinə Sergey Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzi haqqında məlumat verilib. Bildirilib ki, şairin ev-muzeyi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə Mərdəkanda açılıb. Ev-muzeyinin AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təşəbbüsü ilə 2008-ci ildə Sergey Yeseninin adını daşıyan Azərbaycan-Rusiya Ədəbi Əlaqələri Mərkəzinə çevrildiyi diqqətə çatdırılıb.

Görüşdə görkəmli rus şairi Sergey Yeseninin Bakıya olan sevgisindən bəhs edilib, bu sevginin şairin yaradıcılığında öz əksini tapdığı vurğulanıb. Bildirilib ki, ədibin Azərbaycanda yazdığı “İran nəğmələri”, “Əlvida Bakı”, “Balaxanı mayı” və digər əsərləri onun poeziyasının ən qiymətli inciləridir.

Qeyd olunub ki, zəngin eksponatlara malik muzeydə qorunan əşyalar ədibin əsasən Moskva, Sankt-Peterburq və Bakıda yaşadığı dövrləri əhatə edir.

REA-nın prezidenti, akademik Aleksandr Sergeyev bu mərkəzin Azərbaycan və Rusiya arasında elmi, mədəni və dostluq əlaqələrinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib. Akademik Azərbaycan xalqının S.Yeseninin, o cümlədən rus şair və yazıçılarının xatirəsinə göstərdiyi diqqəti yüksək qiymətləndirib, Azərbaycanda görkəmli şairə həsr olunmuş belə bir muzey-mərkəzin fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.