• Paz. Ara 5th, 2021

Sergey Yeseninin anadan olmasının 126-cı ildönümünə həsr edilən ədəbi-musiqili tədbir keçirilib.

Bydendrologiya.az

Eki 3, 2021
<?php echo do_shortcode(‘
Oktyabrın 3-də AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 126-cı ildönümünə həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Dendrologiya İnstitutunda təşkil edilən tədbirdə Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri, Sergey Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələri Mərkəzinin əməkdaşları, elm, ədəbiyyat xadimləri, ictimaiyyət nümayəndələri və şagirdlər iştirak ediblər.
Mərasimi Sergey Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələri Mərkəzinin əməkdaşı Nəzakət İbadova açaraq görkəmli rus şairi S.Yeseninin zəngin yaradıcılığından söz açıb, onun əsərlərinin dəfələrlə doğma dilimizə tərcümə olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, görkəmli şair Bakının Mərdəkan qəsəbəsində cəmi 70 gün qalıb və Yeseninin Bakıya olan sevgisi yaradıcılığında öz əksini tapıb. Ədibin Azərbaycanda yazdığı “İran nəğmələri”, “Əlvida Bakı”, “Balaxanı mayı” və digər əsərləri onun poeziyasının ən qiymətli inciləridir.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü nəticəsində 1975-ci ildə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarının iştirakı ilə Mərdəkanda Sergey Yeseninin ev-muzeyi açılıb. Muzeyin zəngin eksponatlara malik olduğunu deyən N.İbadova burada qorunan əşyaların ədibin əsasən Moskva, Sankt-Peterburq və Bakıda yaşadığı dövrləri əhatə etdiyini söyləyib.
O, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təşəbbüsü ilə 2008-ci ildə ev-muzeyinin Sergey Yeseninin adını daşıyan Azərbaycan-Rusiya Ədəbi Əlaqələri Mərkəzinə çevrildiyini deyib, mərkəz tərəfindən məktəb və universitetlərdə şairin poetik irsinin təbliğatının aparıldığını bildirib. Bu gün mərkəzin iki ölkə arasında elmi, mədəni və dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Vurğulanıb ki, 2010-cu il yanvarın 5-dən fəaliyyətə başlamış Mərkəzin əsas məqsədi tamaşaçıları S.Yeseninin həyatı, yaradıcılığı və poetik irsi ilə tanış etmək, rus-Azərbaycan ədəbi əlaqələrinə aid olan materialların toplanması və tədqiqini həyata keçirməkdir.
Hər il oktyabrın 3-də Yeseninin doğum gününün Azərbaycanda qeyd edilməsini yüksək dəyərləndirən Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Səfir Sergey Yeseninin Rusiya və Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsi istiqamətində xidmətlərini xüsusi qeyd edib, şairin yaradıcılığının Bakı dövrü haqqında danışıb. O, Azərbaycan xalqının S.Yeseninin, o cümlədən rus şair və yazıçılarının xatirəsinə göstərdiyi diqqəti yüksək qiymətləndirib.
Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelin, Milli Məclisin deputatı Rauf Əliyev, Ədəbiyyat Muzeyinin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri Nailə Əliyeva, Rusiya Yazıçılar İttifaqının üzvü, şair Eldar Əhədov, politoloq-publisist Reyhan Mirzəzadə və digər çıxış edənlər şairin zəngin yaradıcılığından, S.Yeseninin Bakı həyatı ilə bağlı tarixi faktlardan söz açıb, onun sadə dildə yazılmış şeirlərinin hər nəsildən olan insanların zövqünə uyğun olduğunu söyləyiblər.
Tədbirin ədəbi-bədii hissəsində şairin əsərlərindən nümunələr təqdim edilib, sözlərinə bəstələnən mahnılar ifa olunub. Akademik Rafael Hüseynovun Azərbaycan ədəbiyyatı klassiklərindən bəhs edən kitabları qonaqlara təqdim edilib.
Sonda Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov Azərbaycan-Rusiya Ədəbi Əlaqələri Mərkəzinin ekspozisiyası ilə tanış olub.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir