• Çar. Nis 17th, 2024

Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının Anım Gününə həsr edilmiş iclası keçirilib

Bydendrologiya.az

Eyl 25, 2021

Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli “Anım Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi qərara alınıb. Bu münasibətlə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının Anım Günü ərəfəsində xüsusi iclası keçirilib.

İclasdan əvvəl bölmənin rəhbərliyi və üzvləri II Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər. AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, bölmənin üzvləri, elmi tədqiqat müəssisələrinin rəhbərləri, gənclər təşkilatlarının nümayəndələri general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, canlarını vətən yolunda fəda etmiş digər şəhidlərimizin əziz xatirəsini yad edib, onların ruhuna dualar oxuyub, məzarları üzərinə tər güllər düzüblər.

BTEB-in Elmi şurasının AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təşkil edilmiş iclasında öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra iclası açıq elan edən akademik İradə Hüseynova bir il əvvəl adi günlərdən biri olan 27 sentyabr tarixinin 44 günlük Vətən müharibəsində böyük anlam qazandığına və hər il şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq qeyd ediləcəyinə diqqət çəkib. Natiq qeyd edib ki, şəhidlərimizin zaman-zaman müqəddəs vətən torpağının bağrına əkdikləri azadlıq toxumlarının bir il əvvəl bir daha cücərməsi ilə qürur və qəhrəmanlıq qoxuyan günlərimizin sırasına 27 sentyabr – Anım Günü və 8 noyabr – Zəfər Günü də qoşulub. Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaq 2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgərinin şücaəti sayəsində otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız təcavüzkar Ermənistanın quldur ordusundan məhz 27 sentyabrda azad edilməyə başlayıb. Bu tarixi zəfər xalqımızın qəhrəmanlıq salnaməsinə şəhidlərimizin qızıl qanı ilə yazılıb. Ərazi bütövlüyümüzün bərpası, milli mənliyimizin xilası uğrunda ölüm-qalım savaşına könüllü olaraq qoşulmuş minlərlə vətən övladı özünü və sağlamlığını qurban verib. Bu qəhrəmanlar hər bir Azərbaycan ailəsinin əzizinə çevrilib, hər bir azərbaycanlının övladı, qardaşı, atası, xalqımızın qüruru və iftixar mənbəyi, bugünkü və gələcək nəsillərin əbədi amalı və and yeri olub. Onların uyuduğu məkanlar müqəddəs ziyarət yerinə çevrilib.

Sonra akademik İradə Hüseynova bildirib ki, Anım Günü ilə bağlı BTEB-də geniş tədbirlər planı hazırlanıb və həyata keçirilməyə başlayıb. Tədbirlər planında Anım Günü ilə əlaqədar toplantıların keçirilməsi, Vətən müharibəsi memorialına və Zəfər muzeyinə ziyarətlər, məqalələrin nəşri, “YAŞAT” Fonduna ianələrin köçürülməsi və s. məsələlər yer alıb.

Sonra söz alan Elmi şura üzvlərindən AMEA-nın müxbir üzvləri Novruz Quliyev, Əlövsət Quliyev, Elşad Qurbanov, Zeynal Əkpərov I və II Qarabağ müharibələri ilə bağlı xatirələrini bölüşüblər. Çıxış edənlər müstəqil Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin zəfərə aparan yolda atdığı addımlar, apardığı siyasi kurs, əsgər və zabitlərimizin qəhrəmanlıqları və s. barədə danışıblar.

Çıxışlara yekun vuran akademik İradə Hüseynova Qarabağın bərpasında elmin, elmi tədqiqat müəssisələrinin və alimlərin üzərinə düşən vəzifələrə diqqət çəkib və qeyd edib ki, biz dirçələn vətən torpağını, cənnətə dönən yurd yerlərini, Qarabağın çiçəklənən təbiətini hər dəfə seyr edərkən canlarını bu günlər üçün fəda etmiş şəhidlərimizi, onların qərəmanlıqlarını daim xatırlayacaq, ruhları qarşısında baş əyəcəyik.

İclasın sonunda Biologiya və Tibb Elmləri Bölməsinin fəaliyyəti ilə bağlı bir sıra məsələlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.