• Sal. Ağu 3rd, 2021

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Qurban bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki

Bydendrologiya.az

Tem 20, 2021

Hörmətli həmkarlar!

İyulun 20-21-də İslam dünyası müqəddəs Qurban bayramını qeyd edəcəkdir.

Həzrəti İbrahim peyğəmbərdən və onun əziz oğlu İsmayıldan bizə miras qalan, əsrlər boyu bütün çətinliklərə baxmayaraq, yaşadılan bu bayram bəndənin uca Yaradan qarşısında, hətta öz övladını qurban verməyə hazır olduğunu göstərən sonsuz sevgisinin, iman və etiqadının ən bariz nümunəsidir. Qurban bayramı özündə təcəssüm etdirdiyi dərin məzmunu ilə insanlara Allah yolunda bir olmağı, kəsdiyi qurbanı dini mənsubiyyətindən asılı olmayaraq ehtiyacı olanlarla paylaşmağı, imkansıza daim əl tutmağı, xeyirxahlığı, paklığı aşılayır.

Xalqımızın dünyagörüşünün formalaşmasına öz müsbət təsirini göstərən İslam dini və onun dəyərləri tarixən ölkəmizdə uca tutulub, ənənələri nəsildən-nəslə ötürülərək yaşadılıb. Məhz İslamın mahiyyətində mühüm önəmə malik olan tolerantlıq, digər dinlərə və etiqadlara hörmət anlayışı nəticəsində müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin nümayəndələri əsrlərdir ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşayırlar.

Azərbaycanda İslam dininə olan münasibət ölkə rəhbərliyi səviyyəsində daim açıq şəkildə ifadə olunub. 1993-cü ildə Prezident seçilən ulu öndər Heydər Əliyev andiçmə mərasimindəki nitqində bildirmişdi: “Xalqımızın mənəviyyatına, elminə, qüdrətinə, zəkasına İslam dininin böyük təsiri olmuşdur. Milli ənənələrimiz, mədəniyyətimiz bir çox hallarda İslam dini vasitəsilə nəsildən-nəslə keçib, indi böyük milli sərvətimiz kimi bugünkü nəsillərə çatmışdır. Azərbaycanda İslam dininə insanların sərbəst etiqad etməsi üçün bütün şərait yaradılmış və bundan sonra da yaradılacaqdır”.

Ötən illər ərzində isə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə İslam dini mədəniyyətinə yüksək qayğı göstərilib, bir çox məscidlər, türbələr, ziyarətgahlar bərpa edilib, yeniləri inşa olunub və bu proses hazırda da davam etməkdədir.

Bu il xalqımız Qurban bayramını qalib ölkənin vətəndaşı kimi qeyd edir. Xalqımızın son 30 ilə yaxın bir müddətdə torpaqlarımızın işğaldan azad olunması ilə bağlı etdiyi dualar ötən ilin sentyabrında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlanan Vətən müharibəsi ilə qəbul oldu və Azərbaycan ordusu tərəfindən Qarabağımız düşmən tapdağından azad edildi, bu vəsilə ilə ölkəmizin bütün bölgələrində qurbanlar kəsildi.

Hörmətli həmkarlar,

Sizi Qurban bayramı münasibətilə bir daha təbrik edir, kəsdiyiniz qurbanların Allah tərəfindən qəbul olunmasını diləyir, cansağlığı və elmi fəaliyyətinizdə uğurlar arzulayıram.

akademik Ramiz MEHDİYEV,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir