• Per. Mar 28th, 2024

Akademik İradə Hüseynova: “Əhalinin sağlamlığı, səhiyyənin inkişafı və biotəhlükəsizlik məsələləri Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir”

Bydendrologiya.az

Tem 6, 2021

İyulun 5-də “Sağlamlıq elmləri və innovasiyalar” mövzusunda IV beynəlxalq konqres (Uluslararası Sağlık Bilimleri ve İnovasyon Kongresi)  öz işinə başlayıb.

Tədbirdə çıxış edən konqresin sədri, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova yeni növ koronavirus pandemiyasının müasir tibb elmini çətin sınağa çəkdiyini söyləyib. Bildirib ki, COVID-19 səhiyyə sisteminin zəif cəhətlərini, inkişafa ehtiyacı olan istiqamətlərini və ciddi surətdə nəzərdən keçirilməli bir çox problemlərini, xüsusən biotəhlükəsizliklə birbaşa əlaqəli amillərə diqqət yetirilməsinin zəruriliyi məsələsini aşkara çıxarıb.

AMEA-nın vitse-prezidenti BMT-nin dayanıqlı inkişaf məqsədlərindən 3-cüsünün sağlam həyat tərzini təmin etmək və bütün yaş kateqoriyaları üçün rifahı təbliğ etməkdən ibarət olduğunu deyib, bu məqsədin tibb elminin müxtəlif sahələrinin və səhiyyənin inkişafı ilə sıx bağlılığını nəzərə çatdırıb. Əlavə edib ki, BMT, UNESCO, İslam Əməkdaşlıq Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər qurumların son dövrlərdə keçirdiyi tədbirlərdə müasir dünyanın sağlamlığı və əhalinin təhlükəsizliyi problemləri, onların həlli yolları, tibb və əlaqədar sahələr üzrə fundamental elmin inkişafı, alınan nəticələrin tətbiqi üzrə kliniki tədqiqatların gücləndirilməsi geniş müzakirə mövzuları olub.

Akademik İ.Hüseynova diqqətə çatdırıb ki, ÜST-ün məlumatına görə, hazırda dünyada təkcə yoluxucu xəstəliklərin deyil, eləcə də bir sıra irsi, qeyri-irsi, autoimmun, əvvəllər nadir təsadüf edilən xəstəliklərin də artması tendensiyası müşahidə olunur.

Konqresin sədri müasir tibbin ən mühüm istiqamətlərindən bəhs edərək, ilk növbədə ekspress və dəqiq diaqnostikaya imkan verən metodikaların, həmçinin bu metodikaların reallaşdırıldığı qurğuların hazırlanması və təkmilləşdirilməsinin önəminə toxunub: “Bu istiqamətin inkişafı bir tərəfdən həmin xəstəliklərin yaranmasının bioloji-molekulyar-genetik mexanizmlərinin aşkarlanması ilə bağlı olsa da, digər tərəfdən texniki tərəqqi və nəticələrin dəqiq işlənməsini təmin edən kompüter texnologiyalarının inkişafı ilə sıx əlaqədardır”.

Son dövrlər istər populyar, istərsə də elmi ədəbiyyatlarda insan orqanizmində defektlərin gen terapiyası vasitəsilə korreksiyası, bir sıra toxumaların və hətta orqanların kök hüceyrələri ilə bərpası və yenilənməsi kimi fikirlərə rast gəlindiyini deyən İ.Hüseynova uzunömürlülük və qocalma məsələlərinin intensiv olaraq araşdırıldığını bildirib. Qeyd edib ki, bio- və nanotexnologiyanın müasir nailiyyətlərinin tibbə, xüsusən cərrahiyyəyə tətbiqi yaxın onilliklərdə tibb elmində inqilabi nəticələrin əldə ediləcəyindən xəbər verir.

AMEA-nın vitse-prezidenti Azərbaycanda müvafiq sahədə mövcud vəziyyət və aparılan tədqiqatlardan söz açaraq, əhalinin sağlamlığı, tibb elmi və səhiyyənin inkişafının hər zaman müstəqil Azərbaycanın dövlət siyasətinin mühüm prioritetlərindən olduğunu deyib. Vurğulayıb ki, son 18 il ərzində ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti sayəsində tibb elmi və səhiyyə sistemi xeyli inkişaf etmiş, əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub.

Alimin sözlərinə görə, həm respublikanın elmi-tədqiqat institutlarında, həm də ali təhsil müəssisələrində səhiyyə xidmətinin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsi və insanların sağlamlığının mökəmləndirilməsi istiqamətində bir sıra aktual fundamental araşdırmalar aparılmaqdadır: “Hazırda bir sıra xəstəliklərin molekulyar mexanizminin müəyyənləşdirilməsi sahəsindəki uğurlar, həmçinin müxtəlif xəstəliklərin ilkin diaqnostikası və spesifik müalicəsi üçün onlardan səmərəli istifadə edilməsi bu yöndə perspektiv elmi-praktiki tədqiqatlar üçün geniş imkanlar açır. Digər mühüm tədqiqat istiqamətlərindən birini isə istər normal, istərsə də patoloji situasiyalarda orqanizmin funksiyasının tənzimlənməsi və idarə edilməsi mexanizmlərinin öyrənilməsi təşkil edir”.

İ.Hüseynova AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində tibb və biotibbə aid elmi istiqamətlərin dünyada gedən ən son tendensiyaları əhatə etməklə müəyyənləşdirildiyini bildirib. Qeyd edib ki, patologiyaların molekulyar səviyyədə tədqiqi, genomiks və proteomiks, irsi xəstəliklərin prenatal və neonatal təyini, bitki ekspressiya sistemlərindən istifadə etməklə əczaçılıq məhsullarının alınma texnologiyasının və dərman preparatlarının işlənib hazırlanması, kök hüceyrə texnologiyaları, uzunömürlülüyün və neyrodegenerativ xəstəliklərin fizioloji və mole­kul­yar-genetik tədqiqi, nüvə tibbi, elektron tibb, yeni müalicə üsullarının araşdı­rılması və s. məsələlər həmin istiqamətlər arasında xüsusi yer tutur.

“Hazırkı dövrdə tibbin inkişaf etdirilməsi üçün kompleks yanaşmalara və yeni konsepsiyalara, elmi əməkdaşlığa ehtiyac var”, – deyə bildirən konqres sədri əlavə edib ki, qeyd edilənlər nəzərə alınmadan bir-biri ilə sıx zəncir şəklində birləşən istiqamətlər arasında üzvi əlaqəni aşkar etmək və düzgün strategiya qəbul etmək mümkün deyil.

Akademik İ.Hüseynova bu gün əhalinin sağlamlığı və təhlükəsizliyi problemləri, onların həlli yolları, tibb və əlaqədar sahələr üzrə fundamental elmin inkişafı, alınan nəticələrin tətbiqi üzrə kliniki tədqiqatların gücləndirilməsi kimi məsələlərin bütün dünyada aktuallıq kəsb etdiyini qeyd edib: “Hesab edirəm ki, bugünkü tədbir də həmin aktuallıqdan irəli gələrək, elmi ictimaiyyətin bir virtual məkanda toplanması, tədqiqat nəticələrinin yayılması, yeni elmi istiqamətlərin təbliği, gənc alim və mütəxəssislərin təcrübə toplaması, elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Konqresdə dinləniləcək onlarla məruzə və aparılacaq ciddi müzakirələr elmi dairələrdə böyük maraq doğuracaq, konqres tibb elminin inkişafına real töhfələr verəcək”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.