• Cum. Mar 29th, 2024

Dendrologiya İnstitutunun əməkdaşları Lənkəran-Lerik bölgəsində elmi ekspedisiyada olublar

Bydendrologiya.az

Haz 13, 2021
EKSPEDİSYA

02-05 aprel 2021-ci il tarixlərində elmi-tədqiqat işlərinin aparılması ilə əlaqədar AMEA Dendrologiya İnstitutunun işçı qrupu – Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, “Dendroxronologiya” laboratoriyasının müdiri, b.ü.f.d. Samirə Bağırova, laboratoriyanın elmi işçisi Aydan Rəsulova, “Ağac və kolların introduksiyası və iqlimləşdirilməsi” lаbоrаtоriyаsının a.e.i. prof. Elman İsgəndər, “Herbari və toxumçuluq”  laboratoriyasının rəhbəri, b.ü.f.d., dosent Minarə Həsənova, laboratoriyanın elmi işçisi Nigar Bədəl-zadə tərəfindən təbii şəraitdə biomüxtəlifliyin populyasiya vəziyyəti, ekosistemlərinin qiymətləndirilməsi, Hirkan florasının taksonomik tərkibi, təbii floranın nadir növlərinin populyasiyalarında baş verən proseslər, növlərin yaş strukturuna əsasən dendroxronoloji təhlili məqsədi ilə 3 (üç) gün müddətinə elmi ezamiyyə təşkil edilmişdir.

Azərbaycanın cənub bölgəsində hərtərəflı monitorinq nəticəsində elmi-tədqiqat işləri aparılıb, Hirkan Milli Parkının, Lənkəran rayonunun, Lerik ərazisinin bitki örtüyü təhlil edilmiş, bitkilərin yayılma arealları, formasiya və asosasiyaları müəyyən edilib.

Ezamiyyə müddətində AMEA Dendrologiya İnstitutu və Lənkəran Regional Elmi Mərkəzi tərəfindən hər iki müəssisənin mövcud Nizamnamə tələblərinə uyğun olaraq birgə elmi-texniki əməkdaşlığa dair müqavilə imzalanmışdır.

Elmi-tədqiqat iş planlarına və mərhələlərə uyğun olaraq tədqiqat ərazilərində təhlillər aparılmışdır. Hirkan florasının özünəməxsus xüsusiyyətləri, taksonomik müxtəlifliyi analiz edilimişdir.

Hirkan florasında şərq fıstığı (Fagus orientalis Lipsky), şabalıdyarpaq palıd (Quercus castaneifolia C.A.Mey.), dəmirağac (Prrotia persica (DC.) C.A.Mey.), vələs (Carpinus betulus L.) növləri əsasən dominantlıq təşkil etdiyi müəyyənləşdirilmişdir. Bəzi ərazilərdə 22-28 m hündürlüyündə Qafqaz xurması (Diospyros lotus L.) dominantlıq təşkil edir. Tədqiqat ərazilərində qeydlər aparılmış, həmişəyaşıl bitki növlərindən (Buxus hyrcana, Ilex hyrcana, Ruscus hyrcanus, Danae racemosa), Hirkan bigəvəri (Ruscus hyrcanus) adətən aşağı düzən və dağətəyi qurşaqda, budaqlı danaya (Danae racemosa) daha çox çay kənarlarında və nəmli yarğanlarda, hirkan pırkalı (Ilex hyrcana) isə palıd və fıstıq meşələrində təsadüf edilir. Çay kənarlarında bəzən hirkan şümşadı tərkibində tək-tək vələs, palıd, azat, ağcaqayın olmaqla kiçik areallıq əmələ gətirir. Xanbulan çayının cənub hissəsində bitkilər növ tərkibinə görə dəyişir. Qafqaz vələsi, şabalıdyarpaq palıd dominantlıq təşkil edir, dəmirağac isə nisbətən azdır, ağaclar tamamilə pastuxov daşsarmaşığına bürünmüşdür. Meşədə dəmirağacına xas olmayan 30-32 m hündürlükdə düz gövdəli cavan ağaclar əksəriyyət təşkil edir.

Meşə kənarlarında adətən tərkibində əzgil, yemişan, alça və bəzi yerlərdə hirkan ənciri (Ficus hyrcana Grossh.), adi nar (Punica granatum L.), itburnu (Rosa canina L.), mərəvcə və güyəmə olan böyürtkən kolluqları keçilməz sədd əmələ gətirir. Bəzən eroziyaya uğramış yerlərdə qayalıqların ətrafında, meşə kənarlarında çox böyük hissəsələrdə əsasən, yalanqoz, palıd, dəmirağac, vələs, fıstıq cinslərinin dominantlığı ilə yaranmış hirkan tipli hirkan bigəvəri (Ruscus hyrcanus), hirkan şümşəsi (İlex hyrcana), budaqlı danayadan (Danae racemosa) ibarət qarışıq meşələrdə həmişəyaşıl kollar meşəaltı təbəqə əmələ gətirir. Tədqiqat ərazisində kolluq formasiyalarının yaratdığı assosiasiyalara rast gəlinir. Düzən meşə bitkiliyi son illər antropogen təsirə məruz qalmışdır. 2-3 yarusdan ibarət düzən meşədə, üçüncü yarus adətən palıd, vələs, hirkan qovağından (Populus hyrcana Grossh.), ikinci yarus dəmirağacı, ağcaqayın, qarağac və s. növlərdən ibarətdir. Nəmli meşələrin tərkibində birinci yarusda yalanqoz (Ptericarya pterocarpa (Mchx.) Knth ex. I.Iıjinsk.), bəzi ərazilərdə saqqallı qızılağac (Alnus barbata C.A.Mey.) üstünlük təşkil edir.

Meşəaltı əmələ gətirən kolluq yarusu əzgil (Mespilus germanica L.), yemişan (Crataegus sp.), alça (Prunus divaricata Ledeb.) və bəzən heyvadan (Cydonia oblonga Mill.) ibarət olur. Tədqiqat apardığımız ərazinin hər yerində pastuxov daşsarmaşığı (Hedera pastukowi Woronow), radde böyürtkəni (Rubus raddeanus Focke), güyəmə (Periploca graeca L.), hündür mərəvcə (Smilax excelsa L.), meşə üzümü (Vitis sylvestris C.C.Gmel.) sarılmış ağaclara rast gəlmək olur. Aparılmış monitorinqlər nəticəsində Hirkan florasının ağac və koların taksonomik tərkibi araşdırılmış, bitkilərin müxtəlif inkişaf fazalarında herbari nüsxələri toplanılmışdır. Tədqiqat zamanı Azərbaycan Respublikasının cənub bölgəsinin təbii dendroflorası Engler və APG III-IV sistemləri əsasında təhlil  edilərək herbari nümunələri laboratoriya şəraitində sistematik təhlil edilərək hazırlanır.