Noyabrın 20 -i 2023-cü il tarixində Rusiya Botanika Bağları Cəmiyyətinin sədri, Rusiya Baş Botanika bağının sabiq direktoru, görkəmli bioloq-alim, professor Aleksandr Serqeyeviç Demidov dünyasını dəyişib.
Aleksandr Serqeyeviç Demidov Rusiya Botanika Bağları cəmiyyətini xarici ölkələrdə ləyaqətlə təmsil etmiş, dünyanın müxtəlif dövlətlərində dünya elminin nailiyyətlərini təbiətşünas alimlərə təqdim edərək nüfuzlu mükafatlara layiq görülüb.
Professor Aleksandr Serqeyeviç Demidov və Dendrologiya İnstitutunun sabiq baş direktoru, AMEA -nın Müxbir üzvü Tofiq Məmmədovun arasında qarşılıqlı elm münasibətləri dərinləşərək sıx dostluq, qardaşlıq əlaqələrinə çevrilmişdi. 2017-cü ildə hər iki alimin təşəbbüsü ilə Dendrologiya İnstitutunda Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının təşkilatçılığı ilə MDB ölkələri Botanika Bağları Şurasının IV Qurultayı baş tutmuşdur.
Professor Aleksandr Serqeyeviç Demidov elmi fəaliyyətinin əsas istiqamətləri dünyanın müxtəlif ərazilərində ağac və kol bitkilərinin, xüsusən nadir və məhv olmaq təhlükəsində olan növlərin genofondunun qorunub saxlanılması, biomüxtəlifliyinin artırılması, təbii еhtiyаtlаrının bərpаsı, düzgün və səmərəli istifаdə еdilməsi üçün iqlim şəraitinə uyğun ağac və kol növlərinin introduksiyasının prioritet istiqamətlərinin müəyyən edilməsi, eləcə də ətraf mühitin mühafizəsi üzrə mühüm tövsiyələrin verilməsi olub. Alimin dünya elminin inkişafında çoxillik zəngin və məhsuldar fəaliyyəti, dünyada yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olub.
AR ETN Dendrologiya İnstitutunun baş direktor v.i.e., biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova və İnstitutun kollektivi alimin ölümü ilə əlaqədar Rusiya Botanika Bağları Cəmiyyəti və Rusiya Baş Botanika Bağı kollektivinə dərin hüzünlə başsağlığı verir. Görkəmli alim səmimi insan, Professor Aleksandr Serqeyeviç Demidovun əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.
Allah rəhmət eləsin!