• Pts. Mar 4th, 2024

Lənkəran Regional Elmi Mərkəzində efir yağları və ekstraktların alınması üçün tədqiqatlara başlanılıb

Bydendrologiya.az

Eyl 18, 2023
Lənkəran Regional Elmi Mərkəzində efir yağları və ekstraktların alınması üçün tədqiqatlara başlanılıb
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (LREM) ənənəvi olaraq çay, sitrus və subtropik bitkiləri ilə bağlı elmi-tədqiqat işlərini davam etdirir. Çay bitkisi ilə bağlı aparılan elmi-tədqiqat işləri xüsusən diqqəti cəlb edir. Belə ki, indiyədək burada 4 çay sortu yaradılıb. LREM-in direktoru, professor Fərman Quliyevin sözlərinə görə, tədqiqatlarda uzun illərdən bəri çay bitkisinin 50-dan çox sort və forma klonları toplanaraq Lənkəran çay filialının eksperimental kolleksiya plantasiyasında müqayisəli sınaqdan keçirilib və bir sıra uğurlar əldə edilib.
Yeni yaradılmış sortlar əvvəllər rayonlaşmış çay sortu “Azərbaycan-2” ilə müqayisələr aparılmış, kolların həcmi, budaqlanma dərəcəsi, yarpaqların buğumarası məsafəsi, fleşlərin kütləsi, uzunluğu, kolların zöğvermə intensivliyi və sair haqda məlumatlar toplanmış və müqayisəli şərhi verilib. Beləliklə, Lənkəran çay-sitrus bitkiləri filialında çayın klassik və seleksiya üsulları ilə yaradılmış müxtəlif forma və klonları üzərində aparılan elmi-tədqiqat işlərinin nəticəsində 2015-ci ildə üç forma və klon, 2016-cı ildə isə bir forma və klon Dövlət Sort Sınağına qəbul olunmuş, “Fərmançay”, “Lənkəran”, “Xəzər”, “Fərmançay çəhrayı” sortları Dövlət Reyestrinə salınıb. Hərtərəfli öyrənilmiş bu perspektiv forma və klonlar təsərrüfat göstəricilərinə görə rayonlaşdırılmış çay seleksiya sortundan – nəzarət variantından (“Azərbaycan-2”) daha yüksək göstəricilərə malikdir. Yeni sortların artırılması məqsədilə burada anaclıq sahəsi yaradılıb. Gələcəkdə bu sortların artırılıb təsərrüfatlara verilməsi “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın yerinə yetirilməsinə, ölkə ərazisində çayçılığın intensiv inkişafına öz töhfəsini verəcəkdir.
Sitrus bitkiləri üzərində aparılan tədqiqatlarda da bir sıra uğurlu nəticələr əldə edilib. Aparılan elmi tədqiqatlar zamanı yeni limon və narıngi sortları əldə olunub. Yeni limon sortunun yetişdirilməsi aqrotexniki qulluq az tələb etdiyindən ucuz başa gəlir, məhsulvermə qabiliyyəti isə digərlərindən 40-50 faiz çoxdur. “Lənkəran meyeri” (“Meyer ağçiçək”) adı verilən yeni limon sortu yüksək məhsuldarlığına, şaxtaya, xəstəlik və zərərvericilərə qarşı dözümlülüyünə görə ənənəvi limon sortlarından fərqlənir.
Son illərdə LREM daha bir yeni limon sortunu “Armudvari limon” DSS-na təqdim etmək üçün hazırlanır. Lənkəran bölgəsində introduksiya olunmuş və seleksiya yolu ilə alınmış naringi sort-formaları yerli şəraitdə adaptiv xüsusiyyətlərə malik olmaqla bir sıra müsbət təsərrüfat əhəmiyyətli əlamət və xüsusiyyətləri vardır və qiymətli material kimi yeni narıngi “Karlik tezyetişən” sortunun yaradılmasında istifadə olunub. Gələcəkdə bu meyvələrin artırılaraq təsərrüfatlara verilməsi ölkəmizdə bu sahənin inkişaf etdirilməsinə, sitrus bitkilərindən yüksək məhsul götürülməsinə imkan yaradacaq.
Son illərdə naringinin daha bir yeni sortu – “Elit Karlik” hər tərəfli öyrənilmişdir və DSS-na təqdim edilmə ərəfəsindədir. Son dövrlərdə bölgəmiz üçün yeni olan tropik-subtropik bitki olan quayava ilə bağlı aparılan elmi-tədqiqat işləri müsbət nəticələr verib. Hazırda müalicəvi xüsusiyyətləri ilə ciddi surətdə fərqlənən bu möcüzəvi bitkinin açıq havada, sintetik örtük altında və otaq şəraitində becərilməsi imkanları öyrənilib, onun çoxaldılmasında bir sıra uğurlar əldə edilib. Təcrübə sahəsində xeyli miqdarda sarı və qırmızı növ quayava kolu klon üsulu ilə çoxaldılıb, onların bir hissəsi artıq meyvə verməyə başlayıb. Qeyd edək ki, quayavanın vətəni Mərkəzi Amerika və Cənubi Meksikadır. Quayava (lat. Psidium guajava) – mərsinkimilər fəsiləsinə aid ağacdır. Kiçik həmişəyaşıl və ya yarpağı yarıtökən ağac olan quayava, adətən hündürlüyü 3-4 m-ə qədər, lakin bəzən hündürlüyü on-iyirmi metrə çatır.
Quayava quraqlığa davamlıdır. İldə bir və ya iki dəfə çiçək açır. Bu gün quayava demək olar ki, bütün tropik ölkələrdə yetişdirilir. Bir çox ölkələrdə quayavadan tibbdə istifadə olunur, meyvəsi antimikrobial, bakterisid, büzücü və antiseptik xüsusiyyətlərə malikdir, portağaldan beş dəfə çox C vitamini ehtiva edir.
Maraqlıdır ki, dərman məqsədləri üçün təkcə quayavanın meyvələri deyil, həm də yarpaqlar, çiçəklər və qabıqlarından istifadə olunur. Quayava yarpaqları çay kimi dəmlənir və həzm pozğunluqları, dizenteriya, aybaşı pozğunluğu və başgicəllənmə zamanı içilir, dəri xəstəliklərində xaricdən tətbiq edilir.
Meyvələr büzücü birləşmələrlə çox zəngindir. Bu büzücü birləşmələr qələvi təbiətə, dezinfeksiyaedici və antibakterial xüsusiyyətlərə malikdir. Çiy quayava meyvə şirəsi və ya yarpaqlarının həlimi öskürək və soyuqdəymə müalicəsində faydalı ola bilər.
Lənkəran-Astara rütubətli subtropik bölgəsində bunlarla yanaşı, bir sıra digər meyvə və texniki bitkilərin-laym, avokado, berqamot, pomela, nəcib dəfnə, bambuk, bəzək bağçılığında istifadə edilən danaya və s. sənaye miqyaslı inkişafı üçün aqroiqlim potensialı mövcuddur və bunların materiallaşdırılmasını da diqqətdə saxlanır.
Dendrologiya İnstitutu ilə yenilənmiş müqaviləyə əsasən Lənkəran Regional Elmi Mərkəzində bir sıra istiqamətlər üzrə müştərək elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulub. Onlardan biri də sitrus, çay və müxtəlif ekzotik bitkilərin yarpaq və meyvələrindən efir yağları və ekstraktının alınması istiqamətində tədqiqatların aparılmasıdır. LREM-də yaradılan laboratoriyada aparılan axtarışlar ilk bəhrəsini verib. Belə ki, LREM-nin direktoru, professor Fərman Quliyevin rəhbərliyi altında elmi işçilər Dendrologiya İnstitutunun şöbə müdiri, dosent, biologiya üzrə fəlsəfə doktoru Hüseynağa Əsədov, elmi işçi Kəmalə Sadıqov, LREM-nin əməkdaşları kiçik elmi işçi İdris Höccətov və baş laborant Ülviyyə Axundovanın apardığı elmi-tədqiqatlar nəticəsində ilk dəfə olaraq mərkəzdə çay yarpağının ekstraktı və limon qabığından efir yağları alınıb. Alınan məhsulların tibb və qida sahəsində böyük əhəmiyyəti var.
LREM əməkdaşları bu istiqamətdə işlərini daha yüksək səviyyəyə çatdırmaq üçün elmi-tədqiqat işlərini uğurla davam etdirirlər. Cari ildə AMEA-nın prezidentinin LREM-in elmi-tədqiqat işi ilə tanış olması və onun tapşırığı ilə əlaqədar çəltik bitkisi üzərində də elmi-tədqiqat işlərinin aparılması üçün LREM-də hazırlıq işləri görülür.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir