• Cum. Mar 29th, 2024

Zəngilan regionunun iqdisadi və coğrafi əhəmiyyəti

Bydendrologiya.az

May 25, 2023

 

 Zəngəzur mahalı Azərbaycan torpağının ən qədim yeri və əcdadlarımızın yaşayış məskəni olub. Tarixi mənbələrdən məlumdur ki, “Zəngəzur” termini bir toponim kimi XIX əsrdən məlumdur. Zəngəzur ərazisi Kiçik Qafqazın Zəngəzur silsiləsinin bir qismini, Azərbaycan sərhədlərinin cənub-qərbini, Ermənistan ərazisinin cənub şərqini əhatə edir. Azərbaycan sərhədləri içərisində qalan hissəsi Şərqi Zəngəzur, Ermənistan ərazisində qalan hissəsi isə Qərbi Zəngəzur adlanır. 1921-ci ildə Zəngəzur mahalı qərb və şərq hissələrinə bölünür. Zəngəzur ərazisi: Qafan, Qarakilsə, Gorus, Megri və s. Azərbaycandan alınıb Ermənistana verilir. Beləliklə, Zəngəzur rayonlara bölünərək adı xəritədən silinir. Azərbaycan Prezdenti İlham Əliyevin dərin siyasəti, ordumuzun qəhrəmanlığı nəticəsində 44 günlük müharibədən sonra bütün Qarabağ ərazisi kimi, Zəngəzur mahalı da azadlığa çıxarılır. Cənab Prizdentimiz, Ali Baş Komandan İlham Əliyevin 7 iyul 2021-ci il tarixli Fərmanına əsasən, qədim Zəngəzur adı coğrafi, inzibati ərazi vahidi olaraq yenidən xəritələrə qaytarılır. 26 oktyabr 1921-ci ildə Türk dünyasını birləşdirən Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməli qoyulur. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Zəngəzur Azərbaycanın Qubadlı, Laçın, Zəngilan rayonlarını, indiki Ermənistanın Qafan, Gorus, Sisyan və Megri rayonlarının ərazilərini əhatə edir. Zəngəzur mahalının əzəli torpağı Zəngilan inzibati rayon kimi 1930-cu ildə yaranmışdır. Bu ərazi respublikamızın qərb bölgəsində yerləşmiş və iqtisadi cəhətdən inkişaf etmiş rayondur. Belə ki, Bakı-Culfa-Naxçıvan magistral dəmir və şosse yolları üzərində olduğundan, iqtisadi cəhətdən xüsusi əhəmiyyət kəsb edir. 27 il düşmən tapdağında olan Zəngilan şəhəri 2020-ci il 20- 22 oktyabrda mübariz ordumuz tərəfindən işğaldan azad olunmuşdur. Cənab Prezdentimiz İlham Əliyevin ardıcıl və dərin siyasəti ilə qəhrəman əsgərlərimizin zəfər bayrağı hal-hazırda Zəngilanda dalğalanır və 44 günlük müharibədən sonra bütün Qarabağ ərazisi kimi, Zəngilan regionu da azadlığa çıxmış, füsunkar təbiəti və zəhmətkeş insanlarının fəaliyyəti nəticəsində iqtisadi inkişaf dövrünə qədəm qoymuşdur. Zəngilan rayonu Qarabağ iqtisadi bölgəsinin təbiəti və coğrafi yerləşməsi baxımından Kiçik Qafqazın ən möhtəşəm və gözəl məkanı, dağ yamaclarının zümrüd boyalarla zəngin olan təbiət incisidir. Füsunkar təbiəti ilə seçilən Zəngilan rayonu iqtisadi və coğrafi baxımdan əlverişli potensiala malikdir. Çoxfunksiyalı Zəngilan Beynəlxalq Hava Limanı sosial, iqtisadi və nəqliyyat məsələlərinin həllində mühüm rol oynayır və bu mənada böyük əhəmiyyə malikdir. Beynəlxalq Hava Limanı müasir təhlükəsizlik tələblərinə, standartlarına cavab verməklə yanaşı, avtomatlaşdırılmış idarəetmə sisteminə malikdir. Dünya standartarına uyğun, müasir tipli təyyarələri qəbul edə biləcək Zəngilan Beynəlxalq Hava Limanı şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizinin elementinə çevriləcəkdir. Bu da nəqliyyat və yük daşımalarının intensivliyini və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək, rayonda istehsal olunan məhsullar ölkə daxilində istifadə olunmaqla bərabər, xarici ölkələrə çox asanlıqla çıxarılacaq. Beləliklə, Zəngilan Beynəlxalq Hava Limanı yalnız Azərbaycanın deyil, bütün regionun inkişafında əhəmiyyətli rol oynayacaq. İstənilən dövlət və onun xalqı siyasi, iqtisadi və s. cəhətlərdən nə qədər möhkəm, qüdrətli, mübariz olarsa, onun həyata keçirdiyi siyasətin müstəqillik elementləri də bir o qədər güclü olar. İşğaldan azad edilmiş torpaqlarımızda infrastruktur tədbirlər həyata keçirilir, kənd təsərrüfatının, iqtisadiyyatın inkişafı, ekoloji fəlakətə məruz qalan yerlərin, yenidənqurma işlərinin bərpası üçün layihələr icra olunur. Uğrur hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan reallıqlara addım atmaqla dünyaya öz gücünü, qüdrətini nümayiş etdirir. Zəngilan rayonunda alternativ günəş enerjisinin böyük potensialı vardır. Burada enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcəkdir. Zəngilanda çoxlu sayda faydalı qazıntılar, mədənlər, təbii sərvətlər, qızıl yatağı və s. vardır. Ərazidə təbii halda yayılmış çinar meşəsi sahəsinə görə dünyada ikinci, Avropada isə birinci yeri tutur. Füsunkar təbiəti ilə seçilən Zəngilan rayonu coğrafi müxtəlifliyinin bariz nümunəsi turizm potensialına malikdir. Lakin qəsbkarlıq dövründə Zəngilan regionunun təbii bitki örtüyü istismar edilib, meşələri qırılıb, təbii sərvətləri talan edilmişdir. Bu baxımdan, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun alimləri Qarabağın biomüxtəlifliyi, bitki örtüyünün öyrənilməsi, bitki taksonlarının təbii arealının araşdırılması istiqamətində elmi tədqiqat işlərinin davam etdirilməsini qarşıya məqsəd qoymuşdur. Alimlərimiz, o cümlədən 2023-cü ildə Zəngilan ərazisinə monitorinqlərin aparılmasını, regionun bitki örtüyünün öyrənilməsini vacib bilir. Bu mənada, İnstitutun əməkdaşları bu regionun bitki kolleksiya fondunun artırılması və qorunub saxlanması, zənginləşdirilməsi və çoxaldılması istiqamətində elmi tədqiqat işlərini davam etdirəcəkdir.

 

  AR Elm və Təhsil Nazirliyinin  Dendrologiya İnstitutu

   Ekologiya və iqlimləşdirmə laboratoriyasının müdiri

  b.ü.f.d., dosent    Əsədov Hüseynağa