• Cum. Şub 3rd, 2023

İstiot nanəsinin biomorfoloji xüsusiyyətləri və tibbi əhəmiyyəti

Bydendrologiya.az

Oca 23, 2023

AR Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun təcrübə sahəsində Mentha Piperita L. – İstiot nanəsi növü toplanmış, laboratoriya şəraitində standartlara uyğun şəkildə qurudulmuşdur. Tədqiq olunan Mentha Piperita L. – İstiot nanəsi növündən yağlar alınmışdır.  Növün biomorfoloji xüsusiyyətləri aşkar edilmişdir.

Nanə yarpaqlarında bir sıra bioloji fəal maddələrin kompleksi olduğu üçün o, farmokoloji cəhətdən geniş spektra malikdir. Yarpaqlarından reflektor tac qan damarlarını genişləndirici, sakitləşdirici, spazmolitik, ödqovucu, antiseptik və ağrıkəsici xassəyə malik preparatlar hazırlanır. Nanə yağında olan mentol antiseptik xassəyə malikdir. Yuxarı tənəffüs yolları xəstəliklərində (faringit, laringit, traxeit, zökəm və s.) mentoldan və nanənin digər preparatlarından selikli qişalara yaxmaq üçün, inhalyasiya, eləcə də damcı formasında buruna damızdırmaq üçün işlədilir. Göstərdiyimizdən əlavə mentol karandaşından baş ağrısında, mentolun 2%-li spirtli və ya 10%-li yağda həll edilmiş məhlulundan miqrendə, nevralgiyada və digər nevroloji xəstəliklərdə xaricə sürtmə dərmanı kimi işlədilir. Eləcə də “inqafen” inqalyatorun tərkibində istifadə olunur. Nanənin yarpağı və yağı fitonsid və antiseptik xassəyə malikdir.

İstiot nanəsinin yağında 38-65% mentol olduğundan mentol almaq üçün əsas xammal sayılır. Mentolun 3-5% spirtlə məhlulu, ikinci və üçüncü dərəcəli donmaların müalicəsində işlədilir.

Mentha Piperita L. – İstiotlu nanə növünün tərkibindəki bioloji aktiv maddələri aşkar etmək üçün yarpaq və gövdəsinin ekstraktı hazırlanmış, eyni zamanda alınan efir yağın komponent tərkibi “Kristal” M markalı qaz xromatoqrafiyasında öyrənilmişdir.

Azərbaycanda becərilən nanənin yarpaqlarında 0,5-dən 2,5%-ə qədər efir yağı vardır ki, bunun da tərkibinin çox hissəsini (40-60%-ni) həm sərbəst, həm də valerian və sirkə turşuları ilə mürəkkəb efir şəklində olan mentol spirti təşkil edir. Bundan başqa nanənin efir yağında menton (9-25%), pinen, limonen, puleqon, fellondren, dipenten, sineol və digər terpenlər və terpenlərin törəmələri də vardır. Göstərdiklərimizdən əlavə yarpaqlarında hespiridin, ursol və oleanol turşuları, karotin, aşı maddələri, mikroelementlər və s. tapılmışdır.

İstiotlu nanə yarpağından təkcə tibb sahəsində deyil, kosmetika, aromaterapiya və qida sənayesində də istifadə edilir. Təzə və qurudulmuş yarpaqlarını sup, salat, tərəvəz və ət məhsulları ilə birlikdə qəbul edilməsi məsləhətdir. Çayların tərkibində ödqovucu, tərqovucu kimi, qida, konditer və parfümeriya sənayesində diş pastası və tozu kimi geniş istifadə edilir.

Mentha piperita L. növünün gövdə və yarpaqlarından alınan ekstrakt və yağın komponent tərkibi “Kristal” M markalı qaz xromotoqrafiya üsulu ilə analiz olunmuşdur.

Aparılan elmi tədqiqatlar nəticəsində Mentha piperita L. növünə Abşeron şəraitində aqrotexniki qulluq göstərildiyi zaman inkişafını normal keçirdiyi, becərilməsində xüsusi qayğıya ehtiyac olmadığı müəyyən olunmuşdur. Növün gövdə və yarpaqlarından alınan ekstrakt və efir yağının komponent tərkibi “Kristal” M markalı qaz xromotoqrafiyasında öyrənilmişdir. Araşdırmalar göstərir ki, Mentha piperita L. növündən alınan efir yağı tibbdə, qida sənayesində, kosmetologiya sahəsində, aromaterapiyada istifadə olunması böyük əhəmiyyət kəsb edir. Ona görə ki, efir yağlarının tərkibində olan bioloji aktiv maddələr insanlara müalicəvi, psixoloji cəhətdən müsbət təsir göstərir. Belə ki, çoxsahəli əhəmiyyətə malik olan Mentha piperita L. növünün geniş istifadə olunması məqsədəuyğundur.

 

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun aqrar elmlər üzrə

fəlsəfə doktoru, dosent Tofiq Sadiqov

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir