• Cum. Şub 3rd, 2023

İradə Hüseynova: “Qırmızı kitab”ın III nəşrinin hazırlanması prosesi yekunlaşır

Bydendrologiya.az

Oca 7, 2023

Azərbaycan Respublikasının “Qırmızı kitab”ının nəşrləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən AMEA ilə əlaqəli təşkil edilir. Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli qərarı ilə qəbul edilmiş əsasnaməyə uyğun olaraq, “Qırmızı kitab”ın III nəşri üzrə ardıcıl və məqsədyönlü fəaliyyətlərə 2019-cu ildə başlanılıb. III nəşrin AMEA üzrə redaksiya heyətinə tanınmış alimlər və müvafiq sahələr üzrə rəhbər şəxslər daxil edilib. Redaksiya heyəti tərəfindən III nəşr üzrə 2019-2023-cü illəri əhatə edən iş proqramı hazırlanıb və AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edilib.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin hazırlanması, aparılan tədqiqatlar və yekun proseslər haqqında fikirlərini bölüşüb. O qeyd edib ki, pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, qarşıya qoyulmuş vəzifələrin icrası üçün aidiyyəti institutlar və alimlər tərəfindən bitki, göbələk və heyvanların qırmızı siyahılarının hazırlanması, yoxlanılması, statuslarının dəqiqləşdirilməsi üzrə fəaliyyətlər yerinə yetirilib. “Qırmızı kitab”ın III nəşri ölkə Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı AMEA-nın tədbirlər planına salınıb və nəşrin “Heydər Əliyev İli”nə mühüm töhfə olacağı şəksizdir. Azərbaycan Respublikasının “Qırmızı kitab”ının I nəşrinə nadir və nəsli kəsilmək təhlükəsi altında olan 140 ali bitki növü daxil edilib. I nəşrdə olan 33 nadir növ müxtəlif səbəblərdən II nəşrə daxil edilməyib. Onlardan 15 növün “Qırmızı kitab”ın III nəşrinə yenidən daxil edilməsi məqsədəuyğun hesab edilib. “Qırmızı kitab”ın II nəşri 330 növü, o cümlədən 266 ali (1 növ mamır) və 20 ibtidai bitkini, 14 göbələk növünü əhatə edir. “Qırmızı kitab”ın II nəşrində olan 23 növün III nəşrə daxil edilməsi tövsiyə edilməyib. İşçi qrupu tərəfindən “Qırmızı kitab”a daxil edilməsi tövsiyə olunan yeni növlərin sayı 122-yə bərabərdir. “Qırmızı kitab”ın III nəşrinə daxil edilmək üçün 450-dən çox növ qiymətləndirilib. Bunlardan 400-dən çoxu ali, 6-sı ali sporlu, 7-si ibtidai bitkilərə (2-si şibyə, 5-i yosun), 37-si göbələk növlərinə aiddir.

“Qırmızı kıtab”ın I nəşrinə 108 növ heyvan adı daxil edilib ki, onların 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq və 40 növü həşəratlar sinfinə aiddir. “Qırmızı kitab”ın II nəşrinə nadir, nəsli kəsilmək təhlükəsində olmaqla, qorunmasına ehtiyac yaranan 223 növ heyvan daxil edilib. II nəşrə həşəratlar sinfinə aid 77 növ daxil edilib. III nəşrdə 25 növün siyahıdan çıxarılması, 30 növün isə əlavə edilməsi təklif edilir. II nəşrə 6 amfibi və 20 sürünən növü daxil edilib. Ötən dövr ərzində bu növlərin bir çoxunun təsnifatında dəyişikliklər edilib. Bu fakt, eləcə də son illərdə aparılan molekulyar-genetik tədqiqatlar nəticəsində bəzi növlərin iki və daha çox müstəqil növə ayrılması III nəşrdə nəzərə alınacaqdır. “Qırmızı kitab”ın II nəşrinə quşların 72 növü daxil edilmişdi. Bunlardan 10 növün yaşıl siyahıya salınması və qırmızı siyahıya isə 16 yeni növün daxil edilməsi təklif edilir. II nəşrə düşmüş məməli heyvanlardan 5 növün qırmızı siyahıdan çıxarılması və 2 yeni növün daxil edilməsi planlaşdırılır. Ümumilikdə, III nəşrə 242 fauna növünün salınması qərara alınıb. Bunlardan su onurğasızlarının 7, həşəratların 82, balıqların 12, suda-quruda yaşayanların 6, sürünənlərin 18, quşların 78, məməlilərin 39 növü üzrə qiymətləndirmələr aparılıb, onların sayı, nəsilvermə göstəricisi, biotopla trofik əlaqəsi, limit amilləri haqqında məlumat toplanıb, oçerklər yayılma xəritələri və növün xarakterik şəkilləri ilə birgə tam hazırlanıb, növlərin kitabdakı sıralanması müəyyənləşdirilib.

“Ermənistan tərəfindən işğal müddətində təbiətə, torpaq və su resurslarına qarşı törədilən ekoloji fəsadlar fauna və floranın nadir növlərindən də yan keçməyib, Azərbaycan Respublikasının “Qırmızı kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısı”na daxil edilmiş nadir təbiət inciləri məhvə məruz qalıb. Qarabağ torpaqlarının işğaldan azad edilməsi nəticəsində bu regionda da ekspedisiya tədqiqatlarına imkan yaranıb və “Qırmızı kitab”ın II nəşrindən fərqli olaraq III nəşrdə regionun nadir və itmək təhlükəsində olan növlərinin real monitorinqlərinin həyata keçirilməsi mümkün olub. İşğaldan azad edilmiş ərazilərdə alimlərimiz “Qırmızı kitab”la bağlı tədqiqatlar aparıblar. Bu tədqiqatların nəticələri də III nəşrdə öz əksini tapacaqdır.

Bu gün qürur hissi ilə deyə bilərəm ki, qəbul olunan qərarlar, görülən işlər, aparılan ekspedisiya və kameral tədqiqatlar, bütün prosesə AMEA rəhbərliyinin yüksək diqqəti və nəzarəti öz müsbət nəticələrini verib. Bütün respublika ərazisində aparılmış tədqiqatlar nəticəsində həm flora, həm də fauna üzrə yekun oçerklər ümumi qəbul edilmiş ortaq identik formalar əsasında yazılıb və ingilis dilinə tərcümə edilib, müvafiq şəkillər və yayılma xəritələri hazırlanıb. Hazırda materialların son redaktə və dizayn işləri aparılır, ən qısa zamanda kitab nəşrə təqdim ediləcək”, – deyə akademik İradə Hüseynova fikrini yekunlaşdırıb.

AzərTac

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir