• Cum. Şub 3rd, 2023

Feyxoa bitkisinin botaniki təsviri, biomorfoloji xüsusiyyətləri

Bydendrologiya.az

Oca 6, 2023

 AR Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun əməkdaşları tərəfindən feyxoa bitkisinin botaniki təsviri, biomorfoloji xüsusiyyətləri öyrənilmişdir.

 Feyxoa (Feijoa sellowiana berg) subtropik meyvə bitkiləri içərisində çox maraqlı bitkidir. Vətəni Cənubi Amerikanın subtropik zonasıdır. Botaniki təsvirə görə feyxoa mərsinkimilər (Myrtaceae R.Br.) fəsiləsinin Feijoa cinsinə daxildir və 3 növü vardır: 1)F. sellowiana Berg, 2)F. shenkiana Kiaersk. 3)F. obovata Berg. Bunlardan F. sellowiana növü geniş yayılmışdır.

Mədəni feyxoa növü (F. sellowiana Berg) həmişəyaşıl çoxillik kol bitkisidir. Hündürlüyü 2,5 – 3 m-ə çatır. Yarpaqları qarşı qarşıya və növbə ilə düzülür, qalın və möhkəm olur. Yarpaqların kənarı bütöv, üst tərəfdən tünd-yaşıl, parlaq, alt tərəfdən isə tüklü və gümüşü-boz rəngdə olub, ellipsvari və ya oval formadadır. Çiçəkləri birevli, ikicinslidir. Çiçəkdə 50-dən 130-a qədər erkəkcik kisəcikləri olur. Onlar çəhrayı rəngdə olub, sallanmış vəziyyətdə dururlar. Dişicik mili 2 sm uzunluqda olub, erkəkciklərdən azca hündür vəziyyətdə durur. Yumurtalığı 4 yuvalı, sütuncuğu yoğunlaşmış və ya saçaqlı ağızcıqlıdır. İyun ayında çiçəkləyir. Meyvələri giləmeyvədir. Meyvələrin uzunluğu feyxoanın forma və sortundan asılı olaraq dəyişir, uzunluğu 3-8 sm-ə, diametri isə 2-5 sm-ə çatır. Meyvələrin orta çəkisi 20-40 qr-a çatan, uzunsov ovalvari, xoş ətirli, turşa-şirin dadı olur. Oktyabr-noyabr aylarında yetişir.

Feyxoa torpaq şəraitinə çox da tələbkar deyildir. Lakin gilli-qumlu və münbit qatı olan, qurunt suyu dərində yerləşən torpaqları sevir. Feyxoa möhkəm gövdəli bitki olmasına baxmayaraq, yay və qışda əsasən güclü küləklər onun boy atmasına və inkişafına pis təsir göstərir. Bitki torpağın üst qatında hər tərəfə yayılan dağınıq və zərif kök sisteminə malikdir. Cavan feyxoa bitkisi rütubətə daha çox tələbkar olur. Torpaqda rütubət çatmadıqda bitkinin boy atması və inkişafı ləngiyir.

Feyxoa çox faydalı, müalicə əhəmiyyətli bitki olub, Azərbaycanda əsasən Lənkəran-Astara zonasında sənaye əhəmiyyətli təsərrüfat bitkisi kimi geniş miqyasda becərilir. İnsan sağlamlığı üçün son dərəcə əhəmiyyətli bitki olan feyxoanın tərkibi faydalı elementlərlə zəngin olduğu üçün müalicəvi təsiri yüksəkdi.

Feyxoanın mineral tərkibində kalium, maqnezium, dəmir, fosfor və sink elementləri çoxluq təşkil edir. Feyxoanın meyvəsində 10 mq-a qədər yod vardır. Ona görə də, orqanizmdə yod çatışmazlığı nəticəsində baş verən xəstəliklərdə xüsusilə faydalıdır. Xalq təbabətində feyxoanın meyvələri qalxanabənzər vəzinin xəstəliklərində, qəbizlikdə, podaqrada, təzə şirəsi isə raxit, sinqa və digər avitaminozlarda istifadə olunur.

Elmi təbabətdə feyxoanın meyvələri mədə-bağırsaq traktının iltihabi xəstəliklərində, hipoasid qastritdə və piolonefritdə, aterosklerozda, qalxanvari vəzin xəstəliklərində tireotoksikozlarda istifadə olunur.

Apardığımız elmi tədqiqatlar nəticəsində subtropik bitki olan feyxoanın Feijoa sellivina Berg növü Abşeron şəraitində aqrotexniki qulluq göstərildiyi zaman inkişafını normal keçirdiyi, becərilməsində xüsusi qayğıya ehtiyac olmadığı müəyyən edilmişdir. Feyxoa yüksək gəlirli sitrus bitkisidir. Onun meyvəsindən qiymətli ərzaq malları, mürəbbə, cem, jele, marmelad, limonad və s. istehsal edilir.

Feyxoa bitkisinin həmişəyaşıl olması və çiçəklərinin gözəlliyi bitkiyə dekorativlik verir. Çoxsaylı əhəmiyyətə malik olan feyxoa bitkisi Abşeronun quru subtropik iqlim şəraitinə uyğunlaşdığı üçün park və bağların yaşıllaşdırılmasında geniş istifadəsi məqsədə uyğundur.

AR Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu

“Sənaye əhəmiyyətli bitkilər” laboratoriyasının elmi əməkdaşı

aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sadiqov Tofiq

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir