• Per. Mar 28th, 2024

“Qırmızı kitab”ın III nəşrinin hazırlanması ilə bağlı növbəti toplantı keçirilib

Bydendrologiya.az

Eki 24, 2022

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (ETN) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun akt zalında Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin hazırlanması üzrə işçi qruplarının növbəti toplantısı keçirilib.

Hibrid formada təşkil edilən iclasa AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova sədrlik edib. İclasda ETN-nin Botanika və Zoologiya institutlarının, Naxçıvan Bölməsi Biotesurslar İnstitutunun, Bakı Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin, Azərbaycan Ornitoloji Cəmiyyətinin və s. təşkilatların botanik və zooloq alimləri, həmçinin Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN) komissiya üzvü Dr. Andrew Rodrigues iştirak ediblər.

Toplantını giriş sözü ilə açan akademik İradə Hüseynova yeni nəşrlə bağlı işlərin sürətləndirilməsinin vacibliyinə diqqət çəkib, AMEA rəhbərliyinin bu istiqamətdə təşkilatlara və alimlərə hər cür dəstək göstərdiyini və bundan sonra da göstərməyə hazır olduğunu bildirib, ötən dövrdə III nəşrin AMEA üzrə Redaksiya heyəti, işçi qrupları, alim və mütəxəssisələr tərəfindən görülmüş müvafiq işlər, elmi və elmi-təşkilati tədbirlər haqqında iştirakçıları məlumatlandırıb. Akademik İradə Hüseynova “Qırmızı kitab”ın III nəşrinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin  29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planına salındığını bildirib və kitabın “Heydər Əliyev İli”nə mühüm töhfə olması üçün çox iş görülməli olduğunu vurğulayıb.

Sonra ETN Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva və şöbə müdiri biologiya elmləri doktoru Aydın Əsgərov, ETN Zoologiya İnstitutunun direktoru v.i.e., aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov, həmin institutun icraçı direktoru, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov “Qırmızı kitab”ın III nəşri üzrə ayrı-ayrı işçi qruplar tərəfindən görülmüş işlərin hesabatını veriblər, oçerklərin əhəmiyyətli bir hissəsinin artıq hazır olduğunu, yeni nəşrə salınması planlaşdırılan növlərin ümumi hazırlanmış siyahılarını nümayiş etdiriblər, eyni zamanda razılaşdırılmalı məsələlərin də qaldığını bildiriblər və qiymətləndirmələrdə istifadə olunan meyarlardan danışıblar. Həmçinin bildirilib ki, 17-19 oktyabr 2022-ci il tarixlərində WWF-in Azərbaycan nümayəndəliyi və Zoologiya İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikası “Qırmızı kitabı”nın III nəşrinə salınacaq növlərin IUCN-in Qırmızı siyahısının kateqoriya və kriterilərinə görə qiymətləndirməsi üçün təlimlər keçirilib. Təlim IUCN-nin komissiya üzvü, ekoloq Dr. Andrew Rodrigues tərəfindən aparılıb. Təlimdə “Qırmızı kitab”ın III nəşrinin hazırlanmasında iştirak edən müxtəlif təşkilatların (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zoologiya və Botanika İnstitutları və s.) işçi qruplarının üzvləri iştirak ediblər.

Sonra aparılan müzakirələrdə Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri biologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Sultanov, BP şirkətinin ətraf mühitin mühafizəsi və sosial məsələlər üzrə baş məsləhətçisi, biologiya üzrə fəlsəfə doktoru Nicat Həsənov, WWF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov, Zoologiya İnstitutunun laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İskəndərov və aparıcı elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Hafiz Muxtarov, Bakı Dövlət Universitetinin kafedra müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Tağıyev, ETN Botanika İnstitutunun şöbə müdiri, biologiya elmləri doktoru, dosent Dilzarə Ağayeva, laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Rəşad Səlimov, Zoom proqramı üzərindən onlayn formada isə Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun baş elmi işçisi, akademik Tariyel Talıbov, Gəncə Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Vaqif Novruzov və başqaları iştirak ediblər.

Müzakirələrdə gələcək fəaliyyət istiqamətləri dəqiqləşdirilib, perspektivlərdən və problemlərdən danışılıb, onların həlli ilə bağlı çoxsaylı təkliflər verilib. Çıxışların əsas mövzuları növlər üzrə yazılan oçerklərin və bu oçerklərdə istifadə ediləcək yayılma xəritələrinin ümumi formatı, ədəbiyyat siyahıları, onlara istinadlar və digər bu kimi məsələlər olub.

Müzakirələrə yekun vuran akademik İradə Hüseynova tədbirin və bundan sonra III nəşrin AMEA üzrə Redaksiya heyəti, müvafiq işçi qrupları, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə atılacaq addımların əhəmiyyətini vurğulayıb. O, “Qırmızı kitab”la bağlı yekun işlərin oprimallaşdırılması üçün işçi qruplarının birgə toplantıların daha sıx-sıx keçirilməsi kimi ümumi razılıqla qarşılanmış təkliflərlə çıxış edib. Akademik İradə Hüseynova Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə məsləhətləşmələrin davam etdiriləcəyini diqqətə çatdırıb, mövcud planların icrasının intensivləşdirilməsi istiqamətində tövsiyə və tapşırıqlarını verib.