İnstitut haqqında

AMEA Dendrologiya İnstitutu Abşeron yarımadasının ən gözəl guşələrindən birində — Mərdəkan qəsəbəsində yerləşir. 1895-1920-ci illərdə bağ xeyriyyəçi və neft sahibkarı Murtuza Muxtarovun şəxsi bağı olub. sahəsi 12,5 hektar sahəsi olan bu bağa Lənkərandan torpaq gətirilmiş və 40 santimetr qalınlığında torpaq qatı verilmışdır. Bağın landşaft memarlığı əsasında qurulması Fransanın park mənzərələrinin yaradıcılarından biri olan arxitektor L.Q.Plaşkonun layihələri əsasında həyata keçirilmişdir.

1920-ci ildən sonra bağ müsadirə edilmiş, bir müddət baxımsız qalmışdır. 1924-1926-ci illərdə görkəmli rus botaniki, akademik N.İ.Vavilov bağın iqlim, torpaq, əkin üçün yararlı xüsusiyyətlərini nəzərə alaraq burada Ümumittifaq Təcrübi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya filialını təşkil etmişdir. Akademik N.İ.Vavilov, A.D.Strepkova, N.D.Kosteçkiy, P.A.Şutov, Y.A.Jiqareviç, S.D.Ələkbərov kimi görkəmli alimlər tərəfindən Mərdəkan Dendrarisində yeni növlərin introduksiyası istiqamətində elmi-tədqiqat işlərinin aparılması respublikamızda subtropik bitkiçiliyin inkişafına səbəb olmuşdur.

1945-1964-cü illərdə bağ “Bağçılıq, üzümçülük və subtropik bitkilər” İnstitutunun Təcrübə Bazası kimi fəaliyyət göstərmişdir.

1964-1966-cı illərdə bağ respublikanın Səhiyyə Nazirliyinin nəzdində olmuşdur.

Azərbaycan SSR Nazirlər Sovetinin 17 may 1966-cı il tarixli 310 N-li qərarına əsasən Azərbaycan SSR Səhiyyə Nazirliyinin nəzdində Mərdəkanda olan Dendroloji park (Dendrari) Azərbaycan SSR Elmlər Akademiyasının Botanika İnstitutuna verildi.

1966-1985-ci illərdə bağda 420 növə  yaxın ağac və kol bitkisi, 100-dən çox efir yağlı, texniki və dərman bitkisi, 100 növə qədər otaq, istixana və bəzək güllərini, respublika florasını təmsil edən bitki nümunələrinin öyrənilməsi istiqamətində tədqiqat işləri aparılmışdır.

1990-cı illərdə respublikada baş verən məlum hadisələr, maliyyə vəsaitinin azlığı, işçi qüvvəsinin və texniki imkanların çatışmaması bağda olan bəzi ağac və kol bitkilərinin məhvinə səbəb olmuşdur.

1994-cü ildə Mərdəkan Dendrarisinə rəhbərlik T.S.Məmmədova tapşırıldı. O, Mərdəkan dendrarisində elmi-təşkilati və təsərrüfat işlərinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirdi.

1996-cı ildə AMEA-nın RH-nin təşəbbüsü ilə Mərdəkan Dendrarisi BEB-a tabe edilmiş və ona hüquqi status verilmişdir. Bağda yenidənqurma, abadlaşdırma, tikinti işləri aparılmış, kolleksiyaların növ tərkibi zənginləşdirilmişdir.

Canlı kolleksiyalarda təxminən 1800 növ, o cümlədən 1540 forma və sort vardır. Onlar ekspozisiyalarda və aşağıdakı kolleksiya sahələrində yerləşdirilmişdir: “Dendrari” (700 növ), “Mədəni bitkilər” (600 növ), “Dekorativ bitkilər” (480 növdən çox), “Fond oranjereyası” (təxmini 270 növ). Növlərin kəmiyyəti və yaşına görə bu kolleksiyalar dünyanın ən məşhur kolleksiyaları səviyyəsində hesab oluna bilər. Antropogen təsirə məruz qalan və təbii yolla azalan nadir növlərin mühafizəsinə xüsusi diqqət yetirilir. Hövzələrdə, alpinariya və oranjereyalarda bütün dünyadan kolleksiyalar toplanmışdır. Ərazidə 2 muzey: akademik N.İ.Vavilovun həyat və fəaliyyətini əks etdirən “Botanika” və şair “Sergey Yesenin” muzeyi yaradılıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin N-104, 15 aprel 2014-cü il tarixli qərarına əsasən AMEA  -nın Mərdəkan Dendrarisinin Dendrologiya İnstitutu adlandırılmışdır.

AMEA Dendrologiya İnstitutunda “Azərbaycanda flora, fauna və torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genefondunun qorunması və səmərəli istifadəsi istiqaməti” üzrə geniş elmi-tədqiqat işləri aparılır. Hazırda 4 şöbə, 9 laboratoriya və 1 qrup fəaliyyət göstərir. Laboratoriyaların fəaliyyəti aşağıdakı istiqamətlərdə aparılır:

—respublikada iqlim şəraiti üçün ağac və kol növlərinin uyğunlaşdırılması; Azərbaycanın çöl zonasında ağac bitkilərinin introduksiya təcrübəsinin təhlili; ex situ şəraitində ağac bitkilərinin nadir və məhv olmuş növlərinin saxlanılması;

—meşə əkinləri, şəhər və meşə-park landşaftları üçün ağac-kol cinsləri assortimentinin formalaşması, regionda ağac-kol bitkilərinin introduksiyasının prioritet istiqamətlərinin müəyyən edilməsi və kolleksiyanın tərtibatı;

—herbarilərin toplanması; toxumların uzunmüddətli saxlanılması, kriokonservləşdirilməsi, çiçəkləmə və meyvəvermənin hormonal stimulyasiyası, yüksək keyfiyyətli toxumların istehsalı;

—biotik və abiotik amillərin ağacların böyüməsinə, inkişafına və sağlamlığına təsiri; sənaye çirkləndiricilərinin bitkilərə təsir mexanizmi; ağacın genetik və ekoloji aspektlərinin öyrənilməsi; ağac sağlamlığının dendroxronoloji qiymətləndirilməsi;

—ekzotların təbiiləşməsində yerli bitki qruplaşmalarının transformasiyası ilə bağlı olan ağac bitkilərinin introduksiyasının gələcəkdə ekoloji nəticələrinin qiymətləndirilməsi;

—təbii və mədəni florada cinslərin taksonomiyası; məhv olmaq təhlükəsində olan və nadir növlərin populyasiyalarında baş verən proseslər; mübahisəli taksonların taksonomik ranqının biometrik analizi; taksonların təbii diapazonlarında coğrafi variasiyaları; ayrıca regionların dendroflorasının xronoloji təsviri;

—mühit amillərinin təsiri və zərərverici həşəratların kütləvi çoxalması ilə əlaqədar olaraq arboxronoloji tədqiqatlar; ağacın ciddi xəstəliklərinə səbəb olan orqanizmlərin patogenliyinin təyini;

—Azərbaycan florasında təbii və mədəni şəraitdə becərilən ağac, kol bitkilərindən təsərrüfat əhəmiyyətli bitkilərin seçilməsi, qruplaşdırılması, areallarının, bioloji məhsuldarlığının təyini, sənayenin müxtəlif sahələrində istifadəsi üçün təkliflərin hazırlanması və istehsalata tətbiqi. Bioloji ehtiyatların artırılması və fitoterapiyanın inkşafına istiqamətlənmişdir.

Ekoloji pressinq şəraitində əhalinin sağlamlığının qorunması üçün Azərbaycanın bitki ehtiyatlarının mobilizasiyası:

—Azərbaycan florasından yeni növlərin, bioloji aktiv maddələrin qiymətli introdusentlərin seçimi, dərman bitkilərinin xammal bazasının zənginləşmə perspektivlərinin öyrənilməsi;

—dərman bitkilərinin morfoloji və biokimyəvi əlamətlərinin növ dəyişkənliyinin tədqiqatı; fitokimyəvi skrininqi, onların kompleks və səmərəli istifadə imkanlarının öyrənilməsi;

—xüsusi mənşəli efir yağlı, müalicəvi-profilaktik məhsulların alınması və istifadəsi.

Tədqiqat işlərində respublika əhəmiyyətli aşağıdakı mühüm nəticələr əldə edilmişdir:

2004-2014-ci illərdə Azərbaycanın rayonlarına təşkil edilmiş ekspedisiyalar zamanı flora üzrə monitorinq aparılmış, dendroflorada ilkin varianta görə 92 fəsiləyə, 266 cinsə aid 1116 növ, APG III sistemi üzrə qruplaşdırılmış, təyinedici açarları, illustrativ və təbii şəkilləri çəkilmiş, 8750 herbari nümunələri fonda əlavə edilmişdir. Tədqiqatların nəticəsi olaraq 10 fəsilə, 26 cins, 110 növ çılpaqtoxumlulara aid “Azərbaycan dendroflorası”nın I cildi dərc edilmişdir (2011).

Örtülütoxumlardan 40 fəsilə, 89 cins, 295 növü əhatə edən “Azərbaycan dendroflorası” kitabının II cildi çapa verilmişdir. III cild üzərində tədqiqat işləri aparılır. Elmi və tədris işlərinin yazılışında “Bitkilərin anatomiyası və morfologiyası üzrə izahlı terminlər” kitabı oxuculara təqdim edilmişdir (2013).

Azərbaycan florasında təbii halda yayılmış 42 fəsilə, 71 cinsə aid 198 növ nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkiləri hərtərəfli tədqiq edilmiş, həmin bitkilərin təhlükə meyarları müəyyən edilmiş və “Azərbaycanın nadir ağac və kol bitkiləri” kitabı dərc edilmişdir (2013).

Əsərdə Azərbaycanın “Qırmızı kitabı”na düşməyən növlərin gələcəkdə yenidən nəşr etdiriləcək “Qırmızı kitab”a salınması tövsiyə edilmişdir.

Azərbaycanın flora biomüxtəlifliyində Pişiknanəsi növlərinin taksonomik tərkibi öyrənilmiş, efir yağları ilə zəngin nümayəndələri təyin edilmiş və “Azərbaycan florasında Pişiknanələri” (Nepeta L.)” kitabı çapdan çıxmışdır (2013).

Abşeronda 87 fəsilə, 230 cinsə aid, 660 növ ağac və kol bitkisinin floristik tərkibi, sistematik təhlili, ekoloji amillərə davamlılığı və sənaye əhəmiyyətliliyi elmi əsaslarla tədqiq edilmiş, “Abşeronun ağac və kolları” kitabı (2010) nəşr edilmişdir.

Ərazinin tərtibatında, planlaşdırılmasında, eləcə də alp, modul, soliter, çiçəkliklərin müvafiq qanunauyğunluqlar əsasında qurulmasında istifadə edilən, respublikamızda təbii və mədəni şəraitdə becərilən 400 növə yaxın bəzək güllərinin bioekoloji xüsusiyyətləri, ekoloji amillərə davamlılığı elmi əsaslarla hərtərəfli araşdırılmış, “Gülçülük ensiklopediyası” kitabı geniş oxucu kütləsinə təqdim edilmişdir (2006).

Otaq bitkilərinin bioekoloji xüsusiyyətlərinin və aqrotexnikasının elmi əsaslarla hərtərəfli öyrənilməsi məqsədi ilə aparılan tədqiqatları yekunlaşdıraraq ilk dəfə bizim tərəfimizdən “Otaq bitkiləri ensiklopediyası” kitabı işlənib hazırlanmışdır (2007). Kitabda 600 növə yaxın təbii və mədəni şəraitdə becərilən dekorativ bitkilərin taksonometrik göstəricisi, illüstrasiyası, ekoloji amillərə davamlılıq kriteriyaları açıqlanmış, onların çoxaldılması, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri haqda tövsiyələr verilmişdir.

Müasir dövrdə tələbələrin, müxtəlif sahələrdə çalışan mütəxəssislərin ekoloji biliklərinin artırılması məqsədi ilə Təhsil Nazirliyinin qrifi əsasında “Ekologiya” kitabı tələbələr üçün dərs vəsaiti kimi hazırlanmışdır (2003).

Ekoloji təhsilin inkişafı və məktəblərdə ekoloji mədəniyyətin formalaşmasında önəmli olan “Ekoloji oyunlar” dərs vəsaiti çapdan çıxmışdır (2007).

Landşaft dizaynı və dekorativ bağçılıq üzrə ixtisasçılar, tələbələr, tərcüməçilər üçün nəzərdə tutulan iki hissəli: azərbaycanca — ingiliscə — rusca və ingiliscə — azərbaycanca — rusca,  hər hissə 2500 ədəd ixtisas terminləri və bitkilərin ümumi istifadə edilən xalq adlarının siyahısından ibarət olan ( təxminən 700 ədəd ) “Bəzək bağçılığı üzrə lüğət” kitabı (2015) nəşr olunmuşdur.

Bioloq, ekoloq, aqrar elmi ixtisaslarına yiyələnən tələbələr üçün ekologiya fənni üzrə tədris proqramlarına uyğun olaraq “Bitki ekologiyası” dərs vəsaiti dərc edilmişdir (2014).

Landşaft dizaynı və dekorativ bağçılıq üzrə ixtisasçılar, tələbələr, tərcüməçilər üçün nəzərdə tutulan iki hissəli: azərbaycanca — ingiliscə — rusca və ingiliscə — azərbaycanca — rusca,  hər hissə 2500 ədəd ixtisas terminləri və bitkilərin ümumi istifadə edilən xalq adlarının siyahısından ibarət olan ( təxminən 700 ədəd ) “Bəzək bağçılığı üzrə lüğət” kitabı (2015) nəşr olunmuşdur.

Mütəmadi olaraq 2000-ci ildən institutun əməkdaşlarının, eləcə də dendrologiya, introduksiya, biokimya, landşaft memarlığı sahəsində çalışan mütəxəssislərin məqalələrindən ibarət “İntroduksiya və iqlimləşdirmə” adlı toplu da nəşr edilir. Əməkdaşlar tərəfindən 11 patent alınmışdır.

Aparılan elmi-tədqiqat işlərinin nəticələri bir çox layihələrin, o cümlədən əsrin müqaviləsi, “Bakı-Tbilisi-Ceyhan” boru kəməri, “İpək yolu”, Heydər Əliyev adına Bakı Hava Limanı, yeni salınan şose yolları, korpülərin ətrafı, eləcə də bir çox sənaye müəssisələrinin ətrafının, park və bağların yaşıllaşdırılmasında geniş istifadə olunmuşdur.

Dendrarinin kolleksiya fondu xeyli zənginləşdirilmiş, bitki ekspozisiyaları “Aralıq dənizyanı ölkələri”, “Avstraliya və Yeni Zelandiya”, “Şərqi və Orta Asiya”, “Şimali və Cənubi Amerika”, “Afrika”, “Qafqaz” floristik zonaları üzrə salınmış, bitkilər sistematik qohumluq prinsipi üzrə qruplaşdırılmışdır.

Əməkdaşlarımız Avstraliya, Avstriya, ABŞ-da keçirilən Beynəlxalq Botanika qurultaylarında, 60-dan çox xarici ölkədə (Fransa, İngiltərə, Tailand, Yaponiya və s.) keçirilən beynəlxalq konfrans və simpoziumlarda iştirak edərək müxtəlif mövzulu məqalələrlə çıxış etmiş, müxtəlif elmi diskussiyalar aparmış, təklif və tövsiyələr irəli sürmüşlər.

Beynəlxalq əlaqələrimiz xeyli genişlənmişdir. Dendrologiya İnstitutu  140-a yaxın Botanika bağları, universitetləri ilə sıx əməkdaşlıq edir. “Dünya Botanika Bağları”nın və “Amerika Ağac və Kol Bitkiləri Assosiasiyası”nın üzvüdür.

2006-cı ildə Mərdəkan Dendrarisinin 80 illiyi ilə əlaqədar “Ətraf mühitin mühafizəsində botanika bağlarının rolu” mövzusunda;

2010-cu ildə AMEA-nın 65 illiyi, respublikamızda ölkə Prezidentinin müvafiq qərarı ilə “Ekologiya ili”nin keçirilməsi ilə əlaqədar Mərdəkan Dendrarisində “Müasir dövrdə botanika bağlarının təbii mühafizəsi” mövzusunda;

2013-cü ildə Rusiya Elmlər Akademiyası ilə birlikdə “Botanika bağlarında və dendroparklarda landşaft memarlığı” mövzusunda V beynəlxalq konfransları keçirilmişdir.

AMEA-nın müxbir üzvü T.S.Məmmədov Bolqarıstanın “Poleobotanika” jurnalının, MDB ölkələri üzrə Botanika Bağlarının Ekspert Şurasının, “Hortus Botanicus” jurnalının redaksiya şurasının üzvüdür.

Dendrologiya İnstitutunda 169 nəfər işçi, o cümlədən 1 müxbir üzv, 4 elmlər doktoru, 18 fəlsəfə doktoru, 39 elmi işçi çalışır. Gənc alimlər şurası yaradılmışdır.

BN