• Per. Mar 28th, 2024

Pandemiyadan qurtuluşun ən effektiv yolu vaksinləşmənin həyata keçirilməsindədir

Bydendrologiya.az

May 6, 2021

Yeni növ koronavirusa (COVID-19) ilk yoluxmanın (Çinin Uhan şəhərində) qeydə alınmasından il yarımdan da artıq vaxt keçir. 2020-ci ilin fevralında adı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən SARS CoV-2 qoyulan bu kəskin respirator xəstəlik 2020-ci ilin mart ayının 11-də elə ÜST tərəfindən pandemiya elan edildi.

AZƏRTAC bununla bağlı AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovanın “Pandemiyadan qurtuluşun ən effektiv yolu vaksinləşmənin həyata keçirilməsindədir” sərlövhəli məqaləsini təqdim edir.

Pandemiya elan olunmasından indiyə qədər 155 milyondan çox insan bu virusa yoluxub, 90,5 milyon (bəzi mənbələrdə 132,9 milyon) adam sağalıb və təəssüflər olsun ki, 3,24 milyondan çox insan isə həyatını itirib. Dünya üzrə pandemiyadan ölüm halları yoluxanların sayına görə təqribən 2,1 faiz təşkil edib. Bu göstəricilər respublikamızda 5 may tarixinə olan statistikaya əsasən belə olub: yoluxanların sayı 323 min 841 nəfər, sağalanlar 298 min 949 nəfər, ölüm halları 4617 nəfər (1,42 faiz). Göründüyü kimi, Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə vaxtında görülmüş hərtərəfli, o cümlədən önləyici tədbirlər kompleksi, mərhələlərlə tətbiq olunan bir sıra karantin rejimi qaydaları nəticəsində respublikada ölüm halları dünya üzrə orta göstəriciyə nisbətən xeyli aşağı olub (1,5 dəfə).

Koronavirusla əsas mübarizə tədbiri effektiv vaksin(lər)in yaradılmasıdır. Vaksinlərin hazırlanmasında əsas problemlərdən biri koronavirusun zaman keçdikcə mutasiyalara uğramasıdır. Təbiətdə virusun (SARS CoV-2) minlərlə ştamı var. Xəstəliyə səbəb genomu oxunmuş (Uhan variantı) virusun ilkin ştamı WIV04/2019 sayılır. Bundan başqa, pandemiyanın gedişində Cənubi Afrika (501.V2), Böyük Britaniya (202012/01), Tokio (B.1.1.248), Kaliforniya (CAL.20C) və s. kimi qorxulu ştamlar aşkarlanıb. Son dövrlərdə mətbuatda Tanzaniya, Sudan, Avstraliya, Hindistan və s. kimi ştamların da olması haqqında məlumatlara rast gəlinir. Bu ştamlar virusun yayılma sürəti və simptomlarına görə fərqləndirilərək, termostabil, mötədil, simptomsuz və sürətlə yayılan olurlar. Qrip virusu kimi, koronavirusun da sürətlə dəyişikliyə uğraması ona qarşı vaksinlərin yaradılmasında bu amili nəzərə almağa məcbur edir. Bu isə bütün ştamlara qarşı tam effektivliyə malik vahid vaksinin əldə edilməsinə mane olur.

Tam effektivliyə malik həqiqi vaksinlərin yaradılmasında digər əsas çətinliklərdən biri bu iş üçün həddən artıq çox vaxt (5-7 ildən 15-25 ilə qədər) tələb olunmasıdır. Ümumilikdə dünyada tam virus (15 vaksin), protein subvahidli (13 vaksin), nuklein turşusu (20 vaksin) və viral vektor (15 vaksin) əsaslı 63 vaksin üzərində iş aparılır və onlar potensial olaraq koronavirusa qarşı tətbiq olunma imkanlarına malikdir. Hazırda sınaqdan keçirilmiş 9 vaksin (mRNT-əsaslı vaksinlər: Comirnaty (Pfizer/BioNTech (BNT162b2), Moderna COVID-19 Vaccine (mRNA-1273); inaktiv vaksinlər: CoronaVac, Adsız vaksin (Çinə aiddir), BBIBP-CorV, Covaxin; adenovirus vaksin: COVID-19 Vaccine AstraZeneca (AZD1222 və ya Covishield); replikasiya etməyən viral vaksin Sputnik V və peptid vaksin: EpiVacCorona), sınaqları hələlik davam etdirilən müxtəlif tiplərə (DNT-(plazmid) və mRNT-əsaslı, bitki əsaslı, nanohissəcik, rekombinant və s.) aid 58 vaksin hazırlanıb. Sınaqlarda yüksək effektivlik göstərən və daha uzunmüddətli immunitet yaradan vaksinlərdən bəziləri isə artıq real tətbiq olunmağa başlanıb. Bunlardan biri də Çinin “SinoVac” şirkətinin hazırladığı və kütləvi istehsal etdiyi “CoronaVac”dır. Hazırda respublikamızda bu vaksinlə peyvəndləmə aparılır.

Keçən ilin sonlarına yaxın dünyanın aparıcı ölkələri (ABŞ, İsrail, Rusiya, Çin, əksər Avropa ölkələri və s.) vaksinasiyaya başladılar. Hazırda dünya üzrə ümumən 1,18 milyard doza vaksin vurulmaqla, dünya əhalisinin 280 milyonu (3,6 faiz) tam peyvəndlənib. Azərbaycanda bu göstəricilər uyğun olaraq 1,56 milyon və 578 min (5,4 faiz) təşkil edir. Qeyd edək ki, İsrail dövləti vaksinləşmədə liderlik edir (10 milyon doza vaksin vurulub, əhalinin yarısından çoxu iki dəfə peyvəndlənib).

Bir sıra mənbələrdə vaksinasiya və ölüm halları arasında müəmmalı əlaqənin varlığı bildirilir. Belə ki, bir çox ölkələrdə vaksinasiyanın başlaması pandemiyanın ikinci-üçüncü dalğaları ilə eyni vaxta düşüb. Bu müddətdə koronavirusdan ölənlərin də sayında artım müşahidə edildiyindən bir sıra xəbər agentlikləri, hətta mütəxəssislər belə bunu “tətbiq olunan vaksinlərin effektivliyinin aşağı olması, bilavasitə vaksinin təsiri ilə” əlaqələndirib. Analoji hallar İsraildə, Norveçdə, Avropa və Amerikanın bəzi ölkələrində qeydə alınıb. Lakin vaksin istehsalçıları, eləcə də bu ölkələrin səhiyyə idarələrinin rəhbərləri yayılmış xəbərləri təkzib edib, bu dövrdə yeni növ koronavirusdan ölüm hallarının əsasən yaşlı şəxslərdə, bir sıra digər problemləri (xroniki astma, şəkərli diabet, tromboz, qan təzyiqi, qan laxtalanması və s.) olan insanlarda baş verdiyi açıqlanıb.

Qeyd edək ki, bir sıra mütəxəssislər bu fenomenin, yəni vaksinləşmədən sonra yoluxmanın artması və xəstəliyin gedişində mümkün ağırlaşma hallarının baş verməsinin elmi əsası olduğunu göstəriblər. Anticisimdən asılı güclənmə (inkişaf) – ADE (antibody-dependent enhancement) adlanan fenomen mövcuddur ki, bu zaman virus vaksinin təsiri ilə yaranan (və ya hər hansı yolla orqanizmə daxil edilən) anticisim (antikor) ilə birləşərək hüceyrələrə (əsasən immun hüceyrələrə) endositoz etmə və orada replikasiya imkanı əldə edir. Bu isə immuncavabla yanaşı, xəstəliyin də güclənməsinə səbəb olur.

Dünyada pandemik vəziyyəti daha yaxşı təsəvvür etmək üçün yoluxmaların nisbətən güclü olduğu ölkələr üzrə statistikaya nəzər salsaq görərik ki, koronavirusa yoluxanların və bu pandemiya qurbanlarının 80 faizdən çoxu 27 ölkəyə aiddir.

Mayın 5-nə olan məlumata görə, ABŞ (yoluxma – 33 milyon 280 min 601, ölüm – 592 min 537), Hindistan (yoluxma – 21 milyon 49 min 663, ölüm – 229 min 756), Braziliya (yoluxma – 14 milyon 860 min 812, ölüm – 411 min 854), Fransa (yoluxma – 5 milyon 680 min 378, ölüm – 105 min 387), Türkiyə (yoluxma – 4 milyon 929 min 118, ölüm – 41 min 527), Rusiya (yoluxma – 4 milyon 847 min 489, ölüm – 111 min 895), Birləşmiş Krallıq (yoluxma – 4 milyon 425 min 940, ölüm – 127 min 570), İtaliya (yoluxma – 4 milyon 70 min 400, ölüm – 122 min 5), İspaniya (yoluxma – 3 milyon 551 min 262, ölüm – 78 min 566) və s. ölkələr ən pis statistikaya malik ölkələr kimi fərqləniblər.

Yoluxmaların və ölüm hallarının böyük əksəriyyəti Amerika (41 faiz), Avropa (34 faiz), Cənub-Şərqi Asiya (15 faiz) və Şərqi Aralıq dənizi (6 faiz) ölkələrinin payına düşür.

Nə qədər qəribə olsa da, ilk 27-liyə daxil olan dövlətlər arasında iqtisadi və elmi-texnoloji cəhətdən kifayət qədər inkişaf etmiş, güclü və yaxşı təşkil olunmuş səhiyyəyə, xüsusən farmakologiyaya malik ölkələr kifayət qədər çoxdur.

Əksər dövlətlərdə kritik pandemik durum davam etməkdədir. Yuxarıda qeyd etdiyimiz kimi, bir sıra ölkələrdə, xüsusən də Hindistan, Braziliya, İngiltərə, İspaniya, Argentina, Kolumbiya, Cənubi Afrika və s. kimi ölkələrdə bu, daha qabarıq şəkildə özünü göstərməkdədir. Buna baxmayaraq, qeyd edilən dövlətlərdə karantin rejiminin sərtləşdirilməsi və qapanmaların tətbiqi səviyyələri müxtəlifdir. İngiltərədə və İspaniyada xarici ölkə vətəndaşlarının ölkəyə girişinə qoyulan qadağa götürülüb. Əsas iqtisadi gəlir mənbələrindən biri turizm olan İspaniyada turist axınını azaltmamaq üçün ölkədə məcburi qaydada maska taxılmasına qoyulan məhdudiyyət aradan qaldırılıb. Almaniyada qapanmalar və karantin qaydalarının bir qədər yumşaldılması müşahidə olunur, lakin bu tədbirlər Angela Merkelin bəyan etdiyinə görə, vaksinin real təsirinin gözlənildiyi yay aylarına qədər davam etdiriləcək. Əhali arasında qapanmalar və lokdaunlara qarşı etirazlar da baş verib. Çexiya və Hollandiyada da analoji vəziyyət müşahidə olunur.

Hazırda pandemik şəraitin xüsusi kəskinləşməsi Hindistan, Türkiyə və Pakistanda yayılıb. Bu ölkələrdə yoluxmaların artmasında bir səbəb kimi sosial kontaktları məhdudlaşdırmaq üçün bir sıra rayon və şəhərlərdə qismən, bəzi yerlərdə isə tam “lokdaun” (yaşadığı yeri tərk etmə qadağası, qapanma) tətbiq edilib. Yoluxmaların sayına görə antirekord vuran Hindistanda ağır vəziyyət davam etməkdədir. Antisanitariya şəraitinin mövcud olduğu rayonlarda və şəhərlərdə gərginlik xüsusilə yüksəkdir. Digər tərəfdən, ölkənin bəzi ştatlarında gedən seçkilərlə əlaqədar yoluxmalar da pik həddə çatıb. Buna görə də bir çox ştatlarda komendant saatı tətbiq edilib. Əhali sayı 1,4 milyarda çatan bu ölkədə eyni zamanda zəruri dərmanlar, aparatlar, oksigen, müdafiə vasitələri və s. çatışmır.

Türkiyədə son dövrlərdə, xüsusən müqəddəs Ramazan ayında artan yoluxma və ölüm sayları ölkədə 17 maya qədər davam edəcək sərt lokdaunun tətbiqinə səbəb olub. Ölkədə şəhərlərarası gediş-gəlişlər xüsusi icazələrlə həyata keçirilir. “Qırmızı zona” adlandırılan rayonlarda qadağalar daha sərtdir. Belə ki, əyalətlərdən böyük şəhərlərə alış-veriş məqsədilə edilən səfərlər nəticəsində nəqliyyat vasitələrindəki sıxlıqlar da yoluxmaların həm artmasına, həm də arealının böyüməsinə səbəb olur. Ümumiyyətlə, bütün ölkələrdə şəhərdaxili ictimai nəqliyyatlarda, alış-veriş və əyləncə yerlərindəki mövcud sıxlıqlar pandemiyanın inkişafı üçün münbit şərait yaradır.

Epidemioloji situasiya Braziliyada da gərgindir – ölkə koronavirusa yoluxanlar (dünya üzrə 3-cü yer) və ölənlərin sayına görə (dünya üzrə 2-ci yer) liderlər sırasındadır. Ölənlərin arasında çoxlu həkimlər və digər səhiyyə personalı da var. Pandemiya başlandqıdan indiyə qədər “çökmüş səhiyyə sisteminin” rəhbəri – səhiyyə naziri dörd dəfə dəyişdirilib. Bir sıra ştatlar rəsmən karantin elan etsələr də, bütün ölkə üzrə vahid karantin qaydaları və sərt qapanmalar hələ tətbiq edilmir. Eyni zamanda, ölkədə zəruri preparatların, oksigen, süni tənəffüs aparatları və s. çatışmaması ilə yanaşı, xəstəxanalarda intensiv terapiyaya yararlı yerlərin demək olar ki, 95 faizinin dolması gərginliyi daha da artırır.

Kolumbiya, Argentina, Meksika, İran, Polşa və s. ölkələrdə də yoluxma və ölüm halları sürətlə artdığından sərt qapanmalar tətbiq edilir. Ramazan bayramı və Həcc ziyarətləri ilə əlaqədar Məkkə və Mədinə şəhərlərində də xüsusi karantin rejimlərinin tətbiqi gözlənilir.

Pandemiyanın törətdiyi bir sıra ciddi çətinlik və problemlər var. Sırf xəstəliklə bağlı çətinlikləri aşağıdakı kimi qruplaşdırmaq olar:

1) Virusun sürətlə mutasiya edərək yeni ştamlarının yaranması onsuz da böyük zəhmət, maliyyə və uzunmüddətli vaxt tələb edən yüksək effektivliyə malik universal vaksin hazırlığı işlərini çətinləşdirir.

2) Yaradılan vaksinlərin sınaqları da ciddi problemlər əmələ gətirir. Bu özünü vaksinin kənar effektlərə malik olduğu hallarda daha aydın göstərir.

3) Bir çox hallarda vaksin və intensiv terapiya üçün digər müalicəvi preparatların, avadanlığın – oksigen, havalandırma aparatları, hətta adi maskaların belə kəskin çatışmazlığı müşahidə olunur.

4) Bir sıra ölkələrdə ağır xəstələrin yerləşdirilməsi üçün xəstəxanalarda terapiyaya yararlı yerlərin olmaması da bu qəbil problemlərdəndir.

Pandemiya nəticəsində dünya iqtisadiyyatına dəyən zərərlər trilyon dollarlarla ölçülür. Bu zərərlərə təkcə qapanmalar, digər məhdudlaşdırıcı karantin rejimləri hesabına istehsalçı müəssisələrin tam gücü ilə işləməməsi və ya tamamilə dayandırılması daxil deyildir. Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatları ilə yük və sərnişin daşınmalarının qismən və ya tam şəkildə dayandırılması, müxtəlif məqsədli səfərlərin məhdudlaşdırılması, turizmin demək olar ki, tam aradan qaldırılması iqtisadi ziyanın əsas mənbələrindəndir. Bir çox dövlətlər qapanmaların, karantin rejimini sərtləşdirmə tədbirlərinin tətbiqində böyük çətinliklərlə rastlaşırlar. Belə ki, bu zaman onlar ixtisarlar nəticəsində işindən məhrum olan və ya evdə oturmağa məcbur edilən əhaliyə kompensasiya xarakterli ödənişlərin edilməsi və ya müavinətlərin verilməsi problemi qarşısında qalırlar.

Ən böyük maddi və mənəvi zərər isə onlayn dərs rejiminə keçmək məcburiyyətində qalan orta və ali təhsil sistemidir. Bu sahələrə dəyən zərbə gec aradan qaldırılacaq və itkilərin ləğvi çətin olacaq.

Əminliklə demək olar ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da mövcud durumdan çıxmaq üçün ən effektiv vasitə kütləvi vaksinasiyanın həyata keçirilməsidir. Prosesi mümkün qədər sürətlə aparmaq, qısa müddətdə əhalinin əksər hissəsini əhatə etmək vacibdir. Lazımi miqdarda vaksinlərin alınaraq ölkəyə gətirilməsi istiqamətində dövlət tərəfindən bütün addımlar atılıb. Lakin bildiyimiz kimi, vaksin vurdurmaq könüllüdür və əhalinin müəyyən hissəsinin peyvəndlənməyə inamsız və ya laqeyd yanaşması ciddi problemlər törədir. Vaxtilə dünyada geniş yayılmış və vaksinasiya nəticəsində qalib gəlinmiş yoluxucu xəstəliklərlə bağlı əhalinin mütəmadi məlumatlandırılması səmərə verə bilər. Qeyd edilən məsələlərlə bağlı insanların düzgün yönləndirilməsi, müvafiq maarifləndirmə işinin aparılmasında ziyalıların, mütəxəssislərin üzərinə mühüm vəzifələr düşür. Bu məqsədlə qəzet və jurnalların, televiziya və radio kanallarının, sosial şəbəkələrin imkanlarından geniş istifadə etmək məqsədəuyğundur.