“Qırmızı kitab”ın üçüncü nəşrinə 600-dən çox bitki növünün salınması nəzərdə tutulur

“Qırmızı kitab”ın üçüncü nəşri ilə bağlı redaksiya heyəti yaradılıb.
AZƏRTAC-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova deyib. O bildirib ki, bu nəşrlə bağlı iş proqramı hazırlanıb: «Proqramın əsas məqsədi nadir və itməkdə olan bitki, göbələk və heyvan növlərinin siyahısının dəqiqləşdirilməsi, tərtib olunan siyahıların bir də nəzərdən keçirilməsinin təmin edilməsidir. Artıq mühafizəyə ehtiyacı olmayan növlərin həmin siyahıdan çıxarılması və ehtiyac olan növlərin bu siyahıya əlavə olunması, həmin növlərin populyasiyasının müəyyənləşdirilməsi, GPS məlumatların dəqiqləşdirilməsi və ətraf mühit faktorlarının təsirinin öyrənilməsi həyata keçiriləcək».

Vitse-prezidentin sözlərinə görə, artıq ilkin siyahılar hazırdır: «Üçüncü nəşrə 600-dən çox bitki növünün salınması nəzərdə tutulur. Yeni nəşrdə göbələk növlərinin sayı da artırılacaq».
İ.Hüseynova qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdəki məhv olan bitki, göbələk və heyvanların sayı barədə məlumat 30 il müddətində demək olar yox dərəcəsində idi: «Yeni nəşrdə həmin ərazilərdəki kitaba salınacaq növlərlə bağlı monitorinqlərə başlayacağıq. Artıq Zəngilanda müəyyən marşrutlar üzrə ilkin radio-ekoloji monitorinqlər keçirilib. Botaniki tədqiqatlara cüzi də olsa baxılıb. Su və torpaq nümunələri ilə bağlı ilkin işlər görülüb. Qeyd edim ki, Şuşada «Qırmızı kitab»a düşəcək bir neçə bitki növü var».
“Qırmızı kitab”ın üçüncü nəşrinin 2023-cü ildə dövlət başçısına təqdim olunması planlaşdırılır.
 
Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN