Bölmənin yığıncağında virusların yayılmasında yarasaların roluna dair məruzə dinlənilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) onlayn Ümumi yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İradə Hüseynova əvvəlcə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Akademik İradə Hüseynova bölmə üzvlərinin və dəvət olunmuş mütəxəssislərin diqqətinə çatdırıb ki, bugünkü yığıncağın əsas məqsədi bütün dünya üçün çox aktual olan bioloji təhlükəsizlik kontekstində elmi məruzənin dinlənilməsidir. O qeyd edib ki, müasir şəraitdə milli təhlükəsizliyin, ölkənin davamlı inkişafının tərkib hissəsi kimi geniş dairədə məsələlərin həllini nəzərdə tutan bioloji təhlükəsizlik əhalini və ətraf mühiti patogen bioloji agentlərin təsirlərindən qorumağa yönəlmiş tibbi-bioloji, təşkilati və mühəndis-texniki tədbirlər və vasitələr sistemindən ibarətdir. Akademikin sözlərinə görə, bioloji təhlükəsizlik məsələsi hər zaman aktual olub, lakin məlum səbəblərdən — koronavirus pandemiyası ilə bağlı son 1 ildə bu aktuallıq daha da artıb: “Epidemiyanın ilkin yayılması ilə bağlı müxtəlif versiyalar mövcuddur. Ən çox səslənən fikir ondan ibarətdir ki, bəzi vəhşi heyvanlarda, xüsusən yarasalarda mövcud olan bu virus mutasiyaya uğrayaraq Çinin Uhan şəhərindəki heyvan əti bazarından insanlara keçib və yayılmağa başlayıb. Əslində, koronavirusların varlığı haqqında məlumatlar çox qədimlərə gedib çıxır. Yarasaların sürü halında yaşaması və davranışları, yaşadığı yerlər virusların yayılması və təkamül etməsi üçün münbit şərait yaradır. Orqanizmlərində minlərlə virus daşıdıqları halda, özləri xəstələnmirlər. Azərbaycanda yarasa növləri və onların fərdləri tarixən geniş yayıldığından onunla bağlı çoxsaylı sualların yaranması təbiidir və yarasaların geniş tədqiq edilməsi maraq doğurur. Bu baxımdan düşünürəm ki, bugünkü məruzə olduqca maraqlı olacaq”.

Sonra akademik İradə Hüseynova “Yarasalar bəzi virusların potensial təbii rezervuarı kimi və yarasa populyasiyalarının müasir metodlarla tədqiqi” mövzusunda məruzə ilə çıxış etmək üçün sözü AMEA-nın Zoologiya İnstitutunun əməkdaşı, BP şirkətinin Ekoloji şöbəsinin qrup rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Nicat Həsənova verib.

Məruzəçi öz çıxışına yerli yarasalar faunasının qısa təsnifatı, yarasa populyasiyalarının əsas trendləri, zoocoğrafi tərkibi, yarasalarda qeydə alınmış virus xəstəlikləri haqqında ümumi məlumatlarla başlayıb. O qeyd edib ki, Azərbaycan məməlilər faunasının 25%-i yarasalar dəstəsinin payına düşür və hazırda ölkə ərazisində 4 fəsiləyə (Nalburun, Hamarburun, Uzunqanad və Büküdodaq fəsilələri) aid 11 cinsi əhatə edən 33 yarasa növü mövcuddur. Ölkəmizdə yayılmış bütün yarasa növləri müstəsna olaraq cücüyeyən olmaqla təbii tənzimləyici rola malikdir, yarasa ekskrementləri ən yüksək keyfiyyətli gübrə hesab olunur və eləcə də bəzi ölkələrdə yarasalar pestisidlərə alternativ kimi də istifadə edilməkdədir.

SARS, MERS, Ebola, COVID-19 və s. kimi xəstəlikləri törədən virusların yayılmasında adı ən çox hallanan canlının yarasalar olduğunu, əsassız mülahizələrin bu faydalı məməlilərin mühafizəsi ilə bağlı yaratdıqları riskləri xatırladan məruzəçi vurğulayıb ki, yarasalar bir sıra yeni bilinən virus xəstəlikərin yayılmasındakı potensial (və ya təsdiqlənmiş) roluna görə, xüsusilə son 20 ildə elmi ictimaiyyətin, zooloq, veterinar, virusuloqların diqqət mərkəzindədir və onlar bir sıra kompleks və ya multidissiplinar tədqiqat layihələrinin obyektlərinə çevriliblər və hazırda da yarasaların tədqiqi çox aktual mövzu olmaqda davam edir.

Nicat Həsənov 2019-2021-ci illərə planlaşdırılmış Qərbi Asiya Yarasalar Şəbəkəsi (WAB-Net) layihəsi çərçivəsində Azərbaycanda yarasalarda koronovirusların öyrənilməsi ilə bağlı ikiillik çöl tədqiqatının detallarını da tədbir iştirakçılarına çatdırıb. Bildirib ki, iki il ərzində Neftçala, Lənkəran və Qax rayonları ərazilərindən 6 növə aid 270-dən çox fərd diri tutularaq onlardan rektal, oral yaxmalar, ekskrement, qan və qanad dəri nümunələri götürülüb və fərdlər təkrar təbiətə buraxılıb. Onun sözlərinə görə, hazırda nümunələr laboratoriya təhlilləri mərhələsindədir. 

Məruzədə, həmçinin yarasa exolokasiyasına əsaslanan, aşağı tezlikli ultrasəsləri qeydə alaraq insanın eşitmə diapazonuna çatdıran, eləcə də müxtəlif sonoqram və spektroqram şəklində əks etdirən aktiv və passiv detektorların respublikamızda yarasaların növ tərkibi və aktivlik indeksinin müəyyən edilməsi işinə tətbiqindən danışılıb və tədqiqat nəticələri əyani nümayiş olunub.

Məruzənin sonunda Nicat Həsənov akademik İradə Hüseynovaya gənc alimlərə, onların tədqiqat nəticələrinin daha geniş auditoriyada işıqlandırılmasında göstərdiyi qayğı və diqqətə görə minnətdarlığını bildirib.

Daha sonra akademik İradə Hüseynova, bölmə üzvləri, AMEA-nın müxbir üzvləri Xəlil Qasımov, Nuru BayramovSaleh Məhərrəmov, dəvət olunmuş mütəxəssislərdən biologiya üzrə fəlsəfə doktorları Ələmdar Məmmədov, Vəli Qarayev və başqaları məruzəçiyə suallarını ünvanlayıblar. 

Məruzə ətrafında aparılan müzakirələrdə akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri Novruz QuliyevXəlil Qasımovİlham Şahmuradov, Bakı Dövlət Universitetinin dosenti, biologiya üzrə fəlsəfə doktoru Əbülfəz Tağıyev çıxış edərək problem üzrə müxtəlif elmi müəssisələrin cəlb olunması ilə daha dərin multidissiplinar tədqiqatların aparılmasının, bu sahədə kadr hazırlığının vacibliyinə diqqət çəkiblər.

Müzakirələrə yekun vuran akademik İradə Hüseynova son dövrlərdə Zoologiya İnstitutunda gənc alim və mütəxəssislərə diqqətin artmasını əlamətdar hal kimi qiymətləndirib.  Qeyd edib ki, Zoologiya İnstitutunda Nicat Həsənovun rəhbərliyi altında tədqiqat qrupu fəaliyyət göstərir və bu qrupun daha da genişləndirilməsi, gücləndirilməsi, ona hərtərəfli dəstəyin göstərilməsi məqsədəmüvafiqdir. Akademik İradə Hüseynova vurğulayıb ki, biotəhlükəsizliklə bağlı bütün proseslərdə akademik elmin, müxtəlif istiqamətli elmi müəssisələrin, yüksək ixtisaslı, geniş diapazonda biliklərə və təcrübəyə malik alim və mütəxəssislərin iştirakı olduqca vacibdir.

Sonra gündəlikdəki digər məsələlərin müzakirəsi aparılıb. Akademik İradə Hüseynova 20-21 may 2021-ci il tarixlərində bölmənin təşkilatçılığı ilə keçirilməsi planlaşdırılan “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bu günü və gələcəyi” mövzusunda onlayn konfrans barədə məlumat verib, elmi tədqiqat müəssisələrini və alimləri tədbirdə fəal iştirak etməyə çağırıb. O, həmçinin tezliklə işğaldan azad edilmiş ərazilərdə biomüxtəliflik, torpaq və su ehtiyatlarının genişmiqyaslı tədqiqinə başlanılacağına diqqət çəkib, bu sahədə hazırlanan planlardan danışıb.

Daha sonra yığıncaqda bir sıra elmi-təşkilati və kadr məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

 www.science.gov.az

 

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN