• Cum. Mar 29th, 2024

Yaşıl bağ

Bydendrologiya.az

Ağu 11, 2020

Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi Tofiq Məmmədov

Təbii aləmi mühafizə etmədən, ətraf mühiti qorumadan, flora və faunanın qayğısını çəkmədən cəmiyyətin sağlamlığına nail olmaq, insanların həyat və fəaliyyəti üçün əlverişli ekoloji şərait yaratmaq mümkünsüzdür. Meşə zolaqları, ağac və bitki örtüyünü əbəs yerə təbiətin “yaşıl ciyəri” adlandırmırlar və onlar ekologiya və ətraf mühitin qorunmasında müstəsna əhəmiyyət kəsb edir

-Tofiq müəllim, ekologiyanın qorunmasında yaşıllıqların rolunu necə dəyərləndirərdiniz?

-Statistik məlumatlara görə, son vaxtlar iqlim dəyişkiliyi, genefondun dağılması, bioloji müxtəlifliyin pozulması az qala nüvə müharibəsi qədər böyük qlobal təhlükə yaradır. Əslində hər şeyin mənbəyi olan torpağa lazım olan mikroelementlər də canlı bir orqanizm kimi qəbul edilməlidir. İqtisadiyyat və sənayenin yüksək sürətlə inkişafı, bir sıra təhlükəli nüvə sınaqları ekoloji vəziyyətə və ətraf mühitin çirklənməsinə olduqca mənfi təsir göstərir. İndi bir sıra xəstəliklərin cavanlaşması, kütləviləşməsi və geniş yayılması da ətraf mühitdə yaranan həmin çirklənmənin nəticəsidir. Ölkənin meşə fondu və təbii bitkilərlə zəngin olan ərazilər ətraf mühitin mühafizəsində aparıcı rol oynayır. Kurortların, müalicəxanaların, istirahət mərkəzlərinin yaşıllıqlar ətrafında təşkil edilməsi heç də təsadüfi deyil. Azərbaycanın coğrafi mühiti, relyefi, iqlimi və torpaq xüsusiyyətləri Cənubi Qafqazda onun liderlik etməsinə səbəb olub. Ötən əsrin ortalarında Azərbaycanda florasında 4225 növ, onlardan 342-si ağac və kol bitkisi olduğu qeydiyyata alınıb. T əbiətimizdə nəsli kəsilməkdə olan ağac və kol bitkilərinin sayı kifayət qədər çoxdur. 1974-cü ildə ölkəmizdə olan həmin ağac və kol bitkilərinin sayı 20, 1984-cü ildə 24, 1989-cu ildə 40 növ olduğu göstərilib. Apardığımız tədqiqatlar göstərir ki, bu gün Azərbaycanda nadir ağacların, nəsli kəsilməkdə olan bitki və kolların sayı 188-dir. Bu, təxminən yarım əsri əhatə edən dövr ərzində dörd dəfədən çox artım deməkdir. Əlbəttə ki, bu çox böyük bir təhlükədir. Azərbaycan florasında “Qırmızı kitab”a düşən 300 növ bitki varsa bu, onların da yarıdan çoxunun nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalması deməkdir. Onların sırasına Hirkan şümşadı, dəmirağac, Azad ağacı, palıdın və vələsin bir neçə növü, ağcaqayın, gülçiçəklilər fəsiləsindən bir neçə bitki növü də daxildir.

Təbii meşələrin azalması çox böyük narahatlıq doğurur

-Nəsli kəsilməkdə olan bitkilərin qorunması üçün hansı tədbirlər görülür?

-2005-ci ildən başlayaraq bitki örtüyünün qorunması, mühafizəsi ilə əlaqədar dövlət səviyyəsində bir sıra qərar və qanunlar qəbul olunub. Lakin antropogen amillər yenə də çox böyük risk altındadır. Vaxtilə ölkə ərazisinin 11 fazini meşə fondu təşkil edirdi, indi yeni meşə fondları yaradılsa da, təbii meşə fondu azalaraq 8 faiz həddinə düşüb. Çox böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bunun başlıca səbəblərindən biri yeni kompleks və istirahət mərkəzlərinin xeyli bir qismi meşənin ortasında və ya yaşıllıqların məhv edilməsi hesabına tikilməsidir. Belə olanda həmin ərazilərdə kilometrlərlə ərazi antropogen amillərin təsiri altına düşür.

Nəsli kəsilməkdə olan ağac və kol bitkilərinin bərpası, yeni bitki növlərinin yaradılması sahəsində işlər aparılmalıdır. Biz dendrofloranın həm təbii, həm də mədəni təhlilini aparır, ölkəmizin iqlim şəraitinə uyğun olan yeni bitki növlərinin artırılmasına çalışırıq. Institutda 40-a yaxın yeni bitki növünün çoxaldılması üzərində işləyirik. Abşeron yarımadasında sezalpiniya, seratoniya, palıdın bir növü və digər bitkilərdən ibarət təbii meşələr salmaq mümkündür. İnstitutumuz bu sahədə xeyli imkanlara malikdir. Bizdə landşaft memarlığı ilə məşğul olan çox yaxşı mütəxəssislər var. Parkların yaşıllıq təsərrüfatının müasir tələblərə uyğun qurulması, bəzək-bağçılıq şahəsində çoxlu maraqlı təkliflər verə bilərik, yerli şəraiti nəzərə alaraq yeni yaşıllıq zonaları yaratmaq olar, lakin təəssüf ki, bu sahədə yerli mütəxəssislərin imkanlarından lazımınca istifadə olunmur.

Dendrarinin bitki aləmi

-Dendrarinin bitki aləmi barədə nə deyə bilərsiniz?

-Hazırda institutda 3 şöbə və 8 laboratoriya fəaliyyət göstərir. Florada təbii, mədəni və yeni introduksiya edilmiş ağac-kol bitkilərinin biomüxtəlifliyi, bərpası, qorunub saxlanılması üçün elmi-tədqiqat işləri aparılır. Mərdəkan dendrarisində dünyanın müxtəlif ölkələrindən gətirilən ağac və bitki növləri introduksiya olunur. Dendrarinin ərazisində Aralıq dənizi ölkələrindən 260-dan, Avstraliya və Yeni Zelandiyadan 110-dan çox, Qafqazdan 430, Şərqi Asiyadan 180, Orta Asiya florasından 120-dən çox ağac və kol növləri becərilir. Su hovuzlarının ətrafında 240 növdən çox rütubətsevən bitki toplanılıb. Bundan başqa tibbi botanika və fitoterapiya laboratoriyasının nəzdindəki kolleksiya sahəsində 375, efir yağlı bitkilər kolleksiyasında isə 120 növ bitki var. Dendraridə ətraflı öyrənilən dərman bitkiləri arasında mərsin, qızılgül, lavanda, yovşanın müxtəlif növ və sortları, o cümlədən pişiknanəsi cinsinə məxsus 25 növ və sortlar becərilir. Hər il ölkəmizin ayrı-ayrı bölgələrinə səfərlər təşkil edilərək həmin regionda bitən bitki növləri dendrariyə gətirilir. İndi kolleksiya sahəsində sədokimilər, dodaqçiçəklilər, mərsinkimilər, mürəkkəbçiçəklilər, gülçiçəklilər, ətirşahkimilər və s. fəsiləsinə məxsus yabanı bitki növləri də becərilir.

-Dendraridəki fond oranjereyası da çox böyük maraq doğurur…

-Həmin oranjereya 20 il əvvəl yaradılıb və bir növ tropik və subtropik bitkilərin canlı muzeyidir və burada bitkilərin bioloji müxtəlifliyi və sənayedə istifadəsi elmi əsaslarla öyrənilir. Oranjereyadakı canlı kolleksiyalar əməkdaşlıq yolu ilə dünyanın müxtəlif ölkələrindəki botanika bağları və dendrologiyalardan gətirilib. Təxminən 900 kvadratmetr ərazidə yerləşən 275 növdən çox istiliksevən bitkilər böyük elmi və estetik əhəmiyyətə malikdir. Sahilyanı və su bitkilərinin ekspozisiyası oranjereyanı daha da zənginləşdirir. Həmin kolleksiyada yetişdirilən 100 növ bitki Beynəlxalq Qırmızı Kitaba salınıb.

-Son vaxtlar institutda yaşıllıqların qorunması sahəsində hansı işlər görülür?

Son vaxtlar 35 növ toxum növü gətirmişik. Biz daha çox Aralıq dənizi ölkələrindən bitki növləri mübadilə etməyə üstünülk veririk. Həmin ölkələrdən gətirilən bitki növləri Abşeron yarımadasının iqlim şəraitinə Mərkəzi Avropa ölkələrinə nisbətən daha yaxşı öyrəşir. İtaliya, İspaniya və Misirdən gətirilən bitki növləri iqlim şəraitinə daha tez uyğunlaşır.