• Çar. Nis 17th, 2024

AMEA Dendrologiya İnstitutunda Arbutus unedo L. növləri tədqiq edilir

Bydendrologiya.az

Ağu 6, 2020

AMEA Dendrologiya İnstitutunun “Ağac-kolların introduksiyası və iqlimləşdirilməsi” laboratoriyasında Arbutus unedo L. Növünün və bir çox yeni növ ekzotik bitkilərin introduksiyası, bioloji xüsusiyyətlərinin öyrənilməsi, xarici mühit amillərinə uyğunlaşdırılması və landşaft arxitekturası əsasında tətbiqi üzrə geniş tədqiqatlar aparılır.
Bu barədə AMEA Dendrologiya İnstitutu “Ağac və kol bitkilərinin intraduksiyası və iqlimləşdirilməsi” laboratoriyasının elmi işçisi Hüseynova Aynur institutun “ictimaiyyətlə əlaqələr” şöbəsinə məlumat verib.
Arbutus unedo L. növü 2017-ci ildən Dendrologiya İnstitutunun bitki kolleksiyarı içərisində yer alır və İnstitutunun təcrübə sahəsində tədqiqatı aparılır. Tədqiqat üçün toxum və qələmlər Arbutus unedo L. növünün yaşlı nüsxəsindən əldə edilmişdir . Toxumalrı ABŞ və Portuqaliyanın botanika bağlarından əldə edilmişdir.
Arbutus unedo L.- İrimeyvə çiyələk ağacı növü, Eriaceaea Juss.fəsiləsinə, Arbutus L.cinsinə aiddir və 14 növü məlumdur. Ən geniş yayılmış Arbutus unedo L. ve Arbutus andrachne L. növləridir. Vətəni Aralıq dənizyanı ölkələridir. Yayılma arealı şimal-qərbi Fransa və İrlandiya, Portuqaliya, Krımın cənub sahilləridir.Arbutus unedo L.- İrimeyvə çiyələk ağacı 5-10 m hündürlüyündə, həmişəyaşıl, gec böyüyən ağac və ya koldur. Bəzən 15 m-ə qədər böyüyür və gövdəsinin diametri 80 sm-ə catır. Gövdəsinin qabığı qırışıq, narınçı-qırmızı olmaqla hər il lövhəcik şəklində soyulur. Budaqları aşağıya doğru sallanır, geniş çətirə malikdır. Qırmızımtıl-qəhvəyi, tüklü budaqları üzərində yarpaqları tərs yumurtavari, tünd yaşıl, parlaq, xırda dişli, uzunsov-ellipsvari, saplaqlı, növbəli düzülmüşdür. Bitki birevli olub, İnci çiçəyinə bənzər çiçəkləri, salxımvari çiçək qrupunda toplanmışdır.Əsasən çiçəkləri ağ və çəhrayı rəngdə olur. Giləmeyvələri, qabarıq əmzikşəkilli, qırmızı, narıncı rəngdə, ətli-şirəli hamaş meyvədir. Giləmeyvələr çiyələk dadında olduğu üçün bitkiyə “İrimeyvə çiyələk ağacı”adı verilmişdir. Toxumları bərk, müxtəlif ölçülü olub, ən böyüyünün uzunluğu 0,5 mm-dir. Acıq-qəhvəyi, qabarıq, oval formalı və ucu bizdir. Hər bir meyvədə 5-6 toxum olmaqla çəkisi 0,6 mq-dır. Arbutus unedo L. Növünün orta həyat ömrü 100 ildən coxdur, relikt bitkidir. Bitki işıq sevən və quraqlığa davamlıdır . Azərbaycanda Arbutus unedo L. növü 2000-ci ildənTürkiyədən intensiv gətirilməklə əkin sahələrində yer almışdır.
Abşeron şəraitində Arbutus unedo L. növünün xarici mühit amillərinə uyğunlaşması, səmərəli coxaldılma üsulları araşdırılmışdır.
Ontogenezin bütün mərhələlərində baş verən dəyişkənliklərin, bitkinin introduksiya şəraitində böyümə və inkişaf xüsusiyyətlərinin tədqiqi, həmçinin çiçəkləmə və meyvəvermə kimi reproduksiya xüsusiyyətlərinə dair tədqiqatlar aparılmışdır.
Abşeron şəraitində çiçəkləmə oktyabr-noyabraylarından başlayaraq dekabr-yanvar aylarına qədər davam etdiyi üçün, bitkinin budaqları üzərində həm çiçəklər,həm də meyvələr müşahidə olunur. Vətənində isə çiçəkləmə dekabr ayından başlayaraq fevrala qədər davam edir. Çiçəkləmənin vaxtı və davametmə müddəti iqlim şəraitindən asılıdır. Abşeron şəraitində çiçək oxu 06.VI.-də müşahidə olunduÇiçək oxu çəhrayı rəngdə, uzunluğu 4,5sm-dir. Bir çiçək salxımında 10-30 ədəd ağ və ya açıq cəhrayı rəngdə aşağıya doğru sallanmış çiçəklər olur, həşəratlarla tozlanır.

Meyvələr yaşıl-sarı, getdikcə narıncı, tam yetişdikdə isə tünd qırmızı rəngdə olur, meyvələr uzun müddət bitkinin üzərində qalır. Bitkinin introduksiya olunma dərəçəsini müəyyənləşdirərkən çiçək, meyvə, toxum əmələ gətirmə qabiliyyəti və məhsuldarlığı nəzərə alınır .Aparılmış tədqiqatlar nəticəsində AMEA Dendrologiya İnstitutunda ilk dəfə olaraq 2019- cu ildə Arbutus unedo L. növünün meyvə məhsuldarlığı öyrənilmişdir.
Bitkidə ümumiyyətlə çiçəkləmə və meyvəvermə bir neçə mərhələdə baş verir. Meyvələr oktyabr ayının III ongünlüyündən başlayaraq yetişmə mərhələsinə keçir. Meyvələrin yetişməsi 4-5 mərhələdə başa çatır. Ümumi bitkidən 667 qr məhsul yığıldı və yığılan meyvələr toxum üçün tədarük edildi. İlk yetişmiş meyvələr 29 oktyabr ( 80 qr) olmuşdur. 2-ci mərhələ 16 noyabr (110 qr), 3- cü mərhələ 25 noyabr (135qr), 4-cü mərhələ 2 dekabr (168 qr), 5-ci mərhələ 6 dekabr (174 qr) məhsul yığılmışdır.
Arbutus unedo L. növünün yetişmiş meyvələrinin ən böyük meyvəsinin diametri 4 sm, ən kiçik meyvəsinin diametri isə 1,5 sm- dir. Yetişmiş meyvələrin tərkibində (0,5%) spirt var. Portuqaliyada Arbutus brendi adı altında “Aguardente de Medrónia”adlı araq və likiorlar istehsal olunur. Meyvələrinin qida dəyəri cox yüksək, az kalorilidir, 100qr- da, 30 k cal var.Yağ tərkibi – 0.4 q, protein – 0.8 q, karbohidrat – 7.5 q-dır.Buraya vitaminlər də daxildir:A, B, C, E, H, PP qrupları, üzvi turşular, kalium, kalsium, mis, maqnezium, natrium, yod, dəmir.Meyvəsi ürək və qan damar xəstəlikləri olan insanlar üçün faydalıdır, immuniteti yüksəldir, görmə qabiliyyətini artırır.

Landşaft dizaynında, ekosistemin bərpasında və ya permakulturada Arbutus unedo L. çox hədəfə malikdir. Dekorativ bitki olmaqla yanaşı,deqradasiyaya uğramış ekosistemləri bərpa etmək və səhralaşmanın qarşısını almaq üçün dəyərli bir bitkidir.Zəif torpaqlarda yaxşı böyüyür, geniş şəraitdə istifadə edilə bilər.Şoranlığa dözümlüyü, həmişəyaşıl olması ilə birlikdə, dənizə yaxın ölkələrdə külək keçirməyən maneələr üçün yaxşı seçimdir. Arbutus unedo L. növü yanğına davamlıdır (yanğından sonra böyüyə bilən), meşələşdirmə üçün yaxşı bir namizəddir. Geniş bir kök sistemi torpağın sabitləşməsinə kömək edir.

Abşeron şəraitində Arbutus unedo L. – irimeyvə çiyələk ağacı növü introduksiya olunaraq biomorfoloji xüsusiyyətləri öyrənilir. Məlum olmuşdur ki, Arbutus unedo L. növü Abşeron şəraitində normal cicəkləyib meyvə verir, Abşeronun kükəkli, rütübətli havasına davam gətirir. Tədqiqat illərində bitkidə Abşeron şəraitində xəstəliktörədici və ziyanvericilər müşahidə edilməmişdir. Arbutus unedo L. növü demək olar ki, bütün hissələri ilə cox əhəmiyyətlidir. Gələcəkdə meyvəçilikdə, yeyinti və tibb sənayesini xammal ilə təchizatında, landşaft dizaynında, ekosistemin bərpasında, ətraf mühitin sanitar-gigiyenik şəraitin yaxşılaşdırılmasında,permakulturada Arbutus unedo L. növü çox hədəfə malikdir. Arbutus unedo L. növünün öyrənilməsi və tətqiqi önəmli məsələdir.