Şəhidlər ölmür

AMEA Dendrologiya İnstitutu «Ağac və kol bitkilərinin introduksiyası və iqlimləşdirilməsi» laboratoriyasının böyük elmi işçisi,dissertant İradə Məmmədova

Azərbaycan xalqı qəhrəman Generalları və vətənpərvər hərbçiləri ilə fəxr edir- kəlmələri ilə başladığım bu məqalədə, mən də bir hərbçi anası kimi vətənpərvər xalqımızın yanında olmaq, şəhidi olan ana və bacılarımıza, Ali Baş Komandanımıza dəstək olmaq üçün fikirlərimi bölüşmək istəyirəm.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı törədilən bir sıra cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız ancaq bir amal uğrunda səfərbər olub vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Bu amal uğrunda mübarizədə bir çox qeyrətli, vətənpərvər oğullarımız şəhid olur. Onların bu heç vaxt yaddan çıxmayan igidlikləri xalqımızın qəlbində əbədi bir məşəltək yanaraq, sanki gələcək nəsillərin yoluna işıq salır. Xalqımız və dövlətimiz onların Vətən uğrundakı igidliklərini yüksək qiymətləndirərək fəxri adlar və medallara layiq görüblər. Onlar ad-san, şan-şöhrət üçün vuruşmurdular, ancaq müqəddəs amal, müqəddəs vətən torpağının toxunulmazlığı uğrunda vuruşurdular.

Dunyanı və eyni zamanda ölkəmizi də cənginə alan COVİD 19 pandemiyası ilə qlobal mübarizə apardığımız bu dövrdə bitirməmiş, bu yandan da həm daxildən , həm də xaricdən görünən virus ortaya düşdü. Dövlətimiz bu hiyləgər kökü bilinməyən viruslarla mübarizə aparmağa məcburdur.

12 iyul tarixində murdar Ermənistan tərəfi artilleriyadan istifadə edərək ölkəmizə qarşı növbəti məkrli təcavüz aktını həyata keçirir. Bütün bunları etməkdə Ermənistanın məqsədi regionda yeni gərginlik ocağı yaratmaq, işğal olunmuş ərazilərdən diqqəti yayındırmaq, danışıqlar prosesini pozmaq və Azərbaycan torpaqlarını azad etməməkdir. Həmçinin, bu kimi təxribatlarla onlar diqqəti daxili ağır sosial-iqtisadi vəziyyətdən yayındırmaq və üzvləri olduğu təşkilatları prosesə cəlb etmək istəyirlər.

Məlum olduğu kimi, iyul ayının 14-də gecə saatlarında Azərbaycan gəncləri, Tovuzun Dondar Quşçu kəndində murdar təcavüzkarlar tərəfindən qəhrəman hərbçilərimizin şəhid edilməsinə etiraz olaraq və Ordumuza dəstək məqsədilə yürüş keçiriblər. Gənc vətənpərvər vətəndaşlarımızın Ordumuza dəstək yürüşü, ordu-xalq birliyinin bariz ifadəsi, əsgərlərimizin Vətənimiz naminə rəşadətlərinin ilham mənbəyi kimi qürurverici hadisədir. Əvvəlcə çox iftixar hissi keçirdim ki, xalqımız öz torpaqlarına, ordusuna, biganə deyil, buna görə də küçələrə axışır. Bu izdiham pərdəsi arxasında bir qrup təxribatçı vəziyyətdən sui-istifadə edərək xüsusi mühafizə olunan dövlət obyektinə qanunsuz olaraq girərək, dövlət qurumunun inzibati binasını zəbt etməyə çalışmışlar.Düşündülər ki, Milli Məclisin binasına daxil olmaqla Qarabağı almaq olar. Onları sərhəddə və daxildə qoruyan əsgər və polislərin nəqliyyat vasitələrini aşırıb, zərər yetirdilər Amma karantin vaxtı küçəyə ancaq sms-lə çıxa bilirik. Gün kimi aydındır ki, bir qrup təxribatçının bele hərəkətləri – məsafənin qorunmaması,maskaların taxılmaması xalqı və hərbçiləri də təhlükəyə atmış olur. Mənə belə gəlir ki, belə hərəkətlər torpağımız uğrunda canını fəda edən şəhidlərimizə hörmətsizlikdir. Belə olan surətdə ağıllı düşünərək arxamızı dövlətimizə söykəyib, heç nədən narahatlıq keçirməmək, Ali Baş Komandamız cənab İlham Əliyevin dəyərli çağırışlarına hay verib, sözünə qulaq asmaq lazımdır.
Bu gün bizim bir düşmənimiz var — o da Ermənistandır. Onun Azərbaycan torpaqlarına, Azərbaycan xalqına qarşı apardığı müharibəyə ordumuz layiqincə cavab verir. Cəbhə bölgəsində əsgərdən tutmuş generala qədər hər kəsin səngərdə döyüşdə olması buna əyani sübutdur. Hesab edirəm ki, Azərbaycan xalqının orduya dəstək üçün ortaya qoyduğu iradəsini heç kim başqa səmtə yönəldə bilməyəcək.
Biz müdrik xalqıq. Ana torpağa olan məhəbbət hisslərimizi, Vətən və Qarabağ sevgisini, gələcəyini, dövlətinə münasibətini bir qrup vətən xaininin öhdəsinə buraxmamalıyıq.
Dövlətimiz öz növbəsində bu proseslərlə bağlı Aİ-ni məlumatlandırır. Azərbaycan Avropa İttifaqından təcavüzkar ölkə ilə təcavüzə məruz qalmış ölkə arasında fərq qoymasını gözləyir. Belə ki, Ermənistanın addımları beynəlxalq ictimaiyyət, o cümlədən Aİ tərəfindən qəti şəkildə pislənilməlidir. Bu gün mən və mənim kimi torpağını ,vətənini sevən bütün vətəndaşlar ümid edirik ki, Aİ Ermənistanın işğal olunmuş ərazilərimizdəki qeyri-qanuni fəaliyyətinə, o cümlədən qeyri-qanuni məskunlaşma siyasətinə hüquqi qiymət verəcəkdir.
İnsanlarımızın xoşniyyətli yürüşündən bəd məqsədlərlə istifadə etmək, qarşıdurma yaratmaq, süni surətdə ictimai narazılıq toxumu səpmək yolu ilə xalqın birliyini pozmaq istəyənlərə ar olsun. Unutmasınlar ki, Vətənini, Xalqını, Dövlətini, Prezidentini ürəkdən sevən hər bir Azərbaycanlı onlara qarşıdır, onlara nifrət edir. Bu isə on minlər, yüz minlər, milyonlar deməkdir.
Qədim diyarımız Naxçıvanda bele bir el məsəli var:” oğul düşmən çəpəridir”. Arzu edərdim ki, hər bir vətənini sevən Azərbaycanlı, ana vətənini qoruması naminə, layiqli, igid, qoçaq, lazım gələndə belə canını fəda etməyi bacaran oğullar yetişdirsin. Sonda onu demək istəyirəm ki, biz hamımız Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşmək, onun tapşırıq və tövsüyələrini canla başla yerinə yetirməliyik. Əgər biz bir olsaq heç bir qüvvə bizə qalib gələ bilməz.

Çünki biz birlikdə güclüyük!

 

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN