Hər birimiz Ali Baş Komandanımızın yanındayıq!

Vətən səngərdən başlayır. Bu gün bu deyim hər kəsin dilində səslənir, ürəklərdə bəslənən sonsuz Vətən sevgisindən xəbər verir. Bəli, Vətənin hər qarış torpağı bizlər üçün dəyərli nemətdir. Təsadüfi deyil ki, xalqımız Vətən kəlməsini hər zaman ana kəlməsi ilə birgə işlədir. Çünki qoynunda böyüyüb boya-başa çatdığımız bu diyar anamız qədər əziz və doğmadır.

Yer üzündə əksər xalqlar üçün bir neçə müqəddəs məhfumlar mövcuddur. Vətən, millət, dövlət, dil və din. Bu varlıqlar təhlükədə olanda həyəcan təbili çalınır, Vətənin igid oğulları savaşa qalxır.

Vətənpərvərlik dedikdə, öncə Vətən üçün canından keçmək başa düşülür. Amma vətənpərvərlik yalnız vətən üçün canından keçmək deyil, vətənpərvərlik anlayışına geniş mənada tərif vermək olar. Vətənpərvərlik Vətənə olan ülvi məhəbbətdir. Vətənpərvərlik hissi insanın daxilində olan bir hissdir. Əgər bu hiss sənin daxilində yaranmayıbsa, o zaman nə vətənini, nə torpağını, nə valideynlərini sevə bilməzsən.

Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olmuş, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətənini düşmən ayağına verməmişlər. Mərd, mübariz oğul və qızlarımız öz doğma vətənlərini həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, vətən naminə canlarını qurban verməkdən çəkinməmişlər.

Bu gün hər bir azərbaycanlı düşmən tapdağında olan torpaqlarımızı azad etməyə hazırdır. Babalarımızdan miras qalan bu yurdu göz bəbəyi kimi qorumaq qarşımızda duran əsas amaldır.

Bu misralarda ifadə olunan fikir hər birimizin qəlbinə və düşüncəsinə hakim kəsilib.

Axı Vətən təkcə yurd deyil. Vətən mənəm, Vətən sənsən, Vətən bizik. Vətənin dünəninə, bu gününə, sabahına hamımız cavabdeh olmalıyıq. Vətənpərvər, Vətənini, yurdunu sevən, dövlət atributlarına hörmətlə yanaşan, onu qoruyan, hər zaman üçrəngli bayrağını uca tutan cəsur oğullar millətin qürur mənbəyidir.

O insan vətənpərvərdir ki, doğma Vətənini müdafiə etsin, mədəniyyətinin, adət-ənənələrinin qorunmasının cəfakeşi olsun, bayrağını uca tutsun.

Bu gün nəinki Azərbaycanın mərd oğulları Vətənimin cəsur qızları da öz  növbələrində Azərbaycan Ordusunda nümunəvi xidmət etməklə işğal olunmuş torpaqlarımızı azad etməyə hazırdır.

Vətən yalnız üstündə gəzib, qayğısız ömür sürmək, sərvətlərinə, gözəlliyinə baxıb qürrələnmək üçün bir məkan deyil. Biz Vətənimizlə qürur duyduğumuz kimi, həm də onu böyük məhəbbətlə sevirik və onun qarşısında özümüzü borclu sanırıq.

Yenilməz Ordum Xalq Sizə və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə inanır. İşğalçılar cəzasız qalmayacaq və qələbə Azərbaycan xalqının olacaq. Axır ki, dünya birliyi oyanacaq və ədalət zəfər çalacaq, dövlətimizin ərazi bütövlüyü bərpa ediləcək.

Allah qüdrətli Azərbaycanın Şanlı Ordusunun yardımçısı olsun! 

İnşallah zəfər bizimdir!

Hər birimiz Ali Baş Komandanımızın yanındayıq!

Tünzalə Zeyvəliyeva, Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

http://science.gov.az/news/open/13731

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN