• Çar. Nis 17th, 2024

Təbii antibiotik tərkibli dərman əhəmiyyətli bitkilər

Bydendrologiya.az

Haz 26, 2020

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəfələrlə soyuqdəymənin ilk əlamətlərində bəzi insanların artıq miqdarda qəbul etdikləri antibiotiklərdən istifadə etməsinin antibiotikrezistentliyə gətirib çıxara biləcəyi elan edilir. Yəni mikrobların müəyyən növləri həmişə istifadə olunan preparatlara öyrəşir, mutasiyaya uğrayır və artıq onları qəbul etmir. Ciddi fəsad yarandıqda farmpreparatlar təsir etməyə də bilər. Xoşbəxtlikdən təbiət zərif insanın qayğısına qalaraq artıq çoxdan təbii antibiotiklər yaradıb. Bir çox bitkilər antibiotik xüsusiyyətlərə malikdir. Əlbəttə, onları təsir gücünə görə farmpreparatlarla müqayisə etmək olmaz. Ancaq təbiət tərəfindən yaradılan qida məhsulları kimyəvi preparatlar kimi güclü ziyan vura bilməz. Onların, demək olar, əlavə təsirləri yoxdur və tibbi preparatlardan ucuzdur. Təbii antibiotiklərin çox üstünlükləri var. Təbiətdə, eyni zamanda, bakteriya, virus və göbələklərdən qorunmaq üçün xüsusi maddələr var.

AZƏRTAC verir ki, bu fikirlər AMEA Dendrologiya İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Tofiq Məmmədovun təbii antibiotik tərkibli dərman əhəmiyyətli bitkilərdən bəhs edən məqaləsində yer alıb. Alim məqalədə təbii antibiotik tərkibli dərman əhəmiyyətli bitkilər barədə məlumat verir, onların müalicəvi xüsusiyyətlərini diqqətə çatdırır.

Məqalədə qeyd edilib ki, təbii antibiotiklərin hər orqanizmə təsirini qiymətləndirmək çox çətindir. Ancaq soyuq havada vaxtaşırı onları qidaya əlavə etdikdə immuniteti möhkəmləndirir. Hindistanda ailəni bəlalardan qoruyan müqəddəs bitki hesab edilən reyhan niversal təbii antibiotikdir, dezinfeksiya və bakterisid xüsusiyyətlərə malikdir və orqanizmi müxtəlif infeksiyalardan qoruyur. Bu bitki soyuqdəymədə, qripdə istifadə edilir. Bronxlardan bəlğəmi çıxarır, öskürəyi aradan qaldırır. Hərarəti sala bilər, yuxusuzluğu və əsəb gərginliyini götürür. Reyhanın efir yağı bakterosid təsirə malikdir. Reyhan həlimi angina və başağrısına kömək edir. Onun cövhərləri mədə-bağırsağın iltihab xəstəliklərində – qastrit, enterit, kolit və s. kömək edir. Dərinin ekzema və ya psoriazla zədələnmiş hissələrinə bu cövhərləri yaxmaq olar. Hamilə qadınlara və hormonal preparatlar qəbul edənlərə, habelə “qan laxtalanması” olanlara (tromboflevit, infarkt və ya insult keçirənlərə, ürək-damar sistemində problemi olanlara, şəkər xəstəliyindən əziyyət çəkənlərə) məsləhət görülmür.

Erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü olan mərcangilənin meyvələri pektin maddələr, polifenol və efir yağları ilə zəngindir. Tərkibində təxminən 70 xeyirli üzvi birləşmə, vitaminlər, xüsusilə C vitamini var. Provitamin A-nın miqdarına görə mərcangilə quşüzümü, limon, armud, alma, üzüm və qaragilədən üstündür. Onun meyvələrində benzoy turşusu – təbii konservant var. Benzoy turşusunun yaratdığı mühitdə xəstəliktörədici mikroblar inkişaf və çoxalmaq qabiliyyətini itirir. Bu turşu mərcangiləyə iltihaba qarşı təsir göstərərək onu antibiotikə çevirir. Sidik-ifrazat sistemi xəstəlikləri, xüsusilə sistitlərin müalicəsində istifadə edilir. Mərcangilə antibiotik və sulfamilamid preparatların aktivliyini artırmağa qadirdir. Ona görə də mərcangilə içkisi hərarəti olan xəstələrə, ağır xəstəliklər və zədələr keçirdikdən sonra iştahanı artırmaq üçün tövsiyə edilir. Ondan hazırlanan içki çox vaxt xərçəng intoksikasiyasında, kimyaterapiyadan sonra təyin edilir.

İyul və sentyabr aylarında bitən qaragilə meyvələrinin tərkibində 20 faizə qədər şəkər, 7 faiz aşı maddəsi, 8 faizə qədər limon və alma turşuları, habelə C vitamini, karotin, pektin maddələri var. Onun giləmeyvələrindən mədə–bağırsaq pozulmasında, ishalda, dizenteriyada sulu bişirmə, cövhər, kisel hazırlayıb istifadə edirlər. Qaragilənin yarpaqları da faydalıdır. Son illərdə yarpaqlarını qurudub çay hazırlayaraq diabet xəstəliyində, qanda şəkərin miqdarını azaldıcı dərman kimi içirlər. Giləmeyvələrin tərkibində olan aspirinə bənzər maddə ağrıkəsici və təravət salan təsirə malikdir. Qaragilə sidik yollarındakı bakteriyaları məhv edir və bütün orqanizm üzrə infeksiyanın yayılmasına mane olur. Yüksək hərarətdə, soyuqdəymədə istifadə edilir. Onun giləmeyvələrindən hazırlanan həlim iltihaba qarşı, xüsusən ağ ciyər, böyrək və ya sidik kisəsinin iltihabında müsbət təsir göstərir.

Tərkibində yüksəkkeyfiyyətli yağ olduğu üçün xardal toxumundan bitki yağı istehsalında min illər ərzində xammal kimi istifadə olunur. Yağı aldıqdan sonra yerdə qalan hissədən üyüdülmüş xardal tozu əldə edilir. Bu xardal tozundan süfrə xardalı hazırlanır. Xardalın əsas təsiredici maddəsi siniqrin qlükozididir. Xardal tozunun tərkibində kurkumin (aktiv inqrediyentdir) var ki, bu maddə ona sarı rəng verməkdən əlavə, bizim sağlamlığımız üçün xeyirlidir. Xardalın əsas xeyirli xüsusiyyətləri antimikrob, antigöbələk və iltihaba qarşı təsiridir. Bundan əlavə, xardalın tərkibində tapılan allil izotiosianatlar hüceyrələrinin qarşısını almağa və azaltmağa malikdir. Hərarət olmadıqda, soyuqdəymənin ilk əlamətlərində, boğaz qıcıqlanmasında, uzunmüddətli öskürəkdə istifadə edilir. Qədimdən qan azlığında təyin edilir.

Dekabrda yetişən və yayın ortasınadək bütün xüsusiyyətlərini saxlayan qreypfrutun toxumlarından hazırlanan cövhər 800 ştamm bakteriya və 100 növ göbələyə qarşı effektlidir. Viruslara qarşı da təsir edir və əlavə təsirləri olmur. Bütün qış ərzində soyuqdəymə xəstəliklərinin profilaktikası üçün istifadə etmək olar. Ancaq şirəsinin yarısınadək su ilə qarışdırmaq yaxşıdır. Toxumların çox güclü və qarışdırılmış hazır ekstraktı dərini yandıra bilər.

Zəncəfil tərkibində efir yağı olan bitkidir. Ümumiyyətlə, bu fəsildən olan üç növ bitkinin köklərindən zəncəfil alınır. Bunlar aptek (Zingiber officinale), alpiniya və kurkuma zəncəfilləridir. Zəncəfil mədənin həzmetmə fəaliyyətini artırır, mədə-bağırsağın iltihabının və çürüməsinin qarşısını alır. Odur ki, zəncəfilli xörəklərin və zəncəfil çayının xroniki mədə-bağırsaq xəstəliyinə tutulanlar üçün çox xeyri var. Zəncəfilin kökü antimikrob, iltihaba, bəlğəmə, hərarətə və tərləməyə qarşı xüsusiyyətlərə malikdir. Bu bitki soyuqdəymə, tonzillit, angina, laringit, faringit, bronxit, pnevmoniyanın kompleks müalicəsində istifadə edilir. Qaraciyər, mədə xorası xəstəliklərində, allergiya xəstəliyi kəskinləşdikdə, hipertoniklərə və ürək-damar xəstəlikləri olan insanlarda istifadə etmək təhlükəlidir.

Adokskimilər fəsiləsinə aid bitki cinsi olan başınağacının Azərbaycanda yabanı halda üç növü yayılıb. Başınağacının meyvələrindən daha çox istifadə edilir. Elmi təbabətdə onun qabıqlarından sulu dəmləmə, bişirmə və cövhər formada preparatlar hazırlayıb, daxili qanaxmalarda, eləcə də uşaqlıq və mədə-bağırsaq qanaxmalarında qankəsici dərman kimi işlədilir. Soyuqdəymə, öskürək, qrip, angina, pnevmoniya, bronxit, avitaminozda, bədənin yüksək hərarətində istifadə edilir.