Dendrologiya İnstitutunun fondunda 10 mindən çox herbari saxlanılır

Son illərdə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın yeni nəşrinin hazırlanması istiqamətində tədqiqatlar aparılır. Bununla bağlı AMEA Dendrologiya İnstitutunun Herbari və toxumçuluq laboratoriyası tərəfindən nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkilərinin arealları, bioloji xüsusiyyətləri, ehtiyatı, təbii ehtiyatının dəyişilmə səbəbləri müəyyən olunub. Nadir və nəsli kəsilməkdə olan bitki növlərinin səmərəli mühafizəsini təmin etmək məqsədilə müvafiq tədbirlər haqqında Ətraf Mühitin Beynəlxalq Mübarizə İttifaqının 3.1 versiyasına əsasən təhlükə meyarları müəyyən edilməsi nəzərdə tutulur. Laboratoriya tərəfindən Azərbaycan dendroflorasında nadir və nəsli kəsilməkdə olan növlərin yayıldığı ərazilərdə monitorinq aparılır, nadir bitkilərin nəslinin yoxa çıxmasına səbəb olan amillər, təbii ehtiyatının dəyişilmə səbəbləri, populyasiyaların bərpası və mühafizəsi elmi əsaslarla araşdırılır.

Bunları AZƏRTAC-a açıqlamasında Herbari və toxumçuluq laboratoriyanın müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova söyləyib. Qeyd edib ki, laboratoriyanın əsas fəaliyyəti Azərbaycan dendroflorasının müasir vəziyyətinin araşdırılması, təbii və mədəni bitki növlərini müqayisəli təhlili, ağac və kol bitkilərinin taksonomik tərkibi, Engler və APG sistemləri əsasında təhlili, herbarilərin toplanılması, toxumların tədarük edilməsi, uzunmüddətli saxlanılması və kriokonservləşdirilməsi, çiçəkləmə, meyvəvermənin hormonal stimulyasiyası, yüksəkkeyfiyyətli toxumların alınmasından ibarətdir. Laboratoriyasının elmi tədqiqat iş planı və mərhələlər üzrə tədqiqatı zamanı Azərbaycan dendroflorasının müasir vəziyyəti elmi əsaslarla araşdırılıb. Azərbaycan ərazilərində bitkilərin taksonomik tərkibi, ekobioloji xüsusiyyətləri, reintroduksiyası, dominant, subdominat növlərin ehtiyatı araşdırılıb, kompleks monitorinq aparılıb, areallarda bitkilərin populyasiya vəziyyəti və ekosistemləri qiymətləndirilib, bunun əsasında “Azərbaycan dendroflorası”nın 5 cildliyi başa çatıb, yerli və xarici floraya aid 92 fəsilə, 266 cinsə aid 1141 növ ağac-kol bitki APG III-IV sistemləri üzrə qruplaşdırılaraq ekologiya və botanika sahəsində mühüm nəticələr əldə edilib. Təşkil edilmiş ekspedisiyaların əsas məqsədi tematik plana uyğun mərhələlər üzrə Azərbaycanın təbii və mədəni dendroflorasının müasir vəziyyətinin öyrənilməsi, yayılma areallarının dəqiqləşdirilməsi, nadir və nəsli kəsilməkdə olan növlərin inventarizasiyası olub. Tədqiqat ərazilərində, Böyük və Kiçik Qafqaz dağlarının təbii dendroflorasında DJI Phantom 4 DRON vasitəsilə 30-400 m yüksəklikdən ağac və kol bitkilərinin yayılma areallarının videoçəkilişləri olub, fotoşəkilləri çəkilib. Bitkilərin dəqiq koordinatların təyini üçün CPS-dən istifadə etməklə Azərbaycanın təbii və mədəni dendroflorasının hərtərəfli monitorinqi aparılıb. Məlum olub ki, son dövrlər meşələrdən səmərəsiz və intensiv istifadəsi nəticəsində bəzi bitkilərin arealları qısalıb, bəzi növlər öz areallarını tamamilə dəyişib.

Qeyd olunub ki, flora biomüxtəlifliyinin təhlil edilməsi, meşələrdə yayılmış bitki növlərinin inventarizasiyasının aparılması, iqlim dəyişkənliyinin biomüxtəlifliyə təsiri, ərazilərdə bitkilərin növ tərkibinin öyrənilməsi, tədqiq olunan bitkilərin yayılma areallarının kompleks şəkildə araşdırılması Herbari və toxumçuluq laboratoriyasının elmi tədqiqat iş planının əsas istiqamətidir. Çoxillik tədqiqatlarda Dendrologiya İnstitutunun rəhbərliyi, Herbari və toxumçuluq laboratoriyası, eləcə də digər laboratoriyaların bir qrup əməkdaşları tərəfindən çoxsaylı ekspedisiyalar, elmi ezamiyyətlər, monitorinqlər, çöl marşrutları təşkil edilib. Tədqiqatların nəticəsi göstərdi ki, qlobal iqlim dəyişkənliyi biomüxtəlifliyin azalmasına, səhralaşma prosesinin sürətlənməsinə, nəticədə meşə sahələrinin və meşə ehtiyatlarının azalmasına səbəb olub. İqlim dəyişkənliyinin bioloji müxtəlifliyə təsirinin qiymətləndirilməsi və iqlim dəyişkənliyinin yaratdığı CO₂ qazının artması Böyük və Kiçik Qafqaz meşələrində ağacların böyümə dinamikasına, yanğınlara, həşərat hücumlarına və daşqınlara səbəb olan təsir mexanizmi öyrənilir. Laboratoriya əməkdaşları tərəfindən Talış bölgəsinin, Naxçıvanın sərhədyanı ərazilərinin dendroflorası təbii və mədəni şəraitdə yayılmış növlərin sistematik tərkibi, botaniki-coğrafi vəziyyəti, nadir növlərin mühafizəsi elmi əsaslarla araşdırılır.

Böyük və Kiçik Qafqaz dağlarında yayılmış oduncaqlı çəyirdəkli bitkilərin taksonomik tərkibi və nadir növlərin areallarının daralması, ekobioloji xüsusiyyətlərinin araşdırılması, areallarda populyasiya vəziyyətinin qiymətləndirilməsi, dominant, subdominat növlərin müasir vəziyyətinin öyrənilməsi üzrə tədqiqatlar aparılır. Mədəni floramızda istifadə olunan müxtəlif dünya dendroflorasına mənsub introduksiya olunan bitkilər, onların taksonomik tərkibi araşdırılmaqla herbariləri və toxumları fonda daxil edilib.

“Herbari və toxumçuluq laboratoriyası tərəfindən müxtəlif ərazilərdən tədarük edilmiş toxum nümunələri fondda saxlanılmaqla, təcrübə sahəsində açıq şəraitdə yaz və payız səpinləri aparılır. Toxum nümunələrinin quruluşu və keyfiyyəti, cücərməsi, kök sistemi və sonrakı inkişaf mərhələləri tədqiq edilir, vaxtaşırı fenoloji müşahidələr aparılır. Laboratoriyanın təcrübə sahəsində ləklərdə əkilmiş 1-2 illik tinglər böyümə sahəsinə köçürülür, təcrübə sahəsində payız səpini oktyabrın sonunda, yaz səpini aprel ayının əvvəlində yekunlaşır, bəzi bitkilər qələm vasitəsilə çoxaldılır. Azərbaycanın müxtəlif regionlarından bəzi bitki növlərinin çilinglərinin Dendrologiya İnstitutuna gətirilməsi, Abşeron şəraitində bu növlərin çiling vasitəsilə çoxaldılması, onlar üzərində tədqiqat işinin aparılması başlıca istiqamətlərdən biridir. Herbari və toxumçuluq laboratoriyasının toxum mübadiləsi üçün ağac, kol, ot bitkiləri toxumlarının kataloqu hazırlanır. “Toxum kataloqu”na daxil edilmiş bitkilərin toxum nümunələrindən beynəlxalq mübadilədə istifadə olunur. Azərbaycanın təbii və mədəni dendroflorasının tədqiqatında tədarük edilmiş 965 bitki növünün toxumları laboratoriya şəraitində təmizlənib, stratifikasiya edilib və APG III-IV sisteminə əsasən sistemləşdirilib. Hazırda laboratoriyanın herbari və toxum fondunda 10 mindən çox herbari və 965 bitki növünə qədər toxum nümunələri saxlanılır. Ayrı-ayrı bölgələrdən toplanılmış herbarilər laboratoriya şəraitində hazırlanaraq, təyin edilməsində müxtəlif ədəbiyyat materiallarından, internet məlumatlarından və bir sıra görkəmli alimlərin təcrübələrindən istifadə olunub. Herbari və toxumçuluq laboratoriyasında fəsilələr üzrə sistemləşdirilmiş fondda hər bir herbari və toxum nümunələri öz fəsiləsinə uyğun APG III-IV sistemləri üzrə bölmələrdə yerləşdirilib”, — deyə Minarə Həsənova qeyd edib.

https://azertag.az/xeber/Dendrologiya_Institutunun_fondunda_10_minden_chox_herbari_saxlanilir-1520815

https://azertag.az/xeber/Dendrologiya_Institutunun_fondunda_10_minden_chox_herbari_saxlanilir-1520815

 

 

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN