AMEA-nın Dendrologiya İnstitutunda Maqnoliya cinsinə aid olan bəzi növlər üzərində tədqiqat işləri aparılıb.

Elm müəssisəsinin dissertantı Pərvin Şıxəliyeva yaşıllaşdırmada geniş istifadə edilən Maqnoliya cinsindən olan bəzi növlərin üzərində tədqiqat işləri aparıb.

P.Şıxəliyeva bildirib ki, yaşıllaşdırmada geniş istifadə edilən bu növlərdən biri də Maqnoliya liliiflora- Zanbaqçiçək maqnoliya növüdür. Tədqiqat işində qeyd edilən növün Abşeronda toxumla və qələmlə çoxaldılması qarşıya məqsəd qoyulub. Maqnoliya liliiflora 4 metrə qədər hündürlükdə yarpağını tökən koldur. Bu növ morfoloji əlamətlərinə görə digər növlərdən fərqlənir. Maqnoliya liliifloranın növbələşən, sıx, oval və kifayət qədər böyük yarpaqları vardır, yarpaqları formasına görə geniş ellipsşəkilli və ya yumurtavari olub, 8-10 santimetr uzunluqda, 15-20 santimetr enindədir. Yarpaq ucları qısa, kənarları isə itilənmiş, əsasən pazşəkillidir. Ən çox diqqəti cəlb edən onun forma və rənginə görə gözəl çiçəklərinin olmasıdır. Yazın əvvəlində mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri böyük olub, çəhrayı rəngdən al-bənövşəyi rəngə qədər dəyişir. Adətən çiçəkləri formaca qədəhi xatırladır. Altıdan doqquza qədər olan ləçəkləri çiçək yatağına toplanıb. Çiçəklərdən hamaş meyvələr yaranır, toxumları qırmızımtıl-narıncı rəngdə olur. Tədqiqat işində Maqnoliya cinsinə (Magnolia L.) aid olan “Magnolia liliifloraL.” növünün Abşeron şəraitində toxumla, qələmlə çoxaldılması, dinamiki inkişafı öyrənilib və yaşlı nüsxələrdə fenoloji inkişaf fazaları üzrə müşahidələr aparılıb. Toxumlar sentyabr və fevral aylarının birinci ongünlüyündə təcrübə sahələrində xüsusi hazırlanmış substrat qarışığında 1,5-1,8 santimetr dərinliyində səpilib. Fevralda səpilmiş toxumlar ultrabənövşəyi şüalar altında saxlanılıb və səpilmiş toxumlardan aprelin 3-cü ongünlüyündə cücərtilər müşahidə edilib. Ləpə yarpaqları cücərti müşahidə edildikdən 8-10 gün müddətində tam formasını alıb.

Tədqiqatın gedişatından məlum olub ki, səpilmiş toxumlar rütubətli torpaqlarda, günəşli yerlərdə daha tez cücərir. Bitkinin toxumla çoxaldılması xüsusi diqqət tələb edir. Buna görə də Abşeron şəraitində toxumla çoxaldılma zamanı aşağıdakı qanunauyğunluqlara riayət edilməsi yüksək cücərti almağa imkan yaradar. Toxumlar yığılan kimi qozalardan ayrılır və suyun içinə salınır, bir gün suda saxlanıldıqdan sonra toxum üst qabığından təmizlənib bir qismi əkilmiş, bir qismi isə müvafiq temperaturda 3-6 ay saxlanıldıqdan sonra yazda səpilib. Toxumların səpildiyi sahə küləkdən mühafizə olunub.

Qeyd edilib ki, Zanbaqçiçək maqnoliyanın qələm vasitəsilə çoxaldılması üzrə tədqiqat işi isə yazda aparılıb. Vegetativ çoxaldılmada qələmlər zoğ və gövdə ətrafı pöhrələrdən 12-15 santimetr uzunluğunda kəsilib, üzərindəki yarpaqlar saplaq hissədən qopardılıb, zoğun ucundakı yarpaqlar isə yarıdan kəsilib. Tədqiqat nəticəsində məlum olub ki, yeni əkilmiş qələmlər bol suvarılmaya ehtiyac duyurlar. Magnolia cinsinə aid olan “Magnolia grandiflora L. L. – İriçiçək Magnoliya” növüdür. Bitki vətənində hündürlüyü 30 metrə, diametri isə 10 metrə çatır. Tam yetişmiş toxumlar qırmızı tellərdən asılmış olur. İşıqsevən bitkidir, quraqlığa davamsızdır. Azərbaycanda, Bakıda, Gəncədə, Lənkəranda, Zaqatalada mədəni şəraitdə becərilir. “Maqnolia grandiflora” toxum və qələm vasitəsilə çoxaldılır. Toxum vasitəsilə çoxaldılan zaman toxumlar toplanan kimi və ya 4 dərəcə temperaturda 3-6 ay saxlanıldıqdan sonra yazda əkilməlidir. Bitki toxum vasitəsilə çoxaldılan zaman xüsusi diqqət tələb edir. Bu növün qələmlə çoxaldılması ən çox yazda yaşıl növlərə tətbiq edilir. Bitkidən qələm götürən zaman təzə iti kəsicidən ya da spirt məhlulunda təmizlənmiş kəsicidən istifadə olunmalıdır. Qələmləri günəş şüalarından və küləkdən qorumaq lazımdır.

Magnolia fəsiləsinin Liriodendron cinsinə aid olan “Liriodendron tulipifera” növü də yaşıllaşdırmada əvəzsiz növlərdən biridir. Sarı çiçəkləri olan “Liriodendron tulipifera L” növü tədricən Abşeron şəraitinə uyğunlaşdırılıb. Dinamiki inkişafının təhlilində alınmış nəticələr əsasında boy artımının vətəndən fərqli olaraq 2 dəfədən az olması aşkar edilib. Növə mühit amillərinin, o cümlədən günəşin, quraqlığın, küləyin təsir dərəcələri və torpağın xüsusiyyətləri də çiçəkləməsinə, boy artımına müxtəlif formada təsir etmişdir.

Pərvin Şıxəliyeva bildirib ki, tədqiqat işində tülpan ağacı növünün Abşeron şəraitində ilk dəfə olaraq qələmlə çoxaldılması da öyrənilib. Payızda və yazda 12 -20 santimetr olan qələmlər hetroksin məhlulunda 12-14 gün saxlanılmış yan köklər əmələ gəldikdən sonra xüsusi hazırlanmış substratlı torpaqda əkilib. Tumurcuğun şişməsi aprel ayının ikinci ongünlüyündə, çiçəkləmə may ayının birinci ongünlüyündən iyunun üçüncü ongünlüyünədək davam edib. Vegetasiyanın sonunda illik boy artımı 24-32 santimetrə çatıb. Meyvə əmələgətirmə baş verməyib. Tədqiq olunan növ Abşeronun sərt şaxtalarına davamlı olub, bəzi cavan nüsxələrdə yerüstü hissəsi məhv olmasına baxmayaraq yazda yenidən bərpa olub. Növ dekorativ əlamətlərinə: çiçəyinə, çətirinə görə qruplaşdırılıb, park və bağlarda tək və qrup əkinlərində, müxtəlif kompozisiyaların qurulmasında istifadəsi tövsiyə edilib.

 

 

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN