AMEA-nın Dendrologiya İnstitutunun əməkdaşları tərəfindən iqlim dəyişmələrinin  Azərbaycanın meşə landşaftlarının bioloji müxtəlifliyininə təsirini öyrənmək üçün meşə landşaftlarının bioloji müxtəlifliyinin monitorinqi aparılır

AMEA-nın Dendrologiya İnstitutunun “Bitki mühafizəsi” laboratoriyasının əməkdaşları tərəfindən iqlim dəyişmələrinin  Azərbaycanın meşə landşaftlarının bioloji müxtəlifliyininə təsirini öyrənmək üçün meşə landşaftlarının bioloji müxtəlifliyinin monitorinqi aparılır. Tədqiq olunan növlərin  taksonomik strukturunun analizi, bu növlərin iqlim dəyişkənliyi şəraitində kateqoriya və statusunun qiymətləndirilməsi, inkişafda olan təhlükəsiz və həssas növlərin müəyyənləşdirilməsi, GİS xəritələşdirmə, riyazi modelləşdirmə əsasında proqnozların verilməsi kimi elmi-fundamental araşdırmalar təhlil edilir.

Meşə landşaftlarının flora müxtəlifliyi üzrə tədqiqatların ilk nəticələrində ölkəmizin meşə landşaftlarında 96 fəsiləyə aid 749 bitki növünün taksonomik strukturu, bioekoloji xüsusiyyətləri, iqlim dəyişkənliyi şəraitində rezistentliyi müəyyənləşdirilmiş, fotomateriallar toplanmışdır.

Landşafta əsasən  düzənlik, dağlıq, arid və tuqay meşələrində  Rosaceae (Gülçiçəklilər), Asteraceae (Asterçiçəklilər), Labiatae  (Dodaqçiçəklilər), Orchidaceae (Səhləbçiçəklilər), Cyperaceae (Cilçiçəklilər), Fabaceae (Paxlalılar), Apiaceae (Çətirçiçəklilər), Poaceae (Taxıllar), Ranunculaceae (Qaymaqçiçəklilər), Boraginaceae (Göyzəbankimilər) fəsilələrinə aid 155 cins, 452 növ aşkar edilmişdir. Məlum olmuşdur ki, zəngin cins və növ müxtəlifliyinə malik olduqlarından bu növlər Azərbaycanın meşə landşaftları florasının inkişafda olan, təhlükəsiz növlərdir.

Carex (Cil), Crataegus (Yemişan), Hieracium (Qırğıotu), Pyrus (Armud) Lathyrus (Gülülcə), Oxytropis (İtiqayıq) və Malus (Alma), Prunus (Gavalı), Viola (Bənövşə) cinsləri zəngin növ müxtəlifliyinə (8-32) malikdir. Bu cinslər də Azərbaycanın meşə landşaftları florasının inkişafda olan, təhlükəsiz və iqlim dəyişmələrinə qarşı dayanıqlı cinslər hesab edilir.

Araşdırmalar göstərir ki, meşə landşaftlarında 1-2 cins və ya növlə təmsil olunan fəsilələr də vardır. İnstitutun mütəxəssislərinin qənaətinə görə Alismataceae (Süsənbərçiçəklilər), Aquifoliaceae (Şümşəkimilər), Balsaminaceae (Balzaminkimilər), Buxaceae -(Şümşətçiçəklilər) Cannabaceae (Kənafkimilər), Caryophyllaceae(Qərənfilçiçəklilər) və s. fəsilələr (ümumçilikdə 42 fəsilə) Azərbaycanın meşə landşaftlarında zəif və həssas hesab olunur.

Bu fəsilələr çox az sayda növlərlə təmsil olunduqlarından, iqlim dəyişmələri şəraitində mühitin əlverişsiz olması, bu növlərin məhv olması, floradan bütöv cins və fəsilənin silinməsinə səbəb ola bilər. Bu növlərin status və kateqoriyası müəyyən edildikdən sonra onların park və bağlarda çoxaldılması haqqında tövsiyələrin hazırlanması nəzərdə tutulur.

Hal-hazırda İnstitutda “Azərbaycanın meşə landşaftlarının bioloji müxtəlifliyinin taksonomik analizi (flora)” monoqrafiyasının və “Azərbaycanın meşə landşaftları flora atlası”-nın hazırlanması və nəşri üzrə işlər davam etdirilir.

 

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN