23 mart – Ümumdünya Meteorologiya Günüdür

Bu gün sürətli iqlim dəyişikliyi bəşəriyyətin rastlaşdığı ən ciddi ekoloji problemlərdən biridir. Son onillik ərzində toplanmış statistik məlumatlar göstərir ki, bütün təbii fəlakətlərin 80%-dən çoxu meteoroloji və ya hidroloji mənşəyə malikdir.

Hava şəraitini idarə etmək mümkün olmasa da, mütəmadi olaraq müşahidələrin aparılması və öncədən verilən dəqiq proqnoz və xəbərdarlıqlar nisbətən əlverişli və təhlükəsiz həyat üçün zəmin yarada bilir. Bununla da təbii fəlakətlərin təsirlərinin nisbətən azaldılması məqsədilə iqtisadiyyatın bütün sahələrində keyfiyyətli hidrometeoroloji xidmətə təlabatın artması müşahidə olunur. Bu baxımdan hidrometeorologiya xidmətlərinin rolu əvəzsizdir.

Hər il 23 mart tarixi meteorologiya sahəsinə diqqət çəkmək üçün Ümumdünya Meteorologiya Təşkilatı və ona üzv olan 192 ölkədə Ümumdünya Meteorologiya Günü kimi qeyd edilir.

1961-ci ildən qeyd olunmağa başlayan bu əlamətdar günün hər il bir deviz altında keçirilməsi artıq ənənəyə çevrilib. 2020-ci ilin ümumi mövzusu “iqlim və su” iqlim və su ilə əlaqədar təqdim olunan məlumatların sosial-iqtisadi sektorlar üçün müstəsna rolunu göstərmək məqsədilə seçilib.

Qeyd edək ki, 1873-cü ilin sentyabrında Vyana şəhərində yaradılmış Ümumdünya Meteorologiya Təşkilatı ən qədim beynəlxalq müəssisələrdən biri olan Beynəlxalq Meteorologiya Təşkilatının sələfi, 1951-ci ildən Birləşmiş Millətlər Təşkilatının Xüsusi Agentliyidir. 

Azərbaycan isə ümummilli lider Heydər Əliyevin 3 sentyabr 1993-cü il tarixli Qərarı ilə Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyasına qoşulub. Ölkəmiz bu Konvensiyadan irəli gələn bütün tələblərə əməl edərək, məlumatların beynəlxalq və regional mübadiləsini həyata keçirir, təşkilatın qəbul etdiyi qərarları icra edir.

Hazırda ölkənin hidrometeoroloji şəbəkəsi 82 stansiya və 97 məntəqədən ibarətdir. Hidrometeorologiya xidmətinin əsas vəzifələri hidrometeoroloji proseslərdən dəyən zərərləri minimuma endirmək üçün atmosfer və hidrosfer üzərində qlobal müşahidə sistemlərini gücləndirmək, burada baş verən dəyişmələri proqnozlaşdırmaq və bununla da sabit iqtisadi inkişafa xidmət etməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN