AMEA-da Strasburq Universitetinin nümayəndələri ilə görüş keçirilib

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Fransanın Strasburq Universitetinin rektoru Mişel Denekenin rəhbərlik etdiyi nümayəndə heyəti və Fransanın Azərbaycandakı səfiri Zakari Qros ilə görüşüb.

Görüşdə akademik Ramiz Mehdiyev AMEA-nın tarixi inkişaf yolu və bu elm ocağında aparılan elmi-tədqiqatlar barədə qonaqlara məlumat verib. AMEA-nın elmi bölmələrində həyata keçirilən işlərdən danışan alim burada elmin müxtəlif sahələrini əhatə edən prioritet istiqamətlərdə tədqiqatların aparıldığını bildirib.

Akademik Ramiz Mehdiyev qeyd edib ki, son illər AMEA-da beynəlxalq elmi əlaqələr daha da inkişaf etdirilir, dünyanın bir çox ölkəsinin elm və təhsil müəssisələri ilə əməkdaşlığa dair sənədlər imzalanır. AMEA rəhbəri Azərbaycanla Fransa arasında dostluq əlaqələrinin qədim tarixi köklərə malik olduğunu deyərək, bu əlaqələrin davamı olaraq iki ölkə arasında elmi əməkdaşlığın genişləndirilməsi, müvafiq sahələr üzrə kadr və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb. 

Strasburq Universitetinin rektoru Mişel Deneken AMEA ilə əməkdaşlığın təşkilində maraqlı olduqlarını bildirib. O, rəhbərlik etdiyi müəssisənin dünyanın bir çox ölkəsində nümayəndəliyinin olduğunu deyib.

Mişel Deneken iki qurum arasında əməkdaşlığın faydalarından söz açıb, bu əlaqələrin bütövlükdə Fransa-Azərbaycan elmi münasibətləri üçün böyük əhəmiyyətə malik olduğunu bildirib.

Fransanın ölkəmizdəki səfiri Zakari Qros isə çıxışında Strasburq Unversitetinin bir qrup aliminin Bakıya səfərinin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib. Səfir bu görüşün elmi əlaqələrin daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib.

Akademik Ramiz Mehdiyev AMEA-nın institut və təşkilatları ilə Fransanın elmi mərkəzləri arasında əlaqələrin davam etdiriləcəyini, perspektiv əməkdaşlıq imkanları istiqamətində bundan sonra da müzakirələr aparılacağını vurğulayıb.

Sonda AMEA və Strasburq Universiteti arasında əməkdaşlıq sazişinin imzalanmasına dair razılıq əldə olunub. 

Görüşdə AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyliİbrahim Quliyev, Fransa səfirliyinin müşaviri Jerom Kel, Strasburq Universitetinin strategiya və inkişaf üzrə vitse-prezidenti Kristel Roy, Fransa-Azərbaycan Universiteti (UFAZ) üzrə əlaqələndirici Jan-Mark Planeks, UFAZ-ın direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi Şarlotte Payen, Fransa səfirliyinin əməkdaşı Qəmər Əfqani də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN