AMEA Dendrologiya İnstitutunun əməkdaşları Konfransda iştirak ediblər.

Gəncə Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda 10-dan çox ölkənin nüfuzlu universitetlərinin, qabaqcıl elmi-tədqiqat mərkəzlərinin görkəmli alimləri elmi məruzələrlə çıxış ediblər.

Konfransın keçirilməsində məqsəd müasir təbiət və iqtisad elmlərinin ali təhsil mühitində tədrisini və tədqiqini, həmçinin bu sahədəki qlobal meyilləri və dəyişən paradiqmaları birgə müzakirə etməkdir. Bununla yanaşı, konfransda post-neft dövründə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, biliyə əsaslanan iqtisadiyyatın qurulması, innovativ cəmiyyətin təşkili, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafının təmin edilməsi, ümumilikdə isə rəqabətqabiliyyətli və davamlı iqtisadi inkişafa nail olunması yolları alimlər tərəfindən aparılan birgə elmi müzakirələrin mövzusu olub.

Əvvəlcə konfrans iştirakçıları Gəncə şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.

Universitetin 5-ci tədris korpusunda keçirilən konfrans Dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib, ümummilli lider Heydər Əliyevə həsr olunan film izlənilib.

Konfransda çıxış edənlər ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətindən, xüsusən onun rəhbərliyi dövründə respublikamızda elm və təhsilin inkişafı istiqamətində görülmüş çoxsaylı işlərdən danışıblar.

Bildirilib ki, bütün fəaliyyəti xalqa xidmətlə bağlı olan Ulu Öndər hələ vəzifədə olduğu sovet hakimiyyəti illərində respublikamızın elmi potensialının yüksəldilməsi üçün böyük işlər görüb. Respublikamızda, eləcə də Gəncə şəhərində çoxsaylı ali və orta ixtisas təhsili müəssisələri, elmi-tədqiqat institutları fəaliyyətə başlayıb, mövcud təhsil müəssisələrinin infrastrukturunun genişləndirilməsi və maddi-texniki bazasının zənginləşdirilməsi üçün əməli işlər həyata keçirilib. 1970-1980-ci illərdə ilk dəfə olaraq respublikamızdan hər il yüzlərlə gənc ali təhsil almaq üçün Sovet İttifaqının müxtəlif ali təhsil müəssisələrinə göndərilib.

Vurğulanıb ki, bir zamanlar Ulu Öndərin təşəbbüsü ilə Sovet İttifaqının ən qabaqcıl universitetlərində təhsil alan gənclər Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkəmizdə milli dövlətin qurulmasında kadr potensialının əsasını təşkil edib, dövlətçilik işinə özlərinin ümumi töhfələrini veriblər.

Qeyd edilib ki, dünya miqyaslı siyasətçi, işıqlı və parlaq şəxsiyyət olan Heydər Əliyevin əziz xatirəsi onun qurub yaratdığı müasir Azərbaycanın hər bir guşəsində, o cümlədən qədim elm və mədəniyyət mərkəzi Gəncə şəhərində də əziz tutulur. Məhz, hər il Gəncə şəhərində Ulu Öndərin anadan olmasının ildönümü münasibətilə ayrı-ayrı universitetlər və elm mərkəzlərində beynəlxalq elmi nəzəri və praktik konfranslar, simpoziumlar, elmi müzakirələr təşkil olunur.

Konfransda çıxış edən Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə istər sovet hakimiyyəti illərində, istərsə də respublikamız müstəqilliyini bərpa etdikdən sonrakı illərdə ali təhsil müəssisələrində mütəxəssis hazırlığı, xüsusən də yüksək ixtisaslı pedaqoji kadrların hazırlığı istiqamətində görülmüş işlərdən danışıb.

“Ümummilli lider Heydər Əliyev deyirdi: Həqiqi müəllim olmaq cəmiyyət üçün çox şərəfli peşədir. Doğrudan da mən cəmiyyətdə müəllimdən yüksək ad tanımıram”. Bu fikirlər yalnız bir siyasətçinin deyil, həm də böyük bir dövlət xadiminin müəllim peşəsinə verdiyi böyük dəyərin ifadəsidir”, — deyə Yusif Yusibov qeyd edib.

Rektor bildirib ki, Ulu Öndərin xatirəsi Gəncə Dövlət Universitetinin çoxminli kollektivi tərəfindən daim əziz tutulur. Hər il GDU-da dahi öndərin adı ilə bağlı olaraq çoxsaylı elmi nəzəri, praktiki konfranslar, simpoziumlar, disputlar, sərgilər və xatirə gecələri təşkil olunur.

Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə GDU-da keçirilən beynəlxalq konfransın sayca altıncı olduğunu deyən Yusif Yusibov bildirib ki, bir neçə ölkədən çoxsaylı xarici qonağın iştirakı əvvəlki illərdə olduğu kimi, bu il də konfransa böyük maraqdan xəbər verir.

İki gün davam edəcək konfrans beş istiqamətdə, on yeddi bölmədə fəaliyyət göstərəcək. Konfransın gedişində ayrı-ayrı bölmələrdə 600-dən çox elmi məruzə dinlənilib
Konfransda AMEA Dendrologiya İnstitutunun əməkdaşlarıda iştirak ediblər.

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN